Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd
edilir.
Axar.az xəbər verir ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun
22 -də, 141 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri -
"Əkinçi"qəzetinin buraxıldığı gündə qeyd edilir.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik
mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin,
yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın,
plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün
tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir
çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun
(icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına
səbəb olur.
Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi
qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur.
Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox
demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası
yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azad mətbuatın
inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında
müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin
yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət
başçısına təqdim edilib.
Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş
cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış
müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların
inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq
səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz,
azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə
edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici
Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni
yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq
hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası
insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq
Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust
tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya
azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə
kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu
fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi
təkan verməklə yanaşı, onların rasionallığının artırılması
sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən
edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib
amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil
olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan
demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş
təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə imzaladığı
sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd
Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini
yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya
vasitələrinə dövlət dəstəyidir.