Dubaydan Azərbaycana halal geyim və kosmetika
gətiriləcək. Bu barədə fikirlər Dubayın Ticarət və Sənaye
palatasının üzvlərinin iştirakı ilə ölkəmizdə keçirilən Pərakəndə
və Françayzinq biznesi üzrə dəyirmi masada
səsləndirilib.
Şirkətlər əsas hədəflərinin ölkəmizdə halal pərakəndə satış
potensialını inkişaf etdirmək olduğu bildiriblər.
Dubaydan gələn rəsmilərin və iş adamlarının sözlərinə görə,
hazırda dünyada pərakəndə ticarətin 10 faizi halal malların
satışının payına düşür. Bura yalnız ərzaq deyil, həm də ətriyyat,
kosmetika, geyim kimi məhsullar daxildir. 2012-ci ildə müsəlmanlar
islam geyiminə 224 milyard, təkcə halal kosmetikaya isə 26 milyard
dollar pul xərcləyiblər.
Hazırda halal satışın ikinci mərkəzi olan Dubay Azərbaycan kimi
hələ potensialı tam istifadə olunmayan ölkələrin hesabına bu
rəqəmləri artırmaq niyyətindədir.
Bəs halal geyim və kosmetika necə müəyyən ediləcək? Ölkəmizdə
bununla bağlı standart varmı?
İslam qaydalarına görə, halal geyimin təməlində əsas məsələ ayıb
yerlərin örtülməsidir, ikincisi gözəl görünməkdir.
""Ey insanlar" Sizə övrət yerlərinizi örtəcək və sizi
gözəlləşdirəcək paltarlar yaratdıq"".
İslama görə, kişilərin ipək paltar geyinməsi, qızıl taxması
haram buyrulub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komissiyasının mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə hazırda
ölkədə yalnız halal qida ilə bağlı milli standartın olduğunu
dedi:
"Halal geyim və kosmetika ilə bağlı milli standart olmasa da, bu
istiqamətdə işlər aparılır. Komitə tərəfindən bununla bağlı
beynəlxalq standartlar mövcuddur. Yaxın gələcəkdə bu standartlar
öyrənilib, milli standartların hazırlanmasında istifadə
ediləcək".
Komitə rəsmisi onu da bildirdi ki, hazırda geyim və kosmetika
ilə bağlı təhlükəsizlik və keyfiyyət tələbləri mövcuddur. Ölkəyə
idxal edilən məhsullarda da bunlar əsas götürülür.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə
görə, bu məhsullar üzrə halal standartı kağız üzərində yazıla
bilər, lakin ona nəzarət çox mürəkkəbdir:
"İnsanların böyük əksəriyyəti halal kosmetika, halal geyim
məhsulları adı ilə aldadılır. Kosmetikanın tərkibində yüzlərlə
maddə olur ki, onların dini qaydalara uyğun olub-olmadığını
araşdırmaq mümkün olmur. Paltarlar daşınarkən, xammal hazırlanarkən
haramlıq qatılmadığına kim nəzarət edəcək?".
E.Hüseynov halal geyim və kosmetikanın necə müəyyən edilə
biləcəyindən də danışdı:
"Kosmetikanın tərkibində müxtəlif yağlar, piylər, rəngverici
maddələr var ki, bunlar halal hesab edilə bilməz. Geyimin
tərkibində istifadə olunan parçalar, onların hazırlandığı iplərin
saxlanması, haram məhsullarla əlaqədə olmaması ilə bağlı standart
müəyyən edilə bilər. Bunu hazırlamaq çətin deyil. Amma parçanın
sapı, rəngi ayrı-ayrı ölkələrdən gətirilirsə, onun halallığına kim
nəzarət edə bilər? bir sözlə halal o zaman real olacaq ki, ona
nəzarət etmək mümkün olsun" /Publika/.