Bu gün Suriyanın keçmiş lideri, hazırki Prezident Bəşər
Əsədin atası Hafiz Əsədin ölkədə təşkil etdiyi hərbi çevrilişdən 46
il ötür.
Axar.az Yaxın Şərqdə təxminən yarım əsrdir davam edən ailə
hakimiyyətinin əsasını qoymuş bu şəxsin fəaliyyətini diqqətə
çatdırır:
Hafiz Əsəd 6 oktyabr 1930-cu ildə anadan olub. O, 1955-ci ildə
Xüms Hərbi Akademiyasını pilot ixtisası üzrə bitirib, 1958-ci ildə
ixtisasını təkmilləşdirmək üçün SSRİ-yə göndərilib. H.Əsəd burada
kurs keçib ölkəyə qayıtdıqdan qısa müddət sonra hərbi hava
bazalarından birinin rəhbərliyinə gətirilib. Lakin gənc hərbçi
Suriyanın Birləşmiş Ərəb Cümhuriyyətindən geri çəkilməsinə qarşı
çıxdığı üçün 1961-ci ildə Silahlı Qüvvələrdən xaric edilib. Bundan
sonra ata Əsəd BƏƏS Partiyasının hərbi qanadında mühüm vəzifə tutub
və 1963-cü ildə baş verən silahlı çevrilişdə böyük rol oynayıb.
H.Əsəd 1965-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı, 1 il
sonra isə müdafiə naziri postuna təyin olunub. 1969-1970-ci illərdə
BƏƏS Partiyasında baş verən çəkişmələrin mərkəzində dayanan Əsəd,
nəhayət, 13 noyabr 1970-ci ildə qan tökmədən silahlı çevriliş
edərək hakimiyyətə gəlib. 1971-ci ildə keçirilən prezident
seçkilərində uğur qazana bilib.
***
Hafiz Əsəd hakimiyyətə gəldikdən sonra ərəb dövlətləri ilə
əlaqələri genişləndirməyə başladı. İsrailə qarşı sərt siyasət
yürüdən Əsəd qısa zaman ərzində bölgədə əsas söz sahibinə çevrildi.
Ayrıca o, İraqdakı BƏƏS Partiyası ilə gərgin siyasi konfliktini də
davam etdirməyi unutmurdu. H.Əsəd 1973-cü ildə İsrailə qarşı
müharibə elan edən Misirə ciddi dəstək verdi. Lakin müharibə
bitdikdən sonra danışıqlar mövzusunda Qahirə ilə yaranan
anlaşımazlıq iki ölkə arasındakı münasibətləri korladı. 1976-cı
ildə Livandakı vətəndaş müharibəsinə son vermək üçün bu ölkəyə
qoşun yeridən Əsəd 6 il ölkənin böyük bir qismini işğal altında
saxladı. 1982-ci ildə İsrailin Livana hərbi müdaxiləsindən sonra
Suriya ordusu şimal və şimal-şərqdəki əvvəlki mövqelərinə
qayıtdı.
H.Əsəd hakimiyyətə gəldiyi ilk gündən SSRİ ilə əlaqələrə xüsusi
önəm verirdi. Təsadüfi deyil ki, 1980-ci ildə SSRİ ilə 20 illik
"Dostluq və Əməkdaşlıq", 1982-ci ildə isə İttifaqdan silah və hərbi
texnika almağı nəzərdə tutan müqavilələr imzaladı. Onun 1984-cü ilə
Moskvaya səfəri bu əlaqələri daha da möhkəmləndirdi.
Hafiz Əsədin daxili siyasəti də kifayət qədər radikal idi. O,
hakimiyyətdə qalmaq üçün minlərlə dinc sakinin ölüm əmrini
verməkdən belə çəkinməyib. H.Əsəd ölkə içindəki Müsəlman Qardaşları
təşkilatına qarşı amansız mübarizə aparırdı. Təşkilatın Həma
şəhərindəki üzvlərini tutmaq üçün 2 fevral 1982-ci ildə şəhərin
bombardman edilməsinə belə göstəriş vermişdi. Ehtimallara görə 7–40
min insan bombardman nəticəsində həlak olmuşdu. "Həma qırğını" kimi
tarixə düşən bu hadisə haqda Suriya hökuməti heç vaxt rəsmi
açıqlama verməyib.
1979-cu ildə ərəb ittifaqı qurmaq cəhdləri uğursuzluqla
nəticələndikdən sonra İraqla münasibətlər qaydasında getmirdi.
1982-ci ildə Suriya-İraq sərhədindəki Bağdada məxsus bir neft
borusunun bağlanması iki ölkə arasındakı münasibətləri daha da
gərginləşdirdi. Bu səbəbdən H.Əsəd İran-İraq müharibəsində
birincinin tərəfini saxladı.
1991-ci ildə Körfəz müharibəsində koalisiya qüvvələrinə verdiyi
dəstək isə H.Əsədi Yaxın Şərqin ən güclü liderinə çevirdi.
Maraqlıdır ki, H.Əsəd 1980-ci illərin ortalarından başlayaraq,
Qərblə yaxınlaşmaq xəttini tutdu. O, heç vaxt siyasi olaraq
tanımadığı və "sionist" adlandırdığı İsrail ilə əlaqələri
düzəltməyə can atırdı. SSRİ-nin süqutundan sonra bir müddət
beynəlxalq arenada tək qalan ərəb siyasətçi daha sonra Qərblə dil
tapa bildi.
Hafiz Əsədin Türkiyə siyasəti də kifayət qədər sərt idi. Hətta
o, 1990-cı illərdə PKK-ya açıq dəstək verirdi.
***
Hafiz Əsəd partiya və dövlət idarəçiliyini tək əldə
cəmləşdirərək, 1978, 1985, 1992 və 1999-cu illərdə 4 dəfə prezident
seçilib. O, 2000-ci ilin iyununda 70 yaşında ağ ciyər xərçəngindən
vəfat etdi.
Hafiz Əsədin ölümündən sonra prezident səlahiyyətlərini
müvəqqəti olaraq Əbdülhəlim Xəddam icra edib. Daha sonra parlament
prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaşa
endirdi və oğul Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə
ölkənin yeni prezidenti seçildi.