"Böyük Bakının 2030-cu ilə qədər Regional İnkişaf Konsepsiyası"
layihəsinın müzakirələri davam etdirilir. Layihədə şəhərin inkişaf
planları, infrastrukturun yenilənməsi, nəqliyyat, şəhərsalmanın
idarə edilməsi kimi konseptual məsələlər əksini tapıb. Komitənin
beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir
Qocayev "Axar.az"a açıqlamasında adıçəkilən konsepsiya layihəsinin
bu ayın sonunda yekunlaşacağını bildirib.
Layihədə nələr gözlənilir?
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitekrtura Komitəsi və Bakı
Layihə İnstitutunun mütəxəssislərinin birgə hazırladığı "Böyük
Bakının Regional İnkişaf Konsepsiyası"nın əsas məqsədi Bakının
mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron
regionun yaxın 15-20 ildə əsas planlaşdırma sxeminin hazırlanması
və qəbul olunmasıdır. Həmçinin, layihədə şəhərin şəhərsalmasının
idarəetmə sistemini işləyib hazırlamaq planlaşdırılır. Burada
mövcud tikililərin sökülərək daha müasirləri ilə əvəzlənməsi,
yaşayış massivlərinin yenilənməsi, bəzi iri müəssisələrin
köçürülməsi kimi məsələlər də əks olunur. Məsələn: layihəyə görə,
Dəniz limanının və bərənin Qaradağ rayonu Ələt qəsəbəsisi
yaxınlığına köçməsi, neftdaşıyan terminalın Abşeronun şərq
sahilindən Sanqaçal terminalına köçürülməsi, "Qara Şəhər" adlanan
yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və
boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi, "Xutor" (88
hektar), "Kubinka" (46 hektar), şəhərin mərkəzində Nərimanov
prospekti ilə Azərbaycan prospekti arasındakı ərazinin, həmçinin
"20-ci sahə" kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası
planlaşdırılır.
Elektrik qatarları qayıdır
Həmçinin, planda şəhərin və bütün Abşeron yarmadasının vahid
nəqliyyat sxeminin tərtib edilməsi, şəhərin ekoloji
yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi,
Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sisteminin təşkili
nəzərdə tutulur. Adıçəkilən sənəd təsdiqlənərsə, Bakıətrafı
qəsəbələrə elektrik qatarlarının hərəkəti bərpa oluna bilər. Müasir
tələblərə cavab verən yeni elektrik qatarları əvvəllər olduğu kimi,
Bakı və Bakıətrafı qəsəbələr istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, əvvəllər Bakıətrafı qəsəbələrin əhalisi əsasən
elektrik qatarlarının xidmətindən istifadə edirdilər. Qatarla
birbaşa şəhərin mərkəzinə getmək imkanı olan sakinlər üçün bu, daha
əlverişli idi. Layihədə Bakı Dəmir Yolu Vağzalında relslərin
sayının azaldılması da planlaşdırılıb. Bu vağzal gələcəkdə yalnız
elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərəcək. Əsas
dəmiryolu vağzalı isə Biləcəridə qurulacaq.
Qeyd edək ki, Bakıda yerüstü metrobusların da fəaliyyət
göstərməsi planlaşdırılır. Onların işləməsi konkret ərazilərin
müfəssəl planları işləndikdən sonra mümkün olacaq. Hazırda dünyanın
bir çox ölkələrində ekoloji baxımdan daha əlverişli olan elektrik
qatarları, tramvay və trolleybus, yerüstü metrolardan istifadəyə
üstünlük verilir. Bakının kifayət qədər böyüdüyünü və nəqliyyatla
bağlı problemlərin hələ də qaldığını nəzərə alsaq, planın bu
hissəsinin reallaşması faydalı olar.
Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün
məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci
ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə
respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib.
Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı
ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə
edib.