Türkiyənin Soma şəhərində
yerləşən kömür mədənində baş vermiş faciə ilə bağlı Azərbaycanda
fəaliyyət göstərən gündəlik qəzetlərin növbəti buraxılışları (red:
16-20 may tarixləri arası) "ağ-qara" çap oluna bilər.
Bir neçə ictimaiyyət nümayəndəsi və millət vəkilləri
Azərbaycanda aparıcı qəzetlərin sabahkı buraxılışının "ağ-qara"
formatda çıxmasını təklif edib.
Sözügedən məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Əflatun
Amaşov isə deyib ki, qəzetlərin sabahkı buraxılışlarının "ağ-qara"
formatda çap olunması üçün xüsusi məsləhətləşmələrə ehtiyac yoxdur:
"Bu, ümumi göstərişlə həyata keçiriləsi məsələ deyil. Bu, məsələ
qəzet rəhbərlərinin fərdi istəyi ilə olan məsələdir. Bu məsələni
ümumi məsələ kimi gündəmə gətirmək də doğru deyil. Hər bir qəzet öz
buraxılışının hansı formatda çıxarılmasında, Türkiyədə baş verən
faciəyə münasibətini bildirməkdə və materiallar hazırlamaqda
azaddır. Yəqin ki, Azərbaycan mətbuatı da Türkiyədə baş vermiş bu
faciə ilə bağlı öz oxucularına sonadək geniş məlumat verəcək.
Burada əsas məsələ də məhz budur".
Ə.Amaşov həmçinin Türkiyə xalqına da başsağlığı verib:
"Türkiyədə kömür mədənində baş verən faciə bizi də çox üzüb.
Türkiyənin faciəsini biz hər zaman öz faciəmiz hesab etmişik. Biz
hər zaman "bir millət, iki dövlət" prinsipini əsas götürmüşük. Türk
xalqının və dövlətinin başı sağ olsun!".
Xatırladaq ki, Türkiyədə kömür mədənində baş vermiş partlayış
nəticəsində ölənlərin sayı 274 nəfərə çatıb. Faciə ilə əlaqədar
Türkiyədə üçgünlük matəm elan olunub /Publika.az/.