"Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək
intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq,
dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu
siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın
gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın
gələcəyi etibarlı əllərdədir".
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "İrəli"
İctimai Birliyinin IV hesabat-seçki konfransındakı çıxışında
deyib.
Ə. Həsənov bildirib ki, H. Əliyev sağlam düşüncəli gənc nəslin
yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi,
bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata
keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini
yaradıb.
1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumunun
keçirilməsini ölkədə müstəsna əhəmiyyətə malik hadisə kimi
dəyərləndirən şöbə müdiri 1997-ci il fevralın 1-də ilk forumun
ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən H.
Əliyevin fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdiyini
xatırladıb.
Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini diqqətə çatdıran şöbə müdiri müasir dövrdə gənclər
siyasətinin yeni mərhələyə qədəm qoyduğunu deyib: "Bu gün
Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf
təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın
maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına
kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc
nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli,
vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr
həyata keçirilir".
Ə. Həsənov İ. Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən
siyasətin başlıca istiqamətlərindən birinin gənclərə dövlət
dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsi
olduğunu vurğulayıb: "Son illər respublikamızda həyata keçirilən
tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların
yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının
artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin
mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai
həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi,
iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm
rol oynayırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)"
və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı
təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər
siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və
ciddi uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi
sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə
dövlət qayğısı genişləndirilib, ölkənin ictimai-siyasi həyatında
gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu
sahədə irəliləyişlərə nail olunub, dövlətin qayğısı sayəsində
gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən
hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi
dəstək verilib.
2007-ci ilin "Gənclər ili" elan edilməsi, 2011-ci ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun
yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər
mərkəzlərinin inşası, 2013-cü ildə "Gənclər üçün Prezident
Mükafatı"nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və
qayğısının əməli nəticəsidir.
Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi
inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə
olunmasına, ictimai fəallığının artırılmasına, innovativ
ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına
yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun
vurmuş Fond, ümumilikdə 1457 layihə maliyyələşdirib. Azərbaycan
prezidentinin müvafiq sərəncamları ilə Fonda 2 dəfə Prezidentin
ehtiyat fondundan, 1 dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait
ayrılıb.
Cənab İlham Əliyev həmişə çıxışlarında bildirib ki, Azərbaycan
gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək
inkişafına töhfələrini verməlidirlər.
Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq,
Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə
dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan
dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə
çatdırılmasında gəncliyin öz yeri və xidməti var. Xalqlar arasında
dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm
verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır,
onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev
Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər
təşkilatının - AMOR-un sədri, IDEA kampaniyasının rəhbəri Leyla
Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi
yeri və rolu var. Onun rəhbəri olduğu AMOR Rusiyanın bütün
regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük
əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə
çevrilib.
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən
"Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı
soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət
göstərir. Bununla yanaşı o, Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas
məqsəd ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji
təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. İDEA müasir dövrün
çağırışlarına cavab təşəbbüsüdür.
Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək mümkündür ki,
Leyla Əliyeva şaxəli fəaliyyəti, məqsədli əməlləri ilə bugünkü
Azərbaycan gəncliyinə nümunədir. Gənclər görülən bu işlərə dəstək
verməlidirlər.
Gənclər təşkilatları sırasında özünəməxsus yeri olan qurumlardan
biri də "İrəli" İctimai Birliyidir. Birlik 26 avqust 2005-ci ildə
ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Əsas
məqsədi Azərbaycanın parlaq gələcəyini düşünən, onu irəliyə aparan
Prezident İlham Əliyevin yürütdüyü siyasət ətrafında sıx
birləşməkdən və daima onu dəstəkləməkdən ibarət olan Hərəkat, 3 il
fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandıraraq, 24 dekabr
2008-ci ildə "İrəli" İctimai Birliyinə çevrilib. Azərbaycanda insan
kapitalının inkişafına dəstək olmağı əsas missiyası müəyyən etmiş
"İrəli", yarandığı gündən yüzlərlə gənci öz ətrafına toplamış və
maraqlı təşəbbüslərlə çıxış edib.
Bu gün "İrəli" İctimai Birliyinin növbəti hesabat-seçki
konfransıdır. Bu o deməkdir ki, Birlik ötən 2 illik dövrə yekun
vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda rəhbər
strukturlarını yeniləyir. İctimai birlikdə belə bir ənənənin
qorunub saxlanması, daima yenilənmənin aparılması müsbət
haldır".
Ə. Həsənov təşkilat rəhbərliyinə bəzi iradlarını da bildirib. O,
təşkilata xalqla əlaqəni kəsməməyi tövsiyə edib: "Ayağınızın biri
irəlidə, biri isə arxada olmalıdır. Xalqla əlaqəni kəsməyin. Xalqla
əlaqənizi kəsəndə, başqa şəbəkələr sizdən istifadə etməyə
çalışacaq".
Ə. Həsənov "İrəli" İctimai Birliyinin rəhbər şəxslərinin və
üzvlərinin çıxışlarında Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyevin adının çəkilmədiyini də qeyd edib: "Azərbaycan dövlətinin
əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun
ideyaları Azərbaycanın maraqlarına cavab verir və gələcək
uğurlarımızın əsasını qoyub. Digər tərəfdən, bu gün burada
Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə əsas rol
oynayan Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin adları
çəkilməli idi, çəkilmədi. İnanıram ki, bu tövsiyələrimi İrəli
Gənclər Təşkilatının yeni rəhbərliyi nəzərə alacaq, yeni rəhbər
heyət dövlət orqanları, YAP-la əlaqələri gücləndirəcək, təşkilatın
üzvü olan minlərlə gəncin həyatında xüsusi rol oynayacaq".
"İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev iradlarla
razılaşdığını bildirib: "Sizin tövsiyələrinizdən nümunə götürürük.
Unudulan məqamları da ən qısa müddətdə aradan qaldıracağıq, üzr
istəyirik. Bizim özümüzü ölkəmizin layiqli vətəndaşı hiss etməyimiz
Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Onun həyata
keçirdiyi siyasət Azərbaycanın uğurlu gələcəyini təmin etdi.
Sevinirik ki, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti davam
etdirən prezident İlham Əliyev var. Bu prosesə kiçik də olsa,
dəstək göstərmişiksə, bu bizim üçün böyük uğurdur".