Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata
keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompüter sisteminə
qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə
müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin
talanması faktı aşkar edilib.
Hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan vətəndaşları
Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov
Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç,
Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli
şəxs qismində tutulublar.
MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə,
faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda
ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü
(ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə
qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur
obyektin kompüter sistemində məlumatları qanunsuz ələ keçirmə)
maddələri ilə cinayət işi başlanılıb. Hadiyev Fərid Şövqi oğlu,
Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov
Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç və İfraimov Nair İlişayeviç
təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə
barələrində həbs qətimkan tədbiri seçilib.
Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən banklardan birində
əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyev
informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda
özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaxın tanışı Yaşar
Ələkbərovla qabaqcadan əldə edilmiş razılığa əsasən tanışları Nasir
İbrahimova və Nair İfraimova Bakıda fəaliyyət göstərən digər bir
bankda etibar etdikləri Azərbaycan Respublikası vətəndaşlarının
adına bank hesabları açmağı tapşırıblar. Nasir İbrahimov Fərrux
Bayramova, Nair İfraimov Rinat Aqarunova informasiya
texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin
əmlakını gizli olaraq talamaq məqsədilə ayrı-ayrılıqda onların
adına bank hesablarını açmağı təklif edib, Fərrux Bayramov və Rinat
Aqarunov da bununla razılaşıblar. Nasir İbrahimov Fərrux
Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux
Bayramovun və Rinat Aqarunovun adlarına bank hesabları açdıraraq,
hər ikisi üçün "MasterCard Standard" plastik kartı sifariş etmiş və
hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla
birlikdə götürüblər.
Bundan sonra Fərid Hadiyev qabaqcadan əldə edilmiş razılığa
əsasən, işlədiyi bank filialında xidməti fəaliyyətinin
imkanlarından istifadə etməklə iri məbləğdə əmanətləri olan bir
sıra şəxslərin kredit kartlarının nömrələrini əlaqədar öyrənərək,
həmin nömrələri mobil telefonla Yaşar Ələkbərova göndərib. Yaşar
Ələkbərov mart ayında həmin nömrələrdən istifadə edərək qeyd olunan
bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ
dolları məbləğində pulu elektron köçürmə yolu ilə Fərrux Bayramovun
"MasterCard Standard" plastik kartına, may ayında isə təxminən 178
min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Rinat
Aqarunovun "MasterCard Standard" plastik kartına köçürmüş və hər
iki halda Fərid Hadiyevi məlumatlandırıb.
Pulların köçürülməsindən sonra Fərid Hadiyevin tapşırığına
əsasən Nasir İbrahimovla Fərrux Bayramov birlikdə sonuncunun adına
olan plastik kartdan istifadə etməklə Bakı şəhərində müxtəlif
yerlərdə yerləşən bankomatlar və bank filialı vasitəsilə qanunsuz
köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırıblar. Nair
İfraimov isə Moskva şəhərində Rinat Aqarunovun adına olan plastik
kartdan istifadə etməklə bu şəhərdəki bankomatlar vasitəsilə
qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə
nağdlaşdırıb. Beləliklə, Fərid Hadıyev, Yaşar Ələkbərov, Nasir
İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov və Nair İfraimov
qabaqcadan əlbir olaraq bir qrup şəxs halında informasiya
texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda
əmlakını gizli olaraq talayıb nağdlaşdırdıqları 254 min ABŞ dolları
məbləğində pulu öz aralarında bölüblər.
Qrupun üzvləri növbəti dəfə öz hüquqazidd əməllərini davam
etdirməyə cəhd göstərərkən Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət
başında yaxalanıblar.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd
əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
APA