Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Azər Cümşüdova qarşı "Baksol" yolu ərazisində "Sab Azərbaycan"ın əməkdaşı, 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündən dolayı ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, prosesdə Azər Cümşüdov arayış verərək bundan əvvəlki iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Fəridə Abbasovanın yas məclisi ilə bağlı açıqlama verdiyini bildirib:
"Vidadi Abbasov tərəfindən yeyib-içmək verilməsi barədə dedikləri həqiqəti əks etdirmir. Mənim də iştirak etdiyim həmin yas məclisində 2 min adam iştirak edib. Yas el adətlərinə uyğun aparılıb. Allah rəhmət eləsin, mən Fəridə xanımın həyat yoldaşının da yasında iştirak etmişəm".
Daha sonra mərhumun anası Fəridə Abbasova ifadə verib.
O, şikayətçi olduğunu, bu hadisənin bütün günahkarının qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını istəyib.
Fəridə Abbasovanın sözlərinə görə, məlum hadisə iyunun 26-da, qeyri-iş günündə olub:
"Biz də həmin günü evdə olmuşuq, istirahət etmişik. Mən həmin gün qızımgilə gedəcəkdim. Bundan əvvəl oğlumu bəzi şeylər almaq üçün mağazaya göndərdim. Xeyli vaxt keçsə də, oğlum geri qayıtmadı. Namaz vaxtına qədər oğlumu gözlədim. Daha sonra oğluma zəng etdim, ona zəng çatmadı. Oğlum belə məsuliyyətsiz deyildi. 100 dəfə səs atdım, cavab olmadı. Narahat oldum, axşam saat 12-yə qədər gözlədim. Daha sonra qaynımın oğluna dedim. O da dostları ilə əlaqə saxladı. Cümşüdün onların heç biri ilə görüşmədiyi məlum oldu. Mənim içimdə bir hiss oyandı ki, nəsə problem var. Bundan sonra qohumlar yığışdılar, axtarışa başladıq. Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxladıq. Səhərə qədər gozlədik, amma xəbər çıxmadı.
Səhəri gün polis bölməsinə getdik. Oradan bizə Binəqədi rayon Polis İdarəsinə göndərdilər. Məndən ağız suyundan test götürdülər. Daha sonra bizi Nərimanov Rayon Prokurorluğuna çağırdılar. Ora gedəndən sonra nə baş verdiyini anladım".
Fəridə Abbasova daha sonra ifadəsində göstərib ki, qaynı Vidadi Abbasov ondan şikayətçi olmamasını tələb edib:
"Mən özüm yas vermək fikrim yox idi. Fikirləşirdim ki, kim istəsə, evimə gələr. Amma qaynım mənimlə məsləhətləşmədən iyulun 1-də yas verdi. Oğlumun üç mərasimi iyunun 30-da olsa da, qaynım özü "Badamlıq" mərasim evində iyulun 1-də mənim xəbərim olmadan yas məclisi təşkil etdi.
Mənim özümün yas verməyə gücüm çatırdı. Amma yas vermək istəmirdim. Evimə də yoldaşım tərəfdən heç kim gəlmədi. Qaynının oğlu Emin gəldi. Ona dedim ki, yas verməyə gücüm çatır, nə xərclənib, pulunu verim. Oğlumun toyu da, yası da budur".
Zərərçəkmiş şəxsin hüquqi varisi daha sonra deyib ki, Emin gəlib və onunla getməyini istəyib: "Dedi ki, dur mənimlə gedək, "Azərsu"nun işçiləri də ordadır. Mən ona dedim ki, getmirəm, yas öz evimdədir. Oğlumun ruhu da burdadır. Onunla aramızda mübahisə yarandı. Mənə dedi ki, getməsən, sən də, qızın da bizim üçün öləcək. Emin dedi ki, 30 min pul verilib, o pul da yasa xərclənib. Həmçinin bildirdi ki, başdaşı pulunun yarısını sən, yarısını da biz qoyaq, başdaşını düzəldək".
Sorğu-sual zamanı Fəridə Abbasova deyib ki, onların yaşadıqları evlə hadisə baş verən ünvan uzaqdır: "Oğlum evdən mağazaya getmək üçün çıxmışdı. Ora niyə gedib, bu, mənim üçün də qaranlıqdır. Ehtimal ki, oğlum həmin yerə maşın ustasının yanına gedib. Hadisədən əvvəl maşınla gələndə dedi ki, tormoz yaxşı işləmir".
Fəridə Abbasova bildirib ki, oğlunun ölümü ilə bağlı şikayətçi olub: "Bundan sonra qaynımla aramız dəydi. Mənə bildirdi ki, o vaxt ərim öləndə 2 qəbir yeri alıbmış. Halbuki onun pulunu da ərimin yasından artıqlaması ilə götürmüşdü. Buna baxmayaraq, qardaşım vasitəsi ilə mənə xəbər göndərdi ki, atasının qəbrinin yanından oğlunun meyitini çıxart. Dedi, niyə şikayətçi oldun, qadınsan, otur yerində".
Şahid qismində ifadə verən Bakı Su Kanalı İdarəsinin təmir tikinti şöbəsinin rəisi Yaşar Əhmədovun sözlərinə görə, qəza baş verən kimi Azər Cümşüdovu həmin əraziyə göndərib: "Hadisədən əvvəl həmin yerdə məhəccərlər qoyulub, təhlükəsizlik lenti çəkilmişdi. Həmin konstruksiyanı oradan kimin götürdüyünü araşdırmaq lazımdır. Hadisə baş verən ərəfədə oraya özüm getməmişəm, Azər Cümşüdov gedib, şəkillərini çəkərək mənə atıb. Təhlükəsizlik ləvazimatları qoyulan əraziyə nəzarət etmək bizim vəzifəmiz deyil, oraya xətt baxıcıları nəzarət etməlidir".
Şahidin sözlərinə görə, həmin ərazidə kanalzasiya xəttinin üzərində qanunsuz mağazalar tikilib. Qurumun hüquqşünasları bu mağazaların burada yerləşməsinin təhlükəli olduğunu obyekt sahiblərinə mütəmadi olaraq bildiriblər.
Cinayət məsuliyyətinə cəlb edilmiş Azər Cümşüdov barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən iki gün sonra - iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb. Proses martın 3-də davam edəcək.