14:57
Gəncədə bədbəxt hadisə baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki sözügedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta, 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb.
Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilasetmə işləri gedir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Bu gün saat 15:50 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.