Ana səhifə Siyasət |
Putin Paşinyanla görüşdən öncə Əliyevə zəng etdi: Soçi bəyanatı və üçtərəfli razılaşmaların icrasının müzakirə edildiyi telefon söhbəti Qərbin təşəbbüsünün önünə keçmək istəyən Moskvanın Soçi bəyanatı üzrə irəliləyişə nail olmaq planına hesablanıb və istisna deyil ki, Putin bəzi məsələləri Əliyevlə dəqiqləşdirdikdən sonra Paşinyanla müzakirə edəcək.
Geosiyasi vəziyyətin bölgədə şərtləri müəyyən qədər də olsa, dəyişdirdiyi mövcud vəziyyətdə nə sülh sazişi, nə sərhəd, nə də üçtərəfli razılaşmaların digər bəndləri üzrə ortaq mövqe tapmaq çətin görünür, lakin Rusiya vasitəçiliyini “diriltmək” üçün praktikada nəsə etməlidir.
Rusların mümkün təşəbbüslərindən biri Soçi bəyanatında qeyd olunan “Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan arasında ictimai dialoqun yaradılması, etimadı möhkəmləndirmək üçün parlmentlərarası əlaqələrin qurulması” ilə bağlı ola bilər: noyabrın 17-də Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Bakıya səfəri, “etimad mühitinin” yaradılması müzakirələri aparması da buna hesablanmışdı; Şvıdkoy Bakıda olarkən Putin Əliyevə zəng etdi, rəsmi məlumatda iqtisadi əlaqələrin müzakirə edildiyi qeyd olunan telefon söhbətində tərəflərin “Rusiyanın köməyi ilə etimad mühitinin yaradılması” üzərində də müzakirələr apardığı istisna deyil.
Hərçənd, “Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələlərinin müzakirə edildiyi” telefon söhbətində Əliyevin Qarabağda qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara toxunduğu və erməni qoşunlarının çıxarılması öhdəliyinin icrasının vacibliyini irəli sürdüyü istisna deyil. Digər məsələlərin, elə “etimad mühitinin” yaradılmasının da müzakirə edilməsi bundan keçir.
Tarix
2022.11.23 / 08:30
|
Müəllif
Asif Nərimanlı
|