2026-cı il yanvarın 1-dən Azərbaycanda elektrik enerjisi üçün istehlak həcmindən asılı olmayaraq aylıq 1 manat sabit tarif (abonent xidmət haqqı) tətbiq edilir. Lakin proqram təminatında təkmilləşdirmələrlə əlaqədar yanvar ayının ödənişi fevralın hesabatı ilə üst-üstə düşüb. Bu da bəzi abonentlərdə ödənişlərində ikiqat tutulma təəssüratı yaradıb.
Axar.az xəbər verir ki, məsələyə “Azərişıq” ASC-nin İnformasiya və Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev aydınlıq gətirib.
"Yanvar və fevral hesabat ayları arasındakı vaxt azlığı səbəbindən sabit tarifə görə 2 manat ödənişin həyata keçirilməsi çaşqınlığa səbəb olub. Əslində isə istehlakçıların ödədikləri 2 manat tarifin 1 manatı yanvarın, 1 manatı isə fevral ayının sabit tarifinin dəyəri idi", - o bildirib.
O ki qaldı abonentlərin qalıq borclarına, mövcud qaydalara əsasən borclu abonentlərin elektrik enerjisi ilə təminatı borcun ödənilməsindən sonra mümkündür. Lakin "Azərişıq" daha optimist mexanizm tətbiq edir.
Rüstəm Quliyev qeyd etdi ki, elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əsasən qalıq borcu olan istehlakçıya enerji verilişi dayandırılmalıdır:
"Lakin “Azərişıq" tərəfindən vətəndaşyönümlü qərar verilərək istehlakçının ödədiyi vəsaitin bir hissəsi qalıq borcuna, digər hissəsi isə sərf edilən elektrik enerjisinin dəyərinə yönəldilir. Yəni, əvvəllər yüklənən vəsaitin 80% köhnə borcların ödənilməsinə yönəldilirdisə, hazırda bu rəqəm 50%-ə endirilib".
Qeyd edək ki, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur. Və enerjidaşıyıcıları üzrə xidmət səviyyəsinin yüksək keyfiyyətinin təminatına xidmət edir. Bu gün Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcı şirkətin vəsaiti hesabına quraşdırılır. Müqayisə üçün bildirək ki, Türkiyə, Rusiya və Gürcüstanda sayğacların dəyəri birbaşa abonentlər tərəfindən ödənilir.
Digər tərəfdən, beynəlxalq təcrübədə elektrik enerjisi üzrə aylıq sabit tariflər Kanadada 8.40 manat, Böyük Britaniyada 30.9-47.4 manat, Yaponiyada 3.4-20.4 manat, Almaniyada 6.54 manat təşkil edib.
Bundan əlavə elektrik enerjisinin daxili bazardakı qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir.
Gürcüstanda elektrik enerjisinin kVt/saatı 0.062 dollar, Türkiyədə 0.064 dollar, Qazaxıstanda 0.063 dollar, Rusiyada 0.074 dollar təşkil edir.