Azəristiliktəchizat ASC-nin sədri İlham Mirzəliyev Hesablama Palatasının qurumda apardığı uyğunluq auditindən sonra aşkar etdiyi nöqsanlara münasibət bildirib.
Axar.az xəbər verir ki, sədr bu barədə Report-a açıqlama verib.
O bəyan edib ki, abonent bazası üzrə 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının 10-20%-dən az olması kimi hallar mövcuddur və təbii olaraq bu istilik enerjisindən qeyri-səmərəli istifadə şəraiti yaratmaqla cəmiyyətin xərclərinə də birbaşa təsir göstərir.
Bununla belə, onun sözlərinə görə, qanunvercilik normalarına əsasən qeyri-səmərəli bu binalarda istilik təchizatının dayandırılması yolverilməzdir:
"Bununla əlaqədar Cəmiyyət istilik təchizatının səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması istiqamətində işlərİ davam etdirir və yeni qəbul edilən "İstilik təchizatı haqqında" qanun bu istiqamətdə əhəmiyyətli tədbirlər həyata keçirməyə imkan verəcək".
"Hesablama Palatasının bəyan etdiyi, "Azəristiliktəchizat"a aid olmadığı deyilən 244 ədəd qazanxanaya gəlincə isə onlar bizim balansımızda və mülkiyyətimizdədir, istismar edilir, lakin məktəb, bağça və yaxud səhiyyə müəssisələrinin ərazilərində yerləşir və yalnız bu obyektlərə xidmət edir. Bu qazanxanalardan 98-i konservasiya olunub, hazırda fəaliyyət göstərmir. "Azərisitiliktəchizat"ın fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik təchizatı sistemlərinin bərpası ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən gələcəkdə istismarı nəzərdə tutulmayan bu qazanxanaların binalarının balansdan balansa aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir", - deyə İ.Mirzəyev qeyd edib.
"Azəristiliktəchizat"ın sədri aktivlərin maliyyə (mühasibat) uçotunda vaxtında əks etdirilməməsini də şərh edib və bəyan edib ki, bu hal uçot məlumatlarının dəqiqləşdirilməsi, tikintisi başa çatmış qazanxanaların müvafiq qaydada sənədləşdirilməsi ilə bağlı prosedurların icrasında yaranmış bəzi çətinlikliklərlə əlaqədar olub və artıq aktivlərin maliyyə (mühasibat) uçotunda tam əks etdirilməsi təmin edilib, zəruri sənədləşmə işləri yekunlaşdırılıb.
"Hesablama Palatasının "Azəristiliktəchizat" üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi nəticəsində hər hansı bir korrupsiya, mənimsəmə, dövlət vəsaitlərindən qeyri-qanuni istifadə və digər cinayət tərkibli hər hansı bir fakt mövcud olmayıb, aşkar edilmiş irad və nöqsanlar tam aradan qaldırılıb, gələcəkdə bu hallara yol verilməməsi üçün zəruri tədbirlər görülür", - deyə sədr fikrini yekunlaşdırıb.