Yuxarı

Ankara-Bakı-İslamabad hərbi ittihaqı... – Pakistan səfiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin Axar.az-a müsahibəsi:

– Bu gün Azərbaycanla Pakistan arasında ciddi bir strateji, hərbi, iqtisadi və bütün bunlarla yanaşı qardaşlıq bağları var. Ümumiyyətlə, Pakistan-Azərbaycan qardaşlığı ənənəsini hansı tarixə dayanır?

– Pakistan və Azərbaycan xalqlarının münasibətlərinin kökü tarixin dərinliklərinə gedib çıxır. Digər tərəfdən, Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən biridir. Pakistan həm də Təhlükəsizlik Şurasında BMT-nin müxtəlif qətnamələrinin qəbul edilməsində mühüm rol oynayıb və bu da Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi üçün hüquqi baza yaradıb.

Dediyim kimi, ölkələrimiz arasında bu hörmət qarşılıqlı əlaqələr və qarşılıqlı güvənə əsaslanan uzun bir tarixə sahib bir münasibətdir. Ölkələrimizi həm də ortaq bir inanc, güclü, müstəqil və sülhsevər xalqlar kimi birgə irəliləmək və inkişaf etmək istəyi bağlayır.

– Bu gün Azərbaycanda, o cümlədən Bakının küçə və meydanlarında, hətta ayrı-ayrı evlərdə əsasən 3 bayraq yanaşıdır: Azərbaycan, Türkiyə və Pakistan bayraqları! Azərbaycanın adi vətəndaşları da Azərbaycanla bərabər, bu iki ölkənin bayrağına çox doğma yanaşır. Bizimçün maraqlıdır: İslamabadda Pakistan bayrağı ilə qoşa dalğalanan Azərbaycan bayrağı görmək olarmı?

– Həqiqətən də son bir neçə ay ərzində Bakı küçələrində, binalarda və avtomobillərdə xalqlarımız arasında dərin bağlılığı və məhəbbəti əks etdirən Pakistan bayraqlarını müşahidə etməkdən çox məmnun oldum. Sizə deyim ki, Azərbaycan bayrağı tez-tez görülməsə də, bəzən İslamabadda və digər bölgələrdəmizdə Pakistan bayrağının yanında dalğalanır və inşallah gələcək dövrlərdə iki tərəf arasında, iki xalq arasında qarşılıqlı əlaqələr daha da inkişaf etdikcə Azərbaycan bayrağını Pakistanın şəhərlərində daha sıx-sıx görəcəyik.

– Bizim sosial şəbəkələrdə XX əsrin əvvəllərində məşhur xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin Pakistandakı qardaşlarımıza 300 min ampul peyvənd göndərdiyi haqda məlumatlar yayılmışdı. Bu barədə sizin dərsliklərdə və ya kitablarınızda nəsə yazılıbmı, yoxsa bu, mifdir?

– Mən deyərdim ki, bu, birmənalı şəkildə mifdən daha artıq bir şeydir. Hacı Zeynalabdin Tağıyev haqqında çox eşitmişik və buraya gələndə anladım ki, bu məşhur xeyriyyəçi Azərbaycan cəmiyyətində böyük hörmətə sahibdir. Hekayə bugünki Pakistanda yaşayan əhalinin təxminən bir əsr əvvəl vaksinlə təmin olunması barədə olduğundan, bu, həqiqətən də fədakarlıq və qardaşlıq əlaməti kimi xarakterizə olunur. Ümid edirəm ki, ölkələrimiz COVİD peyvəndi verilməsini təmin etmək üçün də eyni ruhda əməkdaşlıq edəcək və təcrübə mübadiləsi aparacaqlar.

– Türkiyə-Pakistan-Azərbaycan arasında üçtərəfli format mövcuddur. Gələcəkdə üç ölkə arasında hərbi alyansın yaranması ehtimalı varmı? Pakistan buna necə baxır?

– Üç ölkə arasında çox güclü münasibətlər mövcuddur. Daha öncə siyasi əlaqələr, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi əlaqələrlə bağlı üçtərəfli görüşlərimiz olub. Bu əməkdaşlığı daha da gücləndirmək üçün yaxın gələcəkdə də görüşlər olacaq. Bir sözlə, üç ölkəmiz arasında çoxşaxəli münasibətlərimiz inkişaf edir. Hərbi ittifaqla əlaqəli fikrinizə gəldikdə, müxtəlif sahələrdə əməkdaşlıq etdiyimiz zaman ordu da avtomatik olaraq bu əməkdaşlığın bir hissəsinə çevrilir. Ancaq bu əməkdaşlığı “hərbi ittifaq” kimi xarakterizə etməzdim, çünki bu əməkdaşlıq digər ölkələrə qarşı deyil, əksinə, ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək və dərinləşdirmək məqsədi daşıyır.

