Vətəndaş Həmrəyliyi Partiyası Əli bəy Hüseynzadənin150
illik yubileyi ilə bağlı "Əli bəy Hüseynzadə və türkçülük"
mövzusunda dəyirmi masa keçirib.
"Axar.az" xəbər verir ki, dünən saat 14:00-da Vətəndaş
Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü və təşkilatçılığı ilə
görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim
Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar "Əli bəy
Hüseynzadə və türkçülük" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Musavat
Partiyasının başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər
Tağızadə, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Azərbaycan Milli
Demokrat (Bozqurd) Partiyasının (AMDP) lideri İsgəndər Həmidov,
"Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, ADP sədri
Sərdar Cəlaloğlu, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya
şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar
Türkel, sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov,
şair Musa Yaqub, AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının
rəhbəri Yasəmən Qaraqoyunlu, Orta Asiya və Güney Qafqaz Söz
Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, tanınmış jurnalist Azər
Həsrət, Avropa Hərəkatının rəhbəri Ramin Hacılı və bir sıra gənclər
təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
Atatürkün müəllimi
Yığıncağı VHP sədri Sabir Rüstəmxanlıaçaraq bildirib ki, Əli bəy
Hüseynzadəyə əslində türk peyğəmbəri, fövqəlbəşər deyirlər:
"Çünki çox qeyri-adi bir insan, istedad sahibi, böyük milli
idealların, ideyaların daşıyıcı və onları ortaya çıxaran bir adam
idi. Əli bəy Hüseynzadə Ziya Gökalpın müəllimi idi, Mustafa Kamal
Atatürk də Ziya Gökalpı özünün mənəvi atası adlandırırdı. Bu da Əli
bəy Hüseynzadədən Mustafa Kamal Atatürkə və bugünkü Türkiyə
Cümhuriyyətinə yol uzandığını göstərir. Bu yolun başında Əli bəy
Hüseynzadə, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy
Qaspıralı, Yusif Akçura kimi şəxsiyyətlər dayanırdı. Onlar da XIX
əsrin sonlarında türkçülük ideyasını dirildən, onu siyasi hadisəyə
çevirən və müstəqil türk dövlətlərinin yaranması üçün mənəvi təməl
hazırlayan adamlar idi. Eyni zamanda Əli bəy Hüseynzadə Əhməd bəy
Ağaoğlu və digər fikirdaşları ilə birlikdə Azərbaycanın üçrəngli
bayrağındakı "türkləşmək, müasirləşməkvə islamlaşmaq" ideyasının
yaradıcılarından və onu ortaya çıxaranlardan biri idi".
Azərbaycan türkləri ona borcludur
Millət vəkili dedi ki, Azərbaycan türkləri bu torpaqlarda,
xüsusilə Bakıda qalmasına görə Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu və Əlimərdan bəy Topçubaşova borcludurlar: "Aralarında
fikir ayrılığı olmasına baxmayaraq hər üç şəxsin fəaliyyəti buna
gətirib çıxarıb. Əli bəy Hüseynzadə təkamül yolunun tərəfdarı,
müasir düşüncəli insan idi. Əli bəy Hüseynzadə millətin gələcəyi
üçün əxlaqi problemlərin aradan qaldırılmasını istəyirdi və milli
özünüdərki, siyasi maarifçiliyi, dini intibahı, dində islahatlar
aparılmasını olduqca vacib hesab edirdi. O, millət fədailərinin
olmasını zəruri sayırdı. Əli bəy Hüseynzadə həmçinin turançılıq
ideyasını ortaya atmışdı, türklərin mənəvi birliyini əsas sayırdı.
