Bu gün 11:30-da Nərimanov Rayon Məhkəməsində Əməkdar
artist Mətanət İsgəndərlinin "Aznews.az" xəbər saytının baş
redaktoru Elçin Zahiroğlu və media orqanının əməkdaşı İntiqam
Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə
bağlı məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, M.İsgəndərli jurnalistlərin azadlıqdan
məhrum edilməsini tələbində israr edib və iddia üzrə məhkəmə baxışı
aparılıb.
Jurnalist Anar Niftəliyevