1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis
əməkdaşı Franklin Uinborn qoburu sol tərəfində daşıdığından
rəhbərlik onu işdən çıxarır.
F.Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən
asırdı. Halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində
daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə
işdən çıxarılması Amerikada ciddi əks-səda doğurur. Amerikalı
solaxaylar F.Uinbornun müdafiəsi ilə bağlı mitinqlərə başlayandan
sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa
edilməsinə dair qərar çıxarmağa məcbur olur.
Bu hadisə dünya solaxaylarının mubarizə əzmi kimi tarixə keçib.
Hal-hazırda bütün dünya hər ilin 13 avqustunda Beynəlxalq
solaxaylar gününü qeyd edir. Tarix boyu onlar cəmiyyət tərəfindən
normal qəbul olunmayıblar, muəyyən vasitələrlə basqılara məruz
qalıblar. Cadugərlikdə, iblislə əlaqədə olmaqda suçlanıblar. Bu
günün özündə belə, eyni situasiyalara rast gəlmək mümkündur.
Aşagıdakı yazımda cəmiyyətdə belə baxışların mövcudluq səbəblərini
dində, dildə və gündəlik yaşamda arasdırmağa çalışmışam.
Solaxaylığa dinin baxışı:
Həm xristianlıqda, həm də islamda sol tərəf həmişə ikinci
plandadır. Sola münasibət heç də birmənalı deyil. Məsəlçün, dində
insanın əməl dəftərindən bəhs edilərkən yaxşılıqları yazan mələyin
sağ çiynimizdə, pislikləri yazan mələyin isə sol tərəfimizdə yer
aldığı bildirilir. Həmçinin Qurani-Kərimdə əməl dəftəri sağdan
verilənlər təriflənir, soldan verilənlərsə pislənir. Namazda da
birinci sağ çiyinə, sonra sol çiyinə salam verilir. Bundan başqa,
din təmizlik məslələrində də (qusul qaydalarında birinci sağ
tərəfin yuyulması, təharət işlərində isə sol əldən istifadə
olunması və s.) sağ və sol arasında bir fərq qoymaqdadır.
Başqa bir misal: Din müqəddəs məkanlara daxil olarkən birinci
sağ ayağın atılmasını buyurarkən çıxış zamanı soldan istifadəni
onərir. Tualetlərdən istifadə zamanı isə əksinə, daxil olarkən sol,
çıxarkən sağ. Dəstəmaz alınmasında da belə, yenə sağ soldan
qabağdadır. Ərəb dilində sözlər sağdan sola yazılar. Hətta bəzi
dini fikirlərdə sol tərəfdən istifadənin şeytana xas xüsusiyyət
olması söylənilir. Bu misalları uzatmaq da olar. Amma məncə, demək
istədiyim aydındır artıq.
Solaxaylıq dildə
Sağ və sol məsələsinə mənfi münasibət dilimizdəki anlayışlara
belə təsirsiz ötüşməyib. "Allah sağ gözü sol gözə möhtaç etməsin",
"sağ əlin verdiyini sol əlin görməsin" kimi deyimlər bu fərqi
açıq-aşkar gözlər önünə sərir. Başqa misallara da baxaq:
İnsanlar bir-birinin sadiq köməkçilərinə "sağ qolum"
deyərlər.
Anadolu tərəflərdə kiminsə işi düz gedərsə, "sağ tərəfındən
qalxmışdır" deyildiyi halda, işi tərsinə gədənə "sol tərəfındən
qalxmışdır" deyilər. Çox qəribədir ki, dünya və kainatdakı hər şey,
bütün planetlər, ulduzlar, hətta qalaktikalar, həmişə sağdan sola
doğru hərəkət edirlər. Sanki, təbiət də üstünlüyü sağa verib.
