Məni kövrəldən təkcə vəfasız illər deyil, həm də
diqqətsizlikdir. Hamı həm əməkdar, həm xalq artistidir. Mənimsə heç
fəxri diplomum da yoxdur.
Axar.az xəbər verir ki, bu sözlərin "Ulduz" filminin Naziki
aktrisa Məleykə Ağazadə deyib.
86 yaşlı Nazik afn.az-a geniş müsahibəsində ona olan ögey
münasibətdən gileylənib:
"Sənət yoldaşlarımın hamısı zəng edir, axtarır məni desəm, yalan
olar. Ümumilikdə götürəndə zəng edənlər arasında jurnalistlər
üstünlük təşkil edir. Bu günlərdə Nuriyyə Əhmədova zəng edib,
maraqlanmışdı. İncidiyim sənət yoldaşlarım var.
Bir sənət yoldaşım məni tanımaya-tanımaya bu günlərdə müsahibə
vermişdi ki, Məleykə xanım təkcə "Ulduz" filminə çəkilib, sonradan
həyat yoldaşı onu işləməyə qoymayıb.
Onlar hansı filmdə çəkiliblər, görəsən? Soruşsan, elə rəqəm
deyərlər ki, heç o qədər film çəkilməyib.
Bu gün yalnız övladlarım və ailəm mənim yanımdadır. Teatrı
atdığıma görə heç heyfsilənmirəm. Çünki 15 il səhnədə yalnız əsas
rollarda oynamışam".
Onun sözlərinə görə, tamaçılar onu Nazik kimi tanıyır: "Amma
"Onu bağışlamaq olarmı","Var olun, qızlar", "Həyat gözəldir,
qardaşı", "Qəribə əhvalat" və başqa filmlərdə çəkilmişəm.
Bizim xalq komediyanı çox sevir. Görünür, ona görə bu gün də
Nazik onların yadından çıxmır. Bu gün də "Ulduz" filmini göz
yaşlarımla izləyirəm".
M.Ağazadə həmin filmin çəkilişləri zamanı baş verən maraqlı
hadisədən danışıb:
"Mənim Hacıbaba Bağırovla tvist oynadığım səhnə, yəqin ki,
yadınızda qalıb. Bu səhnə çəkiləndə böyük oğlum çəkiliş
meydançasında idi. Kənardan dayanıb diqqətlə bizə baxırdı.
Mən oynayanda o da rəqs edirdi. Hər dəfə də oynayıb kadra
düşürdü, hər şeyi korlayırdı. Hava da çox isti idi, rejissor məcbur
olub bu hissəni yenidən çəkirdi.
Üç dəfə "stop" deyiləndən sonra nəhayət ki, bu yer çəkildi.
Kiçik oğlum da quyudan su çıxarılan vedrə ilə o qədər su çıxardı
ki, vedrə başına dəydi, huşunu itirdi".