Bakıda bir qrup gənc
metronun "28 May" stansiyasının girişinin əsaslı təmirdən sonra
açılış günü "Metroda şalvarsız bir gün" aksiyası keçirəcək. Martın
1-nə planlaşdırılan flaşmob "28 May", "Gənclik" və "Sahil"
stansiyalarında keçiriləcək. Birmənalı qarşılanmayan aksiya
təşəbbüsünə Gənclər Təşkilatlarının fərqli yanaşması
var.
"Nida"
vətəndaş hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər
"Axar.az"a bildirdi ki, aksiyadan məlumatsızdır:
"Məlumatım olmadığı üçün bir söz deyə bilmərəm. Hansı məqsədlə
keçirilməsindən də xəbərim yoxdur. Məlumatım olmayan xəbər barədə
bir söz deməyim düzgün olmaz. Təşkilatımız adından kimlərinsə orada
iştirak edib-etməyəcəyi haqda bir söz deyə bilmərəm".
"Azərbaycan
Avropa Hərəkatı"nın prezidenti Ramin Hacılı isə özü
aksiyada iştirak etmək fikrində olmasa da, gənclərə dəstək verir:
"Mən özüm bu aksiyada iştirak etmərəm. Ancaq bu o demək deyil ki,
belə aksiyalara qarşıyam. Təşkilatımızdan kim istəyirsə iştirak
etməkdə sərbəstdir. Ümumiyyətlə, gənclərə belə məsələlərdə qadağa
qoymaq düzgün deyil. Şalvar, şort, mini ətək problemi çoxdan aradan
qalxmalı idi.
Ancaq bizdə hələ də belə şeylər müzakirə olunur. Gənclik çılğın
olur və sərbəstliyi sevir. Bunun qarşını almaq lazım deyil.
Təbiətcə çılğın olmayan gənclik, zənnimcə, heç bir işə yaramayan
gənclikdir. Belə təşəbbüslə çıxış edən gənclərə qarşı anlayışlı
olmaq lazımdır.
Gənclik sərhədləri sevmir. Xaricdə tez-tez təkrarlanan belə
aksiyalar heç müzakirə edilmir də. Çünki onlar artıq o problemi
aşıblar. Bizim gənclik də aşmalı və məişət problemlərində ilişib
qalmamalıdır, dünyaya çıxmalıdır".
"Dalğa"
Gənclər Hərəkatının media koordinatoru Nurlan Osmanlı
gənclərin flaşmobuna qarşı
çıxmasa da, bunun normal qarşılanmayacağını bilir:
"İstənilən halda Azərbaycanda bu aksiyaya qarşı çıxacaqlar. Bu
aksiyanı kimlərin təşkil etməsindən məlumatsızam. Ancaq
təşkilatımız adından kimlərsə iştirak etmək istəsə, buna qarşı
çıxmayacağıq. Özüm də qoşula bilərəm aksiyaya. Ancaq bu, həm də
aksiyanın nə məqsədlə təşkil edilməsindən asılıdır".
VHP Gənclər Təşkilatının
sədri Pünhan İmamlı isə
aksiyanın məqsədini bilmədiyini dedi: "Hansı təşkilatın təşkil
etdiyindən də məlumatım yoxdur. Aksiyanın təşkilatçısı, məqsədi
barədə məlumatımız olmadığından, iştirakımızı da məqbul
saymırıq".
Qeyd
edək ki, "Metroda şalvarsız səyahət" aksiyası bütün dünya üzrə
gənclərin təşkil etdiyi ən diqqət cəlb edən flaşmoblardan biridir.
"Improve Everywhere" adlı qrup 2002-ci ildən bəri dünyanın bir çox
şəhərlərində belə aksiyalar keçirir.
İndiyə kimi dünyanın 60-dan çox şəhərində "Metroya şalvarsız
girənlər" aksiyası keçirilib. Bu ilin yanvarında aksiya dünyanın 25
ölkəsinin 60 şəhərində eyni gündə keçirilmişdi. 13 il ərzində
flaşmobun keçirilmə mexanizmində ciddi bir dəyişiklik edilməyib:
bir qrup adam metroya daxil olur, özlərini adi sərnişin kimi aparır
və birdən əyinlərindəki şalvarı çıxarırlar.