Bir növ Avropa Birliyi kimi modelin tərəfdarı olub. Onun
erməni-müsəlman davasına baxışı fərqli idi və xalqlar arasında
nifaqın səbəbkarı kimi hökumətləri görürdü. Onun rəhbərlik etdiyi
"Həyat" qəzetində (325 sayı nəşr olunub) və "Füyuzat" jurnalında
(32 sayı nəşr olunub) türkün böyüklüyü, türk dünyasının bütövlüyü,
türkün açılan qapıları təbliğ edilirdi. Əli bəy Hüseynzadə həmçinin
ortaq türk dilinin tərəfdarı idi. Ona görə də dili bir az
mürəkkəbdir. Füyuzatçılıq Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq
kimi millətçi, milli düçüncəli ədəbiyyatçıları yetişdirib. Bu
baxımdan onun böyük mütəfəkkir kimi türk dünyasının inkişafı
baxımından xidmətləri əvəzedilməzdir. Əli bəy Hüseynzadə deyirdi
ki, bizim nicatımız məhəbbətdədir. Bu şəxs həmçinin Əhməd bəy
Ağaoğlu ilə birlikdə 1918-ci ildə qurulan Azərbaycan Xalq
Cümhuriyyətinin ideoloji təməlini hazırlayan, onun quruculuğunda
iştirak edən, sonrakı dövrlərdə də Azərbaycanla əlaqəsi üzülməyən
bir adam idi. Son dərəcə sakit, təmkinli, təvazökar, hər şeyə
səbrlə yanaşan, insan olaraq böyük bir şəxsiyyət idi. Bu baxımdan
onun şəxsiyyətindən həmişə heyranlıqla danışılıb. Bir il işıq üzü
görən "Füyuzat" jurnalının bağlanmasından sonra Əli bəy Hüseynzadə
bir neçə il Azərbaycanda yaşadı və daha sonra həmişəlik Türkiyəyə
getdi.
AXC-nin, yoxsa ASSR-in varisi
Millət vəkili daha sonra qarşıda nəzərdə tutduğu planlardan
danışdı:
"Siyasi partiyaların və müxtəlif qurumların bu cür şəxsiyyətləri
yad etməsi son dərəcə vacibdir. Gələcəkdə bu cür tədbirləri
birlikdə keçirməyimiz yaxşı olardı. VHP olaraq silsilə seminarlar
keçirməyi düşünürük. İlk seminarımız bu ayın ortalarında "Biz kimin
varisiyik?" mövzusunda olacaq. Yəni Azərbaycan Respublikasının
AXC-nin, yoxsa ASSR-in varisi olmasına aydınlıq gətirmək lazımdır.
Çünki bu gün AXC-nin deyil, sovet Azərbaycanının varisinə
oxşayırıq. Biz bu seminarların materiallarını çap da edəcəyik. Elə
Əli bəy Hüseynzadə ilə bağlı bugünkü tədbirimizi də həmin silsiləyə
aid tədbirlərdən saymaq olar".
Türkçülüyün və idealist sosializmin banisi
AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri
Yasəmən Qaraqoyunlu Əli bəy Hüseynzadəni əsasən türkçülüyün və
idealist sosializmin banisi kimi xarakterizə etdi: "Yəni Əli bəy
Huseynzadə hər iki ideyanı türk dünyasına gətirmiş bir şəxs hesab
olunur. O, Azərbaycanda islam humanizmi, Qərb, Şərq və türk
mədəniyyətlərinin sintez edilə biləcəyini insanlara inandıra bilib.
Beləliklə, Əli bəy Huseynzadə avropalaşmaq, türkləşməkvə
islamlaşmaq triadasının yaradılmasına səbəb oldu. Bununla da
Osmanlı və Qacar imperiyaları, həmçinin Azərbaycanda bu xətt
mənimsənilməyə başlandı. Əli bəy Huseynzadə Avropadan Şərqə almaq
istədiyi dəyərlərə humanizm, konstitusiyalı monarxiya, hüquq
cəmiyyəti, empirik-sientizm, pozitivizm, rasionalizm, praqmatizm
daxil idi. Yəni onun avropalaşmaq ideyasının arxasında Avropadan
məhz bu dəyərləri götürüb Osmanlıda və Şərq dünyasında tətbiq
etməklə Osmanlı imperiyasının və türk dünyasının yenidən
yüksəlişinə nail olmaq dayanırdı. Bir sözlə, bu ideyanın arxasında
Avropa əxlaqını və həyat tərzini götürmək deyil, Avropada
elmi-texniki tərəqqiyə səbəb olan dəyərləri mənimsəmək dayanmır.