– Dünyada onillərdir aktiv və beynəlxalq qurumların diqqətində olan münaqişələr var. Bunların sırasında Qarabağ vardı və Kəşmir də var. Azərbaycan Qarabağ konfliktini sonlandırdı və bu məqamda qardaş Pakistanı da yanında gördü. Pakistan Kəşmir məsələsində Azərbaycanın diplomatik nüfuzundan faydalanmağı düşünürmü?

– Əvvəlcə icazə verin, İkinci Qarabağ müharibəsindəki qələbəniz münasibətilə sizi bir daha təbrik edim. Azərbaycan çox böyük bir iş gördü. Əlbəttə ki, Pakistan bu mübarizədə Türkiyə ilə birlikdə Azərbaycanın yanında idi və yanındadır, hər zaman da yanında olacaq. Kəşmir məsələsinə gəldikdə, haqlı olaraq bunun Birləşmiş Millətlər Təşkilatının ən qədim gündəmlərindən biri olduğunu qeyd etdiniz. Bu problem son yetmiş ildə sağalmayan yaramızdır. Cammu və Kəşmir məsələsində göstərdikləri ardıcıl siyasi-mənəvi və Birləşmiş Millətlər Təşkilatı və İƏT də daxil olmaqla, müxtəlif beynəlxalq forumlarda diplomatik dəstəyinə görə Azərbaycana minnətdarıq. Azərbaycan işğal altında olan Cammu və Kəşmir xalqına dəstək olaraq açıq, güclü və birmənalı bəyanatlar verib. Əlbəttə, Kaşmir xalqının mübarizəsi həlledici mərhələyə qədəm qoyduğu bir dövrdə davamlı və daha güclü bir dəstəyə sahib olmaq istəyirik. İndi azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı işğal olunmuş ərazidə Kəşmir xalqı Hindistan qüvvələrinin ən qəddar basqı, ən vəhşi kampaniyası ilə qarşı-qarşıya qalır və buna qarşı mübarizə aparır. Azərbaycanın Hindistanın işğalı altındakı Cammu və Kəşmirdəki məzlum xalqa nümayiş etdirdiyi cəsarətli və ardıcıl dəstəyi, digər ölkələr, digər sülhsevər xalqlar və insan haqlarına inanan hər kəs tərəfindən təqlid edilməli olan böyük bir nümunədir. Bütün sülhsevər və insan hüquqlarına hörmət edən xalqlar həm də Hindistanın işğalı altındakı Cammu və Kəşmir xalqının qanuni mübarizəsi üçün səslərini ucaltmalıdırlar.

– Pakistan bu münaqişənin həllini necə görür? Sizcə, bu münaqişənin həllində hansısa bir beynəlxalq formata, məsələn, ATƏT-in Minsk Qrupu kimi bir formata ehtiyac varmı?

– Qarabağ məsələsinin həllində ATƏT-in Minsk Qrupunun töhfəsini və rolunu gördük. Azərbaycan 27 ildir ki, münaqişənin danışıqlar yolu ilə siyasi həllini gözləyirdi. Beynəlxalq ictimaiyyət Minsk Qrupundakı irəliləyişin çox da nəzərəçarpacaq dərəcədə effektiv olmadığını gördü. Nəticədə bu məsələ Ali Baş Komandanınız, Prezidentinizin rəhbərliyi altında Azərbaycanın cəsur qüvvələrinin hərbi gücü ilə həll edildi. Beləliklə, Minsk Qrupu təkrarlanması üçün əla bir nümunə olmaya bilər, amma Pakistan qəti şəkildə Cammu və Kəşmir mübahisələrinin BMT qətnamələrinə uyğun və sülh yolu ilə həll olunmasını arzulayır. BMT-də Cammu və Kəşmir məsələsinin necə həll olunacağından bəhs edən çox sayda, 11-dən çox qətnamə var. Bu qətnamələrin əsas cəhəti Cammu və Kəşmir xalqının öz müqəddəratını təyin etməsidir. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Kəşmir xalqına öz müqəddəratlarını təyinetmə yolu ilə gələcək talelərini həll edəcəkləri vədi verilib. Kəşmir xalqına referendum vasitəsilə Hindistana və ya Pakistana qoşulmaq istədiklərini müəyyən etmək hüququnu verən bəyannaməni Hindistan da dəstəkləyib. Odur ki, bizim yeganə istəyimiz Kəşmir xalqına referendum vasitəsilə öz müqəddəratını təyin etmək hüququnun verilməsidir. Kəşmir xalqına nə istədiyini demək hüququ verilsin və Pakistan onların istənilən qərarını hörmətlə qarşılayacaq.

