Ana səhifə Siyasət |
11:25
Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.
Axar.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil olunub.
Toplantının gündəliyindəki məsələlərin sayı bununla da 21-ə çatıb.
***
Milli Məclisdə ABŞ-a qarşı bəyanat qəbul etmək üçün komissiya yaradılıb.
Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Səməd Seyidov, Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Kamilə Əliyeva və Tamam Cəfərovadır.
***
Azərbaycan parlamenti noyabrın 21-də ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.
Bəyanatı Milli Məclisin deputatı, sənədin hazırlanması üzrə komissiyanın üzvü Kamilə Əliyeva oxuyub.
Bəyanatda deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Bununla birlikdə, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.
Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür.
Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir. Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Nəticə etibarı ilə ABŞ-ın təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına kömək göstərmişdir.
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin Amerika Birləşmiş Ştatları özünün də lehinə səs verdiyi bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün heç bir tədbir görməmiş və bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq etməmişdir. Əksinə, ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi dəstəkləmiş, ona maliyyə yardımı göstərmiş, rejim nümayəndələrinin ABŞ-a müntəzəm səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil etmişdir. ABŞ-ın bu cür birtərəfli addımları onun uğursuz vasitəçiliyini və Azərbaycan ictimaiyyəti arasında nüfuzunu itirməsi ilə nəticələnmişdir.
Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına və digər qətliamlara, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini abidələrin dağıdılmasına etinasızlıq göstərən ABŞ tərəfi 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra təcavüzkar Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etmədiyi üçün də məsuliyyət daşıyır. Digər tərəfdən, ABŞ Senatı Azərbaycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra belə bir aktı qəbul etməklə revanşist qüvvələrə açıq dəstək verir.
“Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfi Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, təəssüf ki, yenidən təkrarlayır. Halbuki 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrora qarşı mübarizə səylərini dəstəklədiyi zaman 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ olmuşdur.
Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə yardım əlini uzatmışdır. Əfqanıstanda terrorizmə qarşı ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də Azərbaycan olmuşdur. Eyni zamanda, Azərbaycan Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi.
Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıq olub regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ABŞ tərəfi məhz ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini ortaya qoymuşdur.
Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədi ilə bölgədə sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.
BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların rəylərinə tamamilə zidd olaraq, bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün salındığının iddia edilməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
Amerikanın son illərdə həyata keçirdiyi xarici siyasət, xüsusən Əfqanıstan və Yaxın Şərq siyasəti tamamilə iflasa uğramışdır. ABŞ-ın Əfqanıstanda apardığı 20 illik qanlı müharibədən sonra məsuliyyəti digərlərinin üzərinə ataraq ölkəni hərc-mərclik içərisində qoyub tərk etməsinin, Əfqanıstanı narkotik bitkilər plantasiyasına çevirməsinin ağır nəticələrini aradan qaldırmaq üçün hələ uzun müddət lazım gələcəkdir. 2003-cü ildə İraqın işğalı nəticəsində milyonlarca iraqlı doğma yurdlarından didərgin düşmüş, yüz minlərcə insan həlak olmuşdur.
Dünyanın müxtəlif regionlarında təşkil etdiyi “rəngli inqilablar” nəticəsində baş verən faciələrə görə ABŞ hələ da cavab verməmişdir. ABŞ-ın hakimiyyət orqanlarında, o cümlədən Konqresində kök salmış islamofob qüvvələrin güclənməsi nəticəsində müxtəlif təşkilatlar, xüsusən USAID humanitar yardım çətiri altında casus şəbəkəsi yaradaraq, müstəqil siyasət yeridən ölkələrdə “rəngli inqilablar” və dövlət çevrilişləri etməyə cəhd göstərməklə ölkələrin daxili işlərinə kobud müdaxilə edirlər.
ABŞ-ın Türkiyədə dövlət çevrilişinə dəstək verməsi, çevriliş cəhdində əsas rol oynayan FETÖ və onun kimi terrorçu təşkilatları himayə edərək özünün əlaltı rejimini yaratmağa səy göstərməsi məlum faktdır. Bu gün İsrail-Fələstin münaqişəsinin alovlanmasında əsas məsuliyyət də məhz ABŞ-ın üzərinə düşür.
Azərbaycan öz milli maraqlarına uyğun olaraq region ölkələri ilə nəqliyyat dəhlizlərini özü formalaşdırır və bu baxımdan Azərbaycan-İran nəqliyyat dəhlizi Azərbaycanın suveren seçimidir. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyini təmin etmək səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq etmişdir. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı İranla müqavilə bağlanılması Azərbaycanın suveren hüququdur.
Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir ki, Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır".
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Tarix
2023.11.21 / 12:21
|
Müəllif
Axar.az
|