Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin reallaşdırdığı strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Ölkəmiz ikitərəfli münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, ölkəmizin xarici siyasətində Müqəddəs Taxt-Tacla münasibətlər xüsusi yer tutur:
“Eyni zamanda, Müqəddəs Taxt-Tac da Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Bugünlərdə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadın ölkəmizə səfəri də bunun göstəricisidir. Prezident İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib. Söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunulub”.
Millət vəkilinin sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi, Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir:
“Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur. Ölkəmizdə katolik icmasının nümayəndələri də sülh, təhlükəsizlik və mehriban birgəyaşayış şəraitində yaşayırlar, fəaliyyət göstərirlər. Buna nümunə kimi, 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını da göstərmək olar. 2012-ci ildə isə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. Bu, Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2016-cı ildə isə Roma Papası Fransisk ölkəmizə səfər etmiş, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdü. Səfər zamanı Prezident İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışları zamanı çox mühüm məqamlara toxunmuşdular”.
Samir Vəliyev qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Vatikanda da müsbət qiymətləndirilir:
“Bu da təsadüfi deyil, çünki Fond genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir. Azərbaycanın müxtəlif guşələrində məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir - bərpa edilir, yenidən qurulur. Bu prosesdə Heydər Əliyev Fondunun fəal rol oynaması isə xüsusi qeyd edilməlidir. Fondun tolerantlıq prinsipinə və multikultural dəyərlərə əsaslanan bu cür tədbirləri - sistemli fəaliyyəti respublikamızın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır, bir çox ölkələri əhatə edir”.
Millət vəkili, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri, cənab İlqar Muxtarovun diplomatik fəaliyyətini də xüsusi qeyd edib.
Onun fikrincə, səfirimiz əlaqələrin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və Azərbaycanla Vatikan arasında olan bugünkü əlaqələrin bu cür formalaşmasında da cənab səfirin xüsusi xidmətləri vardır.
“Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, o cümlədən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına xidmət etməklə, dövlətimizin imicini möhkəmləndirməklə yanaşı, ölkəmizə beynəlxalq miqyasda mənəvi-siyasi dəstəyi gücləndirir”, - deyə deputat vurğulayıb.