– Bir neçə həftədən sonra Pakistan Kəşmir Həmrəylik Gününü qeyd edəcək. Ölkəniz üçün böyük əhəmiyyət kəsb edən bu gün Kəşmir xalqı ilə həmrəylik nümayiş etdirməklə yanaşı başqa nələri hədəfləyir?

– Hər il 5 fevralda Pakistan və dünyanın hər yerindəki Kəşmir xalqı işğal altındakı Cammu və Kəşmir xalqı ilə həmrəy olduqlarını nümayiş etdirir. Bu, Hindistanın işğalçı qüvvələri tərəfindən təzyiqlərlə üzləşmiş işğal olunmuş Kəşmir xalqının uzun mübarizəsini simvolizə edən bir gündür. Bu il xüsusilə əhəmiyyət kəsb edir, çünki 2019-cu ilin avqust ayından etibarən Hindistan qüvvələri Cammu və Kəşmir xalqının azadlıqlarını və normal yaşayışlarını boğmağa çalışır. Hindistan hökumətinin Konstitusiyanı dəyişdirərək Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdiyi və işğal altındakı Kəşmirdə çox uzun və ciddi bir karantin tətbiq etdiyi haqda, yəqin ki, məlumatlısınız. İnsanlar ibadət etmək üçün, Hindistanın təzyiqlərinə qarşı etirazlarını ifadə etmək üçün toplaşa bilməzlər. Hindistan hökuməti Kəşmir rəhbərlərini özbaşına həbs edir, gənc əhalini, uzun sürən işğaldan ötrü etiraz və məyusluqlarını ifadə etmək istəyən gəncləri fərq qoymadan öldürür. Kəşmir xalqı çəkdiyi zülmü dünyaya çatdırmaq üçün internet imkanlarından belə məhrumdur. Bu, acınacaqlı bir vəziyyətdir. Biz inanırıq ki, belə bir vəziyyətdə bütün sülhsevər ölkələr Kəşmir xalqına olan dəstəklərini ifadə edəcəklər. İnşallah, bu münasibətlə gələn ay Cammu və Kəşmir xalqına öz dəstəyimizi nümayiş etdirəcəyik və işğal altında olan Cammu və Kəşmirdəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə səsimizi çatdırmaq üçün bir çox konfrans və seminar keçirəcəyik. Beynəlxalq ictimaiyyətin vicdanını sızlatmağa çalışacağıq ki, işğal altındakı Kəşmirdə bu basqı və insan haqlarının kobud şəkildə pozulmasına qarşı səslərini ucaltsınlar.

– Açıqlamalarınızdan birində “qardaş Azərbaycanla daha yaxından müttəfiq olmalı, daha çox əməkdaşlıq etməliyik” demişdiniz. Bu istiqamətdə iki ölkə arasında hansı iqtisadi, mədəni və siyasi əməkdaşlıqların qurulması nəzərdə tutulub?

– Bəli, mədəni və insanlar arasında olan birbaşa əlaqələr ölkələrimiz arasındakı güclü və möhkəm ikitərəfli münasibətlərin vacib bir nüansıdır. Bilirsiniz ki, ortaq cəhətlərimiz çoxdur. İkimiz də müsəlman ölkəsiyik, ortaq tariximiz var, amma inkişaf etdirə biləcəyimizi düşündüyüm bir sahə də var, məsələn, hər xalqlarımızı ölkələrimizdəki mətbəx, mədəniyyət və dillərlə yaxından tanış edə bilərik. Düşünürəm ki, bunlar üzərində çalışmalı olduğumuz sahələrdir. İnsanlarımızı bir araya gətirmək üçün Bakı ilə İslamabad şəhəri, eləcə də digər şəhərlər arasında birbaşa uçuşlarımız olmalıdır. Artıq bu istiqamətdə işlər görürük və tezliklə, inşallah, çox güman ki, bu il iki ölkə arasında birbaşa uçuşlar fəaliyyətə başlayacaq. Bu isə o deməkdir ki, Bakıdan səyahətə çıxan şəxs üç saatdan da az bir müddət ərzində Pakistanda ola biləcək. Bu, mədəni qarşılıqlı əlaqələr, işgüzar qarşılıqlı fəaliyyət, ticarət və insanlar arasında birbaşa əlaqə üçün bir təkan rolunu oynayacaq. Bu, həmçiknin iki ölkə arasında turizmi inkişaf etdirəcək – 2019-cu ildə 45000-dən çox pakistanlının Bakıya səyahət etdiyini bilirsiniz. 2020-ci ildə COVİD məhdudiyyətləri səbəbindən səyahət edənlərin sayı daha az idi, lakin yeni ildə ümid edirik ki, səyahət məhdudiyyətləri götürülən kimi, çox sayda pakistanlı Bakıya və ölkənizin digər bölgələrinə gələcək və ümid edirik ki, Azərbaycan xalqı da Pakistandakı böyük turizm imkanlarından yararlanmaq istəyəcək. Ölkələrimiz arasındakı münasibətləri gücləndirmək üçün viza rejimini sadələşdirmişik. Biz turizmlə yanaşı, həm də insanların investisiya və ticarət imkanlarını qiymətləndirməsini asanlaşdırmaq istəyirik. Bu, ölkələrimizin daha güclü münasibətlər qurmasına və qarşılıqlı faydalı, çoxtərəfli ortaqlığına kömək edəcək.