Sultan Əbdülhəmid Osmanlı imperiyasının xilası üçün osmanlıçılıq
ideyasını ortaya atmışdı və onu qorumağa, dövlət siyasətində tətbiq
etməyə çalışırdı. Ancaq Əli bəy Hüseynzadə osmanlıçılığın çıxış
yolu olmadığını, nicatı türkləşməkdə görürdü. Çünki xalqlar artıq
Osmanlı imperiyasına qarşı mübarizəyə qalxmışdı. Ona görə də Əli
bəy Hüseynzadə avropalaşmaq, türkləşmək və islamlaşmaq sintezini
ortaya qoydu. Yəni bir növ türkləşmək ideyasını da siyasi səhnəyə
gətirdi. Şeyx Cəmaləddin Əfqani Şərq dünyasına ümmət deyil, millət
ideologiyası ilə bağlı çağırışlar etmişdi. Onun fikrincə, milləti
formalaşdıran əsas ünsürlərdən biri dildir, din deyil. Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Ziya
Gökalp, Yusuf Akçura və İsmayıl bəy Qaspıralı da bu xətti
mənimsədilər. Bu şüur bu günün də şüurudur. Əli bəy Hüseynzadə,
kökündə fəhlə diktatorluğu dayandığı üçün heç vaxt marksist
olmayıb. O, cəmiyyətin bütün təbəqələri arasında sosial harmoniya
yaradan idealist sosializmin tərəfdarı idi. Əli bəy Hüseynzadə
deyirdi ki, Avropanın bütün sosial-demokratlarında,
kommunistlərində, liberallarında, sağçılarında, solçularında türk
düşmənçiliyi var. O, bütün dünya sosialistlərinə müraciət edərək
Ortadoğuda sülhün məhz Osmanlı imperiyası və türklüyün iştirakı ilə
olacağını deyirdi. Bu şüar bu gün də çox aktual olaraq qalır. Əli
bəy Hüseynzadə həm türkçülük nəzəriyyəsini yaradıb, həm də bu
missiyanı həyata keçirən siyasətçi olub. O, Əhməd bəy Ağaoğlu ilə
birlikdə 1905-1907-ci illərdə Qafqaz və Rusiya türklərinin oyanışı,
təşkilatlanması uğrunda çalışıblar, həmçinin Rusiya müsəlmanlarının
hüquqları ilə bağlı bəyannamə hazırlayıblar. I Dünya müharibəsi
ərəfəsində Əli bəy Hüseynzadə, Yusuf Akçura və Əhməd bəy Ağaoğlu
bir Turan heyəti formalaşdırıblar. Onlar Avropanın bütün
ölkələrində müxtəlif görüşlər keçirərək Rusiya türklərinin
hüquqlarının qorunması ilə bağlı məsələ qaldırıblar, ABŞ
prezidentinə məktub belə yazıblar. Bu addım Rusiya çarını bər
narahat edib və məsələdə Dumada müzakirə edilib. Əli bəy Hüseynzadə
ömrünün sonunadək türkçülük və Turan üçün çalışdı. O, 1934-cü ildə
öz soyadını dəyişərək Turan qoyub. O, bütün türk dünyasının ən
görkəmli şəxsiyyətlərindən biridir və onun kimi şəxsiyyətlər heç
vaxt unudulmur və unudulmayacaq".
Musa Yaqubdan ithaf
Şair Musa Yaqubisə Allaha Azərbaycana, bütün türk dünyasına Əli
bəy Turan kimi şəxsiyyət, filosof, şair bəxş etməsinə minnətdarlıq
edərək, 2000-ci il sentyabrın 12-də Əli bəy Hüseynzadəyə ithaf
etdiyi şeirini səsləndirdi:
İkilik
Ucundadır dilimin,
Həqiqətin böyüyü,
Nə qoydular deyəlim,
Nə kəsdilər dilimi.
Ayıltmadı qələmim,
Bu türk ilə əcəmi,
Nə qoydular yazalım,
Nə kəsdilər dilimi
Əli bəy Hüseynzadə
Keçiddədir ayağım,
Keçid yolu bir addım,
Nə qoydular keçəlim,
Nə qoydular qayıdım.
Tüstülənər ocağım,
Könlümün dəmxanası,
Nə yağışdan sönəsi,
Nə küləkdən yanası.
