Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun
8-də saat 16:30-dan etibarən 2016/2017-ci tədris ili üçün
rezidenturaya qəbulun nəticələrini elan edib.
TQDK-dan Axar.az-a bildiriblər ki, nəticələri komissiyanın
internet saytından və ya iş nömrəsini mobil telefonla 7727
nömrəsinə göndərməklə öyrənmək olar.
İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə
əsasən müsabiqədə iştirak edən 374 namizəddən 365 nəfəri təhsilini
rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 95-ni
oğlanlar, 270-ni isə qızlar təşkil edir. 244 namizəd cari ilin, 121
namizəd isə əvvəlki illərin məzunudur.
Avqustun 9-dan 15-dək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb
fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan
Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət
Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına
və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə
Nazirliyinə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan
keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun
yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi
qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından
çıxarılacaqdır.
Qeyd edək ki, qəbul olan namizədlərin siyahısının və
ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu
"Rezidentura" jurnalının dördüncü nömrəsinin elektron versiyasını
(pdf formatında) avqustun 9-dan TQDK saytının "Elektron xidmətlər"
bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı"
xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə
keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).