Gündəlik yaşamda sola münasibət
Əvvəla onu deyim ki, insanlar arasında solaxayların bir neçə il
az ömür sürməsi fikri mövcuddur. Amma bəzi solaxayların (Pablo
Pikasso - 92 yaş, Mikelancelo - 89, Çarli Çaplin - 88, Qreta Qarbo
- 85, Bencamin Franklin - 84, Kari Qrant - 84, Mark Tven - 75)
həyatda yaşam sürəsinə baxınca, bu fikrin həqiqətə uyğunluğu şübhə
altına alınmış olur. Solaxaylığın yaranma səbəblərinə gəlincə isə
söyləyək ki, hələ buna tam aydınlıq gəlməsə də, bəzi araşdırmaçılar
bunun beyinlə əlaqəli bir şey olduğu fikrinə gəlirlər. Yeri
gəlmişkən, söyləyək ki, sol əllilik və solaxaylıq eyni mənalı
ifadələr deyil. Solaxaylıq solqulaqlıq, sol ayaqlıq və sol
gözlülükdür. Sol əllilik isə təkcə sol əldən istifadədir. İnsanda
hansı tərəfin dominantlıq təşkil etməsi uşaq vaxtdan görsənir. Bunu
bir neçə vasitələrlə aşkara çıxarmaq mümkündür. Məsələn, klinik
psixoloq doktor Teodor Blauya görə, solaxaylığı aşkara çıxarmaq
üçün aşağıdakı metodu önərir:
"Kağıza bir "x" hərfi cızın. Sonra da "x"nin ətrafına dairələr
cizin. 1 dəfə, 3 dəfə, 5 dəfə... etdizmi? Yaxsı bəsdir...
İndi durun və "x"nin ətrafına cızdığınız dairələrə bir baxın.
Dairələri saat yönünün tərsinə cızmısınızsa, böyük ehtimalla siz
solaxay deyilsiniz!"
Solaxaylığın müəyyən olunması ilı bağlı "New England Journal of
Medicine" dərgisinin də bir yayımı var. Belə ki, burda yayımlanmış
araşdırmaya görə baş barmaqlarımızdan birinin dırnağı digərinə
nisbətdə daha böyük və genişdir. Bu dirnağ hansı əlinizin baş
barmağındadırsa, demək, dominant əliniz odur.
Solaxayların gündəlik həyatda bəxtləri heç də həmişə gətirməsə
də, musiqi, sənət, elm, siyasət və idman kimi sahələrdə
üstünlüklərinin olduqca yaxşı olduğu söylənilir. Bu da onların
(məşhur solaxaylar: Aristotel, Leonardo Da Vinçi, Bethoven,
Motsart, Fidel Kastro, Napoleon, Barak Obama, Merlin Monro,
J.Lopez, Çarli Çaplin, A.Eynşteyn, Bill Qeyts və s.) hər iki beyin
yarımkürələrini işlədə bilmələri ilə izah olunur. Adətən, hər şey
sağ əlini istifadə edən insanlar üçün istehsal olunduğundan, sağlar
sol əllərindən lazım olmadıqca istifadə etmirlər. Bu da onların sol
beyin yarımkürəsinin passiv vəziyyətə keçməsinə səbəb olur. Amma
solaxaylarda belə deyil. Sol tərəfdən təbii olaraq istifadə
etdiklərindən sağ tərəfdən də gündəlik yaşamda məcbur istifadədən
onların hər iki beyin yarımkürəsi aktiv durumda olur. Bəlkə də
budur onları zəkalı edən.
Bir şeyi də oxucuların diqqətinə çatdırım: əgər siz də sol
tərəfdən az istifadə edirsizsə, demək, beyninizin daha yaxsi
işləməsinə mane olursuz. Bu gündən başlayaraq sağ əlinizə
yüklədiyiniz işlərin bir qismini sol əlinizə həvalə edin. Məsələn,
elə ilk olaraq sol əlinizlə yazılar yazmağa başlaya bilərsiz. Bunu
valideynlər də nəzərə alsalar, yaxsı olar. Məlumdur ki, beynin sol
yarımkürəsi dil-riyaziyyat və rasional düşüncəyə, sağ yarımkürə isə
əsasən yaradıcılıq və emosionallığa bağlıdır.