Bakıda gəlin kortejini müşayiət edən VAZ-2107 markalı 90
XF 766 nömrəli avtomobilin sürücüsü həbs olunub.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, həmin sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində
qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad
Rəsulovdur. Bu gün polisin keçirdiyi tədbirlər nəticəsində həmin
sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin "avtoxuliqanlıq" maddəsi
ilə inzibati protokol tərtib olunan Fuad Rəsulovla bağlı toplanmış
materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə avtoş
sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.
Qeyd edək ki, videogörüntülərdən də göründüyü kimi, sürücü
"peşəkarlıq nümayiş etdirərək" yol boyu maşını arxaya sürüb. Amma
bu əməllər birmənalı olaraq avtoxuliqanlıqdır. Çünki sürücü
dəfələrlə qəza şəraiti yaradır, sürət həddini aşır, başqa
maşınların yoluna çıxaraq onları hərəkət istiqamətini dəyişib
yoldan çıxmağa məcbur edir. Hər halda, toy günü bu cür əməllər
normal qəbul edilə bilməz. Bu sürücünü toyu yasa döndərmək niyyətli
biri kimi də qəbul etmək olar. Təcrübə göstərir ki, son vaxtlar toy
kortejlərində qəzalar tez-tez baş verir ki, sonu bədbəxt nəticələrə
gətirib çıxarır.
Əldə etdiyimiz başqa bir məlumata görə, 90 XF 766 nömrəsi artıq
mövcud deyil. Həmin nömrə yol polisinə təhvil verilib. Ehtimal
olunur ki, avtoşluq edən avtomobilin sürücüsü saxta nömrədən
istifadə edib. Videodan izlədiyiniz hadisə isə Mərdəkan qəsəbəsində
qeydə alınıb. /avtosfer.az/