Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.
Axar.az xəbər verir ki, sənəd BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn müvafiq öhdəliklərin icrası məqsədinə xidmət edir.
Fəaliyyət Planına əsasən, əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedici və yanğınsöndürənlərinin əlilliyi olan şəxslərə yardım göstərilməsi üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunacaq və əlilliyi olan şəxslərin “112” qaynar telefon xəttinə müraciətlərinin qəbul edilməsi üzrə müasir texnologiya və üsulların tətbiqi imkanları araşdırılacaq.
Sənəddə əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq, o cümlədən SMS xidməti və məlumatlandırma üzrə tətbiqlərin yaradılması, fövqəladə hadisə baş verdikdə əlilliyi olan şəxslərin reabilitasiya və sosial xidmət müəssisələri barədə məlumat mübadiləsinin aparılması, onların təxliyəsi, qeydiyyatı, müvəqqəti yerləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulub.