Son aylar qohumlar arasında tükürpədici cinayət
hadisələrinin sayı artıb. Elə iki həftə öncə Yasamal rayonunda
Tahir Əliyev adlı vətəndaş çoxsaylı bıçaq zərbələri ilə qardaşı
oğlu İlhamın həyatına son qoyub. Ötən ay isə 23 yaşlı Əsgəralı
Abbasov 3 dayısını yandıraraq öldürüb.
Bu qəbildən olan bir çox cinayət faktı sadalamaq olar.
Bəs nə baş verir?
"Axar.az"ın bu sualını cavablandıran
keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, qohumlar arasında
artmaqda olan cinayət hadisələri gələcəkdə qan davasına gətirib
çıxara bilər. Onun sözlərinə görə, qohumluq münasibətləri gərgin
olan cəmiyyətlərdə proses qan davasına doğru gedir.
M.Hacıyevin fikrincə, heç bir cəmiyyət qan davasından
sığortalanmayıb: "Bu da psixoloji gərginliklə əlaqəlidir. Ailələr
arasındakı soyuq münasibətlər cinayətlərin sayını artırır. Belə
cinayətlərin başında elə də ciddi səbəblər dayanmır.
Əvvəllər qohumlar arasındakı problem ailə böyükləri vasitəsilə
həll edilirdi. Ancaq son illər ailə daxilində böyük-kiçik
münasibətləri, ictimai qınaq məhv olmuş səviyyədədir. Qohum
cinayətlərinin kökündə də dayanan səbəb budur. Ən acınacaqlısı isə
qohum cinayətlərinin xüsusi amansızlıqla həyata
keçirilməsidir".
Ekspertin fikrincə, cəza mexanizmini sərtləşdirmək belə, cinayət
hadisələrinin qarşısını ala bilməz: "Uzun müddət öncə Rusiya
Dumasına aparıcı hüquq institutlarının 200-dən çox alimi müraciət
etmişdi ki, belə cinayət hadisələrinin qarşısının alınması üçün
ölüm hökmü qaytarılsın. Ancaq bu, praktik cəhətdən düzgün metod
deyil".

Psixoloq Dəyanət Rzayev isə deyir ki, ailədaxili cinayət
hadisələrinin artması cəzasızlıqla bağlıdır: "Ədalətli məhkəmə
olsa, qohumlar yaranmış konflikti özləri həll etməyə can atmaz.
Psixoloji olaraq artıq zərərçəkən tərəf bilir ki, yaxınını qətlə
yetirmiş qohumu layiqli cəza almayacaq. Belə məqamlarda bəzən ailə
böyükləri cəzanı özləri verməyi əmr edir".
Psixoloq deyir ki, belə insanlar psixopatik insanlardır: "Bunlar
nə özləri yaşaya bilir, nə də ətrafındakılara yaşamağa imkan verir.
Bizim cəmiyyət psixoloji olaraq qan davası kimi cinayətlərə
meyllidir. Bu meyllilik və cəzasızlıq qan davasına səbəb olur. Hələ
uzun müddət belə davam etsə, vəziyyət daha acınacaqlı hal
alacaq".