Zabrat qəsəbəsində baş verən
qətlin təfərrüatları üzə çıxıb.
"Axar.az"ın araşdırmaları zamanı məlum olub ki, iki il öncə
Zabratdakı mağazaların birində iki qardaşın bıçaqlanması bu günkü
qətlin törədilməsinə zəmin yaradıb. Ona görə də qisas hissi növbəti
cinayətə yol açıb.
Hələ 2012-ci il, yanvarın 6-sı Zabratda mağaza sahibi olan Rabil
Musayev adlı şəxslə tanışları Rafael və Kamil Fərəcov qardaşları
arasında münaqişə. Hadisə nəticəsində R.Musayev əlində olan bıçaqla
qardaşları bıçaqlayıb. Bu gün isə iki il öncəki qətli törədən
R.Musayevin oğlu və yaxın qohumu 2012-ci ildə baş vermiş hadisənin
qurbanı olub.
Belə ki, saat 11:30-da Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin
qarşısında R.Musayevin oğlu, 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu
Musayev qətlə yetirilib.
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə,
güllələnənlərdən 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev
isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində yaralanan Mehdiyev Mehdi 1991-ci il
təvəllüdlüdür. Onun Sabunçudakı 3 saylı klinik xəstəxanaya
aparıldığı deyilir. Hadisə nəticəsində ölən və yaralanan hər iki
gənc Türkiyədə ali təhsil alırmışlar. Qətli törədən şəxs Kamil
Fərəcovdur. Onun 45-50 yaşlarında olduğu deyilir. "Axar.az"a
verilən məlumata görə, qətli törədən K.Fərəcov R.Musayevin 2 il
əvvəl bıçaqladığı qardaşlardan biridir. İddia olunur ki, o,
R.Musayevdən öldürülən qardaşının qisasını alıb.
Qeyd edək ki, 2012-ci ildə qardaşlardan biri - R.Fərəcov boğaz
nahiyəsindən zərbə alaraq hadisə yerində dünyasını dəyişib, o biri
müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həmin vaxt hadisəni törədən R.Musayev istintaqa ilkin ifadəsində
törətdiyi əməli etiraf edib, hadisənin şəxsi münasibətlər zəminində
baş verdiyini söyləyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
və 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ona
cinayət işi açılıb. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə
pul üstündə baş verib. Fərəcov qardaşlarının mağazaya xeyli
miqdarda borcu olub. Hadisə baş verən günü Rabil Fərəcov
qardaşlarından mağazaya olan borcu qaytarmağı tələb edib.
Buna görə də tərəflər arasında mübahisə yaranıb və bu qanlı
cinayət hadisəsi baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə
verən Rabil Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib,
peşman olduğunu deyib.
Hazırda onun həbsdə olduğu bildirilir.