İyunun 26-sı “İrşad Elektroniks”dən 3200 manata kreditə Ayfon-16 Pro Maks almışam. Ödənişi isə daxili kreditlə yox, “Leobank” kartımla edirəm. Ancaq bir neçə gün sonra fərqinə vardım ki, telefonun səs ucaldan hissəsində problem var.
Bu sözləri Axar.az-a müraciət edən şikayətçi Mətanət Tağıyeva deyib.
Şikayətçi problemlə bağlı “İrşad Elektroniks”in servisinə müraciət etdiyini bildirib:
“Servisin əməkdaşı da telefonda problem olduğunu qəbul edib, telefonun sistemini format etməyi təklif etdi. Qəbul etdim və telefon format olundu. Ancaq eyni halın yenidən baş verdiyini görüb, servisə bir daha müraciət etdim. Əməkdaş da telefonu götürdü və 14 günə telefonu düzəldəcəyini bildirdi. Ancaq 14 gündən sonra eyni vəziyyət idi. Hətta telefonda hər hansı qüsur olmadığını da bildirib, 25 manat ödəniş alıb, Qaynar xəttə yönləndirdilər.
Mən də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdim. Sonra mənə geri dönüş etdilər və telefonumu təhvil verdilər. Ancaq yenə qüsurlu idi və o qüsura baxmaq üçün şirkətin servisi yenə 25 manat tələb etdi. İki aya yaxındır ki, gözlə görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm. Məsələ ilə bağlı hər nə qədər aidiyyəti qurumlara müraciət etsəm də, nəticə yoxdur”.
Məsələ ilə bağlı “İrşad Elektroniks” sorğumuza cavab olaraq bildirildi ki, şirkət yalnız Əpl şirkətinin rəsmi məhsullarını satır və satışdan sonrakı xidmətlərdə də yalnız “Əpl”in rəsmi servis mərkəzləri ilə əməkdaşlıq edir:
“Hər hansı texniki problem barədə müraciət daxil olduqda, məhsul ilk növbədə rəsmi servisin yoxlamasına yönləndirilir və yalnız onların təqdim etdiyi rəsmi akt əsasında qərar qəbul olunur. Məsələ ilə bağlı qeyd olunan müştəri üç dəfə eyni problem barədə müraciət edib. Hər üç halda da “Əpl”in rəsmi servis mərkəzinin verdiyi aktlarda “qeyd olunan problem aşkarlanmadı” qeydi rəsmi möhür və imza ilə təsdiqlənmişdir. Bu səbəbdən şirkətimiz tərəfindən cihazın dəyişdirilməsi üçün əsas yaranmayıb”.