"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Zakir
oğlu Yusifovun törətdiyi cinayət əməlləri nəticəsində
zərərçəkmişlər Ədliyyə Nazirliyinin məhkəmə qərarları və icraçıları
idarəsinin Binəqədi rayon icra şöbəsi rəisinə müraciət
ünvanlayıblar.
Həmin müraciətin bir nüsxəsi Teleqraf.com-un redaksiyasına
göndərilib.
Müraciətdə qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27
aprel 2010-cu il tarixli hökmünə əsasən Zal Yusifova məxsus
əmlakların cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə
yönəldilməsi öz əksini tapıb: "Bu hökmdən maraqlı şəxs Zakir
Yusifov Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına mülki
iddiaya aid apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi
cinayət kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə
iddiaçının şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmü dəyişdirilməyib. Qərar elan edildiyi andan
qanuni qüvvəyə minib".
Zərərçəkmişlər bildirirlər ki, Zakir Yusifov Bakı Apelyasiya
Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kasasiya şikayəti
verib:
"Zakir Yusifov bir müddətdən sonra şikayətini geri götürməklə
ziyanın ödənilməsinə yönəldilmiş əmlakın auksionda satışını təşkil
edib ziyan çəkmiş şəxslərə verilməsini süni sürətdə gecikdirir.
Gecikdirmənin səbəbi hazırda fəaliyyət göstərən "Humay" şadlıq
sarayında pul qazanmasıdır".
Zərərçəkmişlər müraciətin sonunda Binəqədi rayon icra şöbəsinin
rəisindən belə xahiş ediblər:
"Biz – zərər çəkmiş vətəndaşlar xahiş edirik ki, 8 ildən artıq
müddətdə çəkdiyimiz əziyyəti nəzərə alaraq Zal Yusifovun hökmdə
qeyd edilən əmlaklarını siyahıya alasınız və üzərinə həbs
qoyasınız. Eyni zamanda əmlakın auksionda satışının həyata
keçirilməsini sürətləndirmək üçün aidiyyəti orqanlara müraciət
edəsiniz".
Qeyd edək ki, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal
Yusifovun atası Zakir Yusifov yenidən Ali Məhkəməyə müraciət
edib.
Zal Yusifov "Texnikabank"ın Bakı filialının rəhbəri vəzifəsində
işləyərkən 81 nəfərin milyonlarla pulunu mənimsəyib. O, 2008-ci
ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də
qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun
absurd yalanlarıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı
müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə
təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb.
Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı
Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin
etməyib.
Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin
sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri
qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər
Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması
barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan
Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı
şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər
şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan
sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan
Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun
iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də
Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya
instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail
olub.
Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun
sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd
edilib. Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona
məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali
Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya
cavab olaraq bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan
mülklər Zal Yusifova məxsusdur.
Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa
edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq Zakir Yusifov yenə
də şikayətçidir.
O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli
qərarından kasasiya şikayəti verib.
İyunun 8-də Ali Məhkəmədə hakim İlqar Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə Zakir Yusifov məlum olmayan səbəbdən kasasiya
şikayətini geri götürüb. Bundan sonra zərərçəkmişlər Binəqədi rayon
məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinə müraciət
ediblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icra
edilməsini, müsadirə olunan əmlakların satılmasını tələb
ediblər.
Bundan xəbər tutan Zakir Yusifov yenidən Ali Məhkəməyə kasasiya
şikayəti verib. Zakir Yusifovun iyunun 23-də Ali Məhkəməyə
ünvanlandığı şikayəti yenidən hakim İlqar Hüseynovun icraatına
verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmə prosesi
başlayacaq.