Mart ayının 21-i Lənkəranda qətlə yetirilən sələmçi
Sürəyya Tağı qızı Tağıyevanın qətli ilə bağlı yeni xəbər
var.
Lənkərandakı mənbədən "Axar.az"a verilən məlumata görə, sələmçi
qadının qətlində şübhəli bilinən Samid Hüseynov Rusiyadan Lənkərana
qayıdıb və könüllü olaraq polisə gedib.
Onun polisə təslim olması üçün saxlanılan qardaşı Amid Hüseynov
sərbəst buraxılıb. Qətldə şübhəli bilinən və polisə gedən Samid
özünü günahkar bilmir və qətldə əlinin olmasını inkar edir.
Mənbə deyir ki, hadisədən sonra sözügedən məhəllədə yaşayan
digər sakinlər polisə çağırılır, dindirilir. Hadisə ilə əlaqədar
bir neçə nəfərin saxlandığı da bildirilir.
Hadisə və ümumiyyətlə, bir ay ərzində Lənkəranda ayrı-ayrı
sələmçi qadına qarşı törədilən qətl və qarətlərin mütəşəkkil dəstə
tərəfindən həyata keçirildiyi haqda deyilənlərə DİN mətbuat
xidmətinin rəis müavini Ehsan Zahidov aydınlıq gətirdi. E.Zahidov
bildirdi ki, hadisəni mütəşəkkil dəstənin həyata keçirdiyini yalnız
araşdırmalardan sonra demək mümkündür: "Nazirlik respublika üzrə
baş verən bütün belə hallara qarşı tədbirlər görür, nəzarətdə
saxlayır. Lənkəranda baş verən hadisələrlə isə Lənkəran polisi özü
məşğul olur. Polis şikayətlər əsasında vətəndaşların işinə
baxır".
Qeyd edək ki, martın 21-i gecə Lənkəranın Şəhidlər Xiyabanı-5
ünvanında yerləşən mənzilə basqın olub və hadisə zamanı 1954-cü il
təvəllüdlü Sürəyya Tağı qızı Tağıyeva qətlə yetirilib. Qadın uzun
illər sələmçiliklə məşğul olub.