Nə durmusan qaradaş,
Ayrıcında yolumun?!
Nə yol tutmaq gücüm var,
Nə taqəti qolumun.
Haqqın əli uzalı,
Durum, tutum, tapışım-
Nə çəkdilər üzülüm,
Nə qoydular yapışım.
Ah bu Vətən torpağı,
Alındı baş qalası,
Nə yolunda şəhidəm,
Nə qəhrəman balası.
Daş altında toxumum,
Yanır çölüm, içərim,
Nə sıxdılar çürüyüm,
Nə qoydular cücərim.
Məlikməmməd nağılıyam,
Bu, quyunun dibimi?
Nə çəkdilər quyudan,
Nə kəsdilər içimi.
Azadlıq yollarında
Hələ qalmaqaldayam
Görürsənmi, Əli bəy
Mən də həmin haldayam.
Onu Əli Hüseyn Turan kimi tanıyıram
AMDP lideri İsgəndər Həmidov Əli bəy Hüseynzadəni Əli Hüseyn
Turan kimi tanıdığını söylədi: "Çünki bu şəxs həyatını, ömrünü
türkçülüyə sərf edib. Bəzi tədqiqatçılar Əli bəy Hüseynzadəni dinə
qarşı qoyurlar. Bu, tamamilə yanlışdır. Əli bəy Hüseynzadə gözəl
islami təhsil almışdı. Əli bəy Hüseynzadənin məşhur bir kəlamı var.
O deyir ki, "Türklər ya ölür, ya da mühacirət edir. Amma təslim
olmur". Əli bəy Hüseynzadə bütün yaşadığı dövrdə hər kəsə anlatmağa
çalışıb ki, türklər yanlız osmanlılardan ibarət deyil. Onun daha
bir sözü var idi, deyir ki, "qurdlar ulayanda itlər hürürlər". O
hər zaman türk kimi yaşadı, türk kimi dünyasını dəyişdi. Allah ona
rəhmət eləsin!".
Otağımda 3 şəxsiyyətin bədii obrazı var
Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə, belə tədbirlər
silsilə halında olmalıdır: "Əli bəy Hüseynzadə doğrudan da
fəxrimizdir. Mənim otağımda 3 şəxsiyyətin bədii obrazı var.
Rəsulzadənin, Elçibəyin portreti və bir də Əli bəy Hüseynzadənin
Salyandakı heykəlinin kiçik modeli mənim otağımda var. 20 ildən
çoxdur həmin heykəl mənim otağımdadır. Çünki Əli bəy Hüseynzadə
həqiqətən də bizim üçün çox dəyərli şəxsiyyətdir. Bu şəxsiyyət
təkcə Azərbaycanın yox, bütün türk dünyasının ən görkəmli
şəxsiyyətlərindən, ən böyük mütəfəkkirlərindən biridir. Biz tarixi
şəxsiyyətlərimizlə fəxr edirik. Əli bəy Hüseynzadə Müsavatın
yaradıcılarından biridir. Ölkənin demokratikləşməsi uğrunda
mübarizə aparıb. Ümumtürk siyasi xadimlərindən biridir".
Rusun zibilini hələ yüz il sonra da tullamaq
olmayacaq
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, XIX əsrin
sonlarında avropalılar millətləşib dövlətlərini quranda türklər də
buna can atdılar: "Hətta türklər ortaya Osmanlı inperiyası kimi
böyük bir maya qoyublar və millətçiliyə getməyə, milli ruhun ortaya
çıxmasına çalışıblar. Həmin dalğa da Azərbaycana və Məmalüki
Məhrusəyə də gəlib çıxıb. Ümumiyyətlə, XIX əsrin sonlarında Yusuf
Akçura, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspıralı və
digər ziyalı insanlar, türklər yaxın əməkdaşlıq işərisində olublar.
Hətta dərindən araşdırsaq, Təbrizin özündə də bu adamlarla
məktublaşmaların həyata keçirildiyini görərik. Ancaq millətləşmə və
dövlətləşmənin zirvəsi, onların fəaliyyətlərinin nəticəsi
Azərbaycan Xalq Cümhuriyyəti olub. Əli bəy Hüseynzadə Mirzə Fətəli
Axundzadəni tərənnüm edib. Ancaq Mirzə Fətəli Axundzadənin
fikirlərinə baxdıqda onun İran adlanan yerdə farsçılığı və bəzi
məsələləri qabartmasına indi də şübhəli baxılır. Ancaq Əli bəy
Hüseynzadə ustadını qabaqlayıb keçib, irəliyə gedib. Məhəmməd Əmin
Rəsulzadənin həmçinin bəzi məsələlərdə estafeti ələ aldığını
söyləmək olar. Ancaq doğrudan da XIX əsrin sonları XX əsrin
əvvəllərində Mustafa Kamal Atatürk bunların hamısını daha da
zirvəyə qaldırıb. Bu gün Türkiyədə Sultan Əbdülhəmid getməsəydi və
Osmanlı inperiyası qalsaydı, daha yaxşı olacağını belə düşünənlər
var. Hətta niyə bu günə düşdüklərini söyləyənlər var. Buna bir
əyani sübut göstərmək olar. Bu gün Krımda bir savaş gedir. Bu
problem bu gün türk dünyasının əsas məsləsidir. Putin nə çarizmi,
nə bolşevizmi, nə də "KQB"ni unudub. Hər üçündən gözəl dərs alıb və
bu da türkə qarşıdır. Hətta avropalılara onlar üçün əsas məsələnin
alqı-satqı olduğunu deyərək uduzacaqları ilə hədələyir.
Avropalılara alış-verişə hazır olduğunu, onsuz da Rusiyaya məxsus
60-70 milyard dolların onların banklarında olduğunu deyir. Özü də
türkün, türk dünyasının başına min cür oyun gətirmək istəyir. Əgər
ermənilər gürcülərin yarısı qədər ruslarla haqq-hesab çəkməyə
çıxsaydılar və rusları Qafqazdan çıxartmaq mümkün olsaydı, bizim
üçün çox yaxşı və başqa cür olardı. Rusiya Azərbaycanı da özündən
asılı vəziyyətə salıb. Çünki Azərbaycanda hər bir milyarderin
pulunun bir hissəsi Avropa, bir hissəsi isə Rusiya banklarındadır.
Hətta küçə-bacada, evdə-eşikdə, ailədə rusca danışır və hələ də
nəyisə gözləyir. Hətta adamlar yanlış düşüncələr də aşılayıblar və
küçələrdə "rus gəlsəydi, daha yaxşı olardı" deyənlər də var. Rusun
zibilini hələ yüz il bundan sonra da bu məmləkətdən, türk
dünyasından süpürüb tullamaq olmayacaq. Bu gün üç bölgədə
-Qafqazlarda, Yaxın Şərqdə və Qara dənizin ətrafında böyük bir
çəkişmə gedir. Hər üç regionda da türklər mövcuddur. Biz
istəsək-istəməsək də, dəfələrlə pantürkist, turançı olmadığımızı
hayqırsaq da, ancaq türkün bütövlüyünün sonunun Turan olmadığını da
inkar edə bilmərik. Yəni avropalılara türklükdən əl çəkdiyimizi və
bizdən qorxmamalarını nə qədər desək də, bu mümkün olan şey deyil.
Türklərin haqq-hesabı mütləq aydınlaşmalıdır. Əgər ABŞ İraqda 3
milyon türkü görməzlikdən gəlirsə, Əfqanıstanda farsları düşünüb
türkləri unudursansa, terrorsuz günün olmayacaq. Eyni zamanda
Suriyada digər millətləri görüb, türkləri görməzlikdən gəlirlər. Bu
gün Azərbaycanın güneyində də bir mücadilə var".
Tədbirdə həmçinin AXCP sədrinin müavini Nurəddin Məmmədli, ADP
sədri Sərdar Cəlaloğlu, "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan
Məmmədli, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru
Yadigar Türkel, CASCFEN sədri, tanınmış jurnalist Azər
Həsrətbaşqaları çıxış edərək Əli bəy Hüseynzadəni böyük şəxsiyyət
kimi xarakterizə etdilər, onun irsinin təbliğinin zəruriliyini
diqqətə çatdırıblar.