Sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni həbs
qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Qaradağ rayon
Məhkəməsinin qərarı ilə Ə. İnsanovun barəsində 3 ay müddətinə həbs
qətimkan tədbiri seçilib. Bu onun barəsində başlanılan cinayət işi
ilə bağlıdır.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət
Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak
miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2
(Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən
həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə
müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə
əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq
etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə
göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan
zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya
istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan
olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə)
maddələri üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs
olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət
aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham
olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il
müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddətinin
başa çatmasına az qalmışdı.