"Bizi hadisə günü vuran Səbail Rayon İcra Hakimiyyəti
başçısının müavini Yavər Allahverdiyev olub".
Bu sözləri Axar.az-a Səbail Rayon İcra Hakimiyyəti başçısının
müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən 10
AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin mayın
11-də yol kənarı ilə hərəkət edərkən vurduğu 3 piyadadan ikisi -
Xalid Cəbrayılov və Zəfər Xəlilov bildirdi.
Onların dediyinə görə, hadisədən sonra Səbail Rayon İcra
Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev onlara baş
çəkməyib. Yalnız xəstəxana xərcləri ödənib, bu da çox cüzi olub.
Hazırda hər iki zərərçəkmiş evlərində müalicələrini davam
etdirirlər.
Xəsarət alan Xalid Cəbrayılov hadisəni belə danışır:
"Maşın çox sürətlə gəlib bizi arxadan vurdu və heç əyləci də
basmadı. Mən özümü kənara ata bildim. Maşının təkərinin diski
ayağımı sürtərək məni yaraladı. Hadisə günü yaxınlıqda tanışlarımız
vardı. Onlar bizə qəzanı törədənin Səbail Rayon İcra Hakimiyyəti
başçısının müavini Yavər Allahverdiyevin olduğunu dedilər. Qəzadan
10 dəqiqə sonra hadisə yerinə bir neçə Cip gəlib. Onların arasında
"909" nömrəli "Lənd Kruzer" markalı avtomobil də olub. Onlar
maşının üzərindəki nömrəni açıblar və Yavər Allahverdiyevi
götürərək oradan uzaqlaşdırıblar. Bizə deyilənə görə, hətta
onlardan biri hadisə yerinə gələn polislə mübahisə də edib".
Xalid Cəbrayılov ailəlidir və 3 uşağı var. Evin tək dolanışığı
onun üzərinə düşür. O, çətin şəraitdə yaşayan ailəsinə qəzadan
sonra dolanışıqlarını təmin etmək üçün heç bir maddi yardım
edilmədiyini deyir:
"Qəzadan sonra bizə yardım edən olmadı. Heç bir dəfə də olsun nə
Səbail rayon icra başçısı, nə də müavini bizimlə maraqlanıb. Yalnız
müəyyən miqdarda xəstəxana xərclərini ödəmək üçün yardım ediblər.
Verilən məbləğ bütün müayinə xərclərini ödəməyə yetmədi. Bir çox
hallarda xəstəxana xərclərini cibimdən ödəməli oldum. Ayağımdakı
milin çıxarılması üçün 2 ay vaxt lazımdı. Bundan sonra isə növbəti
2 ay ərzində ayağım tam sağalacaq. Ona qədər nə ilə dolanacağımızı
bilmirik. Evin kirayəsi durur. 5 nəfərik və ailənin xeyli xərcləri
var".
Digər zərərçəkmiş Zəfər Xəlilov hələ də hadisənin şokunu
üzərindən ata bilmir:
"Səkinin üstü ilə hərəkət edirdik. Qəfildən maşın səsi eşitdim
və geriyə dönüb baxdım. Ondan sonra nə olduğunu xatırlamıram. Bizə
hadisəni törədənin öncə Yavər Allahverdiyev olduğunu dedilər. Daha
sonra onun oğlu, ardınca isə sürücüsünün qəza günü sükan arxasında
olduğu xəbəri bizə çatdı. Hadisədən sonra bizə baş çəkən olmadı.
Xəstəxanada pulum olmadığı üçün həkimlər məni əməliyyata
götürmədilər. Borc-xərcə düşüb pul tapdıq və həkimlər əməliyyata
razılıq verdi. İcra başçısı müavininin adamları bir neçə gün sonra
baş çəkməyə gəldilər. Onda da çox az miqdarda xəstəxana xərclərini
ödədilər. İndi müalicəm evdə davam edir və pulum yoxdur".
Qeyd edək ki, Zəfər Xəlilov da ailəlidir və 3 uşağı var. Evin
tək çörək gətirəni olduğundan ailə hazırda çox əziyyət çəkir:
"Evin 2 aylıq kirayə pulu durur. Ev sahibi bizim heç nəyimizdir
və o nə vaxta qədər gözləyə bilər ki! Ayağım 4 ay sonra sağalacaq.
Həmin müddətə qədər nə ilə dolanacağıq? Niyə bizi axtarıb yardım
etmirlər? Müayinə olunmaq üçün borc almışıq. Hər gün məbləğin
üzərinə faiz gəlir. Bu borcu necə ödəyəcəyik?"
Qeyd edək ki, qəzada ölən Misir Şirinovun qardaşı Namiq Şirinov
Axar.az-a açıqlamasında onlara da hadisədən sonra baş çəkən
olmadığın dedi:
"Qəzadan sonra bizə yardım edən olmayıb. Heç zəng də etməyiblər.
Hazırda başımız yasa qarışıb. Qardaşımın qanının batırılmasına
icazə verməyəcəm. Bütün lazımi orqanlara müraciət edəcəyəm".
Hazırda istintaq işi Səbail Rayon Polis idarəsindən alınaraq
Respublika Prokurorluğuna verilib. Onu da əlavə edək ki, hadisə baş
verən gündən sonra Səbail Rayon Polis idarəsindən zərərçəkmişlərə
yalnız bir dəfə baş çəkib, ifadələrini alıblar.
Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini
Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən 10 AS 509
dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil mayın 11-də yol
kənarı ilə hərəkət edən 3 piyadanı vurub. Piyadalardan biri
dünyasını dəyişib.
Rəsmi məlumatda 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı
avtomobili Bakı şəhər sakini Sabir Hacıkərimovun (Səbail İcra
Hakimiyyətinin sürücüsü) idarə etdiyi bildirilib.
Bununla belə
mediada qəzanı törədənin Yavər Allahverdiyevin özünün olduğu
yazılsa da, bu günə qədər adı çəkilən şəxs hər hansı bir təkzib
xarakterli çıxış etməyib.