– Pakistan Azərbaycanla enerji təminatı və Avropa bazarına çıxmaq istiqamətində əməkdaşlıq planlayırmı?

– Bəli, əlbəttə. Azərbaycan böyük enerji resursları, neft və qaz kimi təbii ehtiyatlarla zəngindir. Bu yaxınlarda çox böyük bir layihə – “Şahdəniz” yatağından Avropaya qaz tədarük edəcək Cənub Qaz Dəhlizi fəaliyyətə başladı. Bu, nəhəng bir layihədir və inanıram ki, SOCAR kimi təşkilatlarınızın Pakistan bazarına investisiya qoymaq üçün geniş imkanları var. Pakistan enerji çatışmazlığı olan bir ölkədir. Sənayenin ehtiyaclarını ödəmək üçün daha çox enerjiyə, daha çox neftə və qaza ehtiyacımız var və Azərbaycanın, dost, qardaş ölkəmiz olaraq, həm neft, həm də qaz tədarükündə Pakistandakı maraqlı tərəflərlə əlaqəli təşəbbüs göstərməyi yaxşı olardı. Bu cəbhədə iki tərəf arasında müzakirələrin artıq getdiyini qeyd etməkdən məmnunam. Pakistan artıq SOCAR-dan qaz alır, lakin biz hər iki tərəfə lazımi iqtisadi təkan verəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq daha uzunmüddətli bir tənzimləmə, Azərbaycandan Pakistana daha müntəzəm enerji tədarükü olmasını istərdik.

– Bildiyiniz kimi, Azərbaycanda təhsil sisteminə böyük diqqət yetirilir, ölkəmiz iqtisadiyyatını modernləşdirir və bu yeni dövrün ehtiyaclarını ödəmək bacarıqları ilə təchiz olunmuş gənc nəsil yetişdirməyə çalışır. Azərbaycanın Pakistanın öz təhsil sistemini inkişaf etdirmək təcrübəsindən öyrənə biləcəyi bir şey varmı?

– Qeyd edim ki, Azərbaycanda yaxşı təməl təhsil sistemi var, demək olar ki, yüz faiz savadlılıq dərəcəniz var, bu, çox yaxşı bir şeydir. Ancaq ölkədə sadəcə savadlı insanların olması kifayət deyil. Bu gün dünyada bilik iqtisadiyyatının inkişaf etdiyi bir zamandır. Beləliklə, 21-ci əsrdə tərəqqi, firavanlıq və inkişaf üçün xalqınızı dünyanın ən son elmi nailiyyətlərinə uyğun müasir bir texnoloji təhsillə təchiz etmək lazımdır. Sizinlə razıyam ki, bu, Pakistan və Azərbaycanın bir-birini tamamlaya biləcəyi və əməkdaşlıq edə biləcəyi sahədir. Pakistan informasiya texnologiyaları, kompüter proqramı və süni intellekt sahəsində geniş təcrübəyə malikdir. Bizim çox yaxşı tibb məktəblərimiz, mühəndislik universitetlərimiz, müxtəlif texnologiyaları tədris edən universitetlərimiz var və bilirik ki, Azərbaycanın da xüsusi universitetləri - Neft Akademiyası kimi - var, odur ki, birlikdə çalışa biləcəyimiz, bir-birini tamamlayan elementlər çoxdur. Təhsil nazirliklərimiz bu əməkdaşlığı gücləndirmək üçün birlikdə çalışmalıdırlar. Ümid edirəm ki, nə vaxtsa pakistanlı məktəb şəbəkəsi Azərbaycanda, nəinki Bakıda, həm də yeni azad edilmiş ərazilərdə fəaliyyət göstərə bilər və Azərbaycan xalqı Pakistandakı təhsil sistemindən faydalana bilər.

Tarix
2021.01.13 / 09:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla