Son illərdə paytaxta, eləcə də regoinlarda tikintisi yarımçıq
qalan binaların aqibəti aktuallaşıb. Hələ 2008-ci ildə
Zabrat-Maştağa yolunun üzərində düz körpünün yanında iri bir
layihənin plakatı asıldı. Dəmiryol xətti və yüksək gərginlikli
elektrik xətlərinin tam yanında əsası qoyulan bu buna hamının
marağına səbəb oldu. Və şəhərdən kənar olması vətəndaşları bu
şəhərciyə həvəslə cəlb etdi. Cəmi bir neçə mərtəbəsi tikildikdən
sonra isə inşaat işləri dayandı. Oradan mənzil almaq üçün
əvvəlcədən pul ödəyən vətəndaşların hüquqları da sual
altındadır.
Amma onlar azlıqda deyillər. Bakının bir çox yerlərində uzun
illərdir tikintisi yarımçıq qalan binaların "sakinləri" hələ də
mənzillərinin onlara təhvil verilməsini gözləyirlər. Bəs həmin
binalar istifadəyə yarayırmı? Tikintisi başa çatdırılsa belə, bu
mənzillərdə yaşamaq nə dərəcədə təhlükəsiz sayılır?
"Axar.az"ın araşdırmasını təqdim
edirik.
Binaların ömrü qısalır
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq
qrupunun apardığı araşdırmalardan bəlli olub ki, hazırda Bakıda
təxminən 2400-ə yaxın yeni tikilən bina var. Bunların hər birində
orta hesabla 150 mənzil tikilib. Bəzi binalarda mənzillərin çoxu
satılsa da, bir çox binalardakı mənzillərin təxminən 30 faizi,
ümumilikdə, təxminən 110 minə yaxın mənzil boşdur. Tikinti
sahəsində fəaliyyət göstərən mütəxəssislərin sözlərinə görə,
sakinlərlə tam məskunlaşmayan binaların əksəriyyəti fiziki və
mənəvi aşınmaya məruz qalırlar.
"Binaların fiziki aşınmasının ləngidilməsi üçün onlarda sabit
temperatur olmalıdır. Ümumiyyətlə, bina böyük konstruksiyadır,
soyuduqda və qızdıqda metal konstruksiyaları deformasiyaya uğrayır.
Onda mikroçatlar yaranır, çöl tərəfdən suvağı, rəngi, üzlükləri
tökülür. Armaturlarda korroziya yaranır, beton armaturdan
aralanmağa başlayır. Bununla da bina tez sıradan çıxır. Əgər
layihəyə görə, binanın istismar müddəti 150 il nəzərdə tutulurdusa,
belə olan halda o, 60-70 ildən sonra sökülməli olur. Yəni binada
mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, onun ömrü iki dəfə
azalır".
Tədricən aşınaraq dağılan tikilidən əlinizi
üzün
Tikintisi yarımçıq qalan binaların tamamlanmaması onları
potensial təhlükə mənbəyinə çevirir. "Əmlak Bazarı İştirakçıları"
İstimai Birliyinin eksperti Pərviz Rəhimoğlu "Axar.az"a
açıqlamasında bildirib ki, binalar bir neçə səbəbdən aşınmaya məruz
qalaraq dağılır:
"Yarımçıq tikilini uzağı 2-5 il ərzində istifadəyə vermədən
saxlamaq olar. Sonradan isə həmin bina daxili və xarici amillərin
təsiri nəticəsində aşınmaya məruz qalır və dağılır. Belə ki, qış
fəslində soyuq və şaxtalı hava, yağış və qar bir çox hallarda belə
binaların dayanıqlığına ciddi təsir göstərir, onların ömrünü
qısaldır. Bu da həmin tikililərin aşınmasını sürətləndirir, uçub
dağılma ehtimalını artırır. Bu səbəbdən yarımçıq bina probleminin
həllinin sürətləndirilməsi olduqca vacibdir".
Xarici təcrübə nə deyir?
Ekspert problemin həlli yollarına da toxunub. Bu sahədə xarici
təcrübənin öyrənilməsinə də ehtiyac olduğunu vurğulayıb:
"Yarımçıq qalmış binaların dövlət tərəfindən müsadirə olunması
qanunvericiliyə ziddir. Çünki bu, sahibkarlıq subyektinə qarşı
təzyiq hesab edilir. Onların taleyi məsələsi istənilən halda
ikitərəfli razılaşma əsasında olmalıdır. Çünki həmin binalar şəxsi
mülkiyyətdir. Azərbaycanda bazar münasibətləri formalaşdığından
yarımçıq binalarla bağlı administrativ idarəetmə formalarına əl
atmaq düzgün olmazdı. Lakin Rusiyada olduğu kimi, həmin tikililərin
hərraca çıxarılaraq satılması mümkündür. Təbii ki, dövlət də
əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır".
MTK-dan alıb bələdiyyələrə vermək
mümkündür
Bu məsələdə xarici təcrübənin öyrənilməsinə ehtiyac olduğunu
deyən P.Rəhimoğlu yarımçıq binaları bələdiyyələrə verməklə onlardan
Mənzil Fondunun formalaşmasında istifadə etməyin mümkünlüyünü
vurğulayıb:
"Yarımçıq tikililərin tikilib başa çatması üçün konkret limit
qoyulmasının və bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə
edilməsilə bağlı Ukrayna modeli mövcuddur. Bu ölkədə inşası
yarımçıq qalan tikintilər bələdiyyələrin balansına verilir. Onlar
da binadakı mənzilləri satmaq yolu ilə qarşı tərəfin pulunu ödəyir.
Bizdə də yarımçıq binaların dövlət tərəfindən deyil, məhz
bələdiyyələr tərəfindən alınması prosesinin həyata keçirilməsi daha
məqsədəuyğun olardı".
Mənzil Fondunun formalaşmasına dəstək
Qeyd edək ki, "Mənzil Məcəlləsi"nə edilən son dəyişikliklərə
əsasən, Mənzil Fondunun idarə olunmasında bələdiyyələrin balansında
olan və kommunal mənzillər məsələsi ortaya çıxıb. Belə məlum olr
ki, ilk olaraq bələdiyyələrin mənzil fondu formalaşmalıdır.
Qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişikliklərin
edilməsinə ehtiyac yaranıb. Məlum olduğu kimi, hazırda
bələdiyyələrin iqtisadi maliyyə durumu həmin yarımçıq binaların
alınması və tikintini başa çatdırmağa imkan vermir. P.Rəhimoğlu
hesab edir ki, bu istiqamətdə dövlət müəyyən addımlar atmalı,
bələdiyyələrə subsidiyalar ayırmalıdır:
"Lazim gələrsə, onlara uzunmüddətli, az faizli kreditlər də
verilməlidir ki, özünüidarə orqanları da yarımçıq mənzillərdə işin
başa çatdırılması prosesinə cəlb olunsun. Belə vəziyyət
Azərbaycanda bələdiyyə institutunun ən azından prosesdə tam normal
şəkildə iştirakının təmin olunmasına gətirib çıxarar. Eyni zamanda,
tikinti şirkətləri də üzərində hər hansı bir məsuliyyətin olduğunu
görsə və binanı qoyulan limit müddətində başa vurmadıqda tikintinin
əlindən çıxmaq riskinin olduğunu bilsə, prosesə daha məsuliyyətli
yanaşacaq. Belədə yarımçıq binalarla bağlı problem də öz həllini
tapar".