Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov,
Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət
Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis
İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı Xəyyam Camalov
şahid qismində ifadə verib.
O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis
idarəsinin qarşısına toplaşaraq Taleh Bağırovun müavini Elçin
Qasımovun azadlığa buraxılmasını tələb edib. Həmin şəxslər daş və
dəmir parçalarından istifadə edərək polis əməkdaşlarına xəsarət
yetiriblər.
Zərər çəkmiş şəxs qismində tanınmış Camalov Xəyyam Xalid oğlu iş
üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, həmin
tarixdə tabeliyində olan əməkdaşlarla birlikdə "Tofiq Bəhramov"
adına stadionda tədbirdə olarkən oyunun bitməsinə 10 dəqiqə qalmış
Sabunçu RPİ-nin növbətçi hissəsindən bir qrup şəxsin idarənin
qarşısına yığılaraq ictimai asayişi pozmaları və iğtişaş
törətmələri barədə məlumat verilib, bundan sonra tabeliyində olan
heyətlə birbaşa Sabunçu RPİ-yə gəlmiş və bir qrup şəxsin idarənin
qarşısında toplaşaraq nalayiq sözlər, şüarlar səsləndirdiklərinin
şahidi olub. Həmin şəxslər Elçin Qasımovun azadlığa buraxılmasını
tələb edərək, əks təqdirdə zor tətbiq edəcəklərini bildirib və
onlara daşlar atmağa başlayıblar. Bu zaman Sabunçu RPİ-nin əməkdaşı
Afiq Şükürov alın nahiyəsindən xəsarət alıb, daşlardan biri isə
onun sağ əlinin ovuc nahiyəsinə dəyərək qanadıb. Bir qrup şəxs
idarəyə girmək istədikdə Çevik Polis Alayının əməkdaşlarının köməyi
ilə qrup dağıdılıb, idarəyə girməyə çalışan və daş atan şəxslərdən
fəalları saxlanılaraq ictimai asayiş bərpa olunub.
Daha sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifov
şahid və zərərçəkmiş kimi ifadə verib. O da oxşar ifadə verib.
İstintaq zamanı Şərifov Elnur Elman oğlu ifadəsində 05 noyabr
2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında
iğtişaş törədənlərdən tanımadığı bir neçəsinin əllərində olan daş,
dəmir və taxta parçaları ilə onu vurduğunu və bədəninin müxtəlif
nahiyyələrindən xəsarət aldığını, kütləni qızışdıran isə "Ağaəli"
adlı şəxsi tanıdığını göstərib.
Təqsirləndirilən Zakir Mustafayev isə həmin şəxsin ona işgəncə
verdiyini deyib. Bildirib ki, o, Sabunçu rayon Polis İdarəsində
olarkən E. Şərifov hicablı qadınları təhqir edib. Bundan qəzəblənən
təqsirləndirilən şəxslər və yaxınları isə şahidə etiraz
ediblər.
Təqsirləndirilən A. Hüseynov onun üzünə tüpürüb.
Sonra prosesdə fasilə elan olunub.
Fasilədən sonra hakim Abbas Hüseynova xəbərdarlıq edib və
bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, şahidi
və dövlət ittihamçısını təhqir edib: "Mən bayaq görməmişəm. Sonra
mənə dedilər ki, prokuroru da təhqir etmisən. Buna görə sənin
zaldan çıxarılmağınla bağlı qərar qəbul edirik".
A. Hüseynov isə gərginliyi qarşı tərəfin yaratdığını iddia edib
və nalayiq hərəkəti bilərəkdən etdiyini etiraf edib.
Hakim isə bildirib ki, bütün məsələlər qanunla həll
olunmalıdır.
Fuad Qəhrəmanlı bildirib ki, adamların üzünə tüpürülməsi
faktının üstündən keçmək lazımdır. Hakim isə bildirib ki, bu, Fuad
Qəhrəmanlının şəxsi fikirdir və onlar qanuna tabedirlər.
Daha sonra A. Hüseynov zaldan çıxarılıb.
Təqsirləndirilən şəxslər isə onun iştirakı olmadan prosesin
keçirilməsinə etiraz ediblər.
Onlar bildiriblər ki, belə olsa, prosesdə iştirak etməyəcəklər
və vəkillərindən imtina edəcəklər. Hakim isə bildirib ki, onlar
iclaslarda iştirak etməlidirlər. Vəkillərdən imtina etsələr, onlara
başqa vəkillər təyin olunacaq. Vəkillər də A. Hüseynovun iştirakı
olmadan iclasın keçirilməsinə etiraz ediblər. Bildiriblər ki,
şahidlərin çoxu Abbas Hüseynovla bağlı ifadə verdikləri üçün onun
iştirakı olmadan iclası keçirmək düzgün deyil. Onlar iclasın təxirə
salınmasını və onun iştirakının təmin olunmasını istəyiblər. Hakim
prosesi sentyabrın 23-nə təxirə salıb və A. Hüseynov müraciət
etdiyi təqdirdə onun iştirakının təmin oluna biləcəyini deyib.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən
adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7,
120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29,
120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12,
228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz
olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən
il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının
Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı
T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin
şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq
Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər
çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də
həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq
çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin
qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar
etmə) maddələri ilə ittiham olunur.