Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu qərara görə yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramova peşəkar media nümayəndələri adından dərin təşəkkürümü bildirirəm.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb. O bildirib ki, Pərviz Abubəkirovun bu vəzifəyə gəlişindən sonra media ilə Səhiyyə Nazirliyi arasında dərin uçurum yaranmışdı:
"Suallarına cavab ala bilməyən jurnalistlər həmin cavabları xəstəxanalarda, birbaşa həkimlərdən axtarmağa məcbur qalmışdılar. Nəticədə mətbuat katibinin üzərinə düşən işi həkimlər görməli olurdular, bu isə media, cəmiyyət və tibb işçiləri arasında əlavə gərginlik yaradırdı.
Halbuki həkimin vəzifəsi nazirliyin mətbuat katibini əvəz etmək deyil. Səhiyyə siyasəti, sistemdəki problemlər və ictimai əhəmiyyətli məsələlərlə bağlı rəsmi açıqlamaları vermək məhz nazirliyin məsuliyyətidir.
Mənim qənaətimcə, Pərviz Abubəkirovun rəhbərliyi dövründə bu kommunikasiya sistemi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Suallara cavab vermək əvəzinə susmaq üstün tutulurdu. Nəticədə də nazir Teymur Musayev nüfuzunu itirdi və postunu tərk etmək məcburiyyətində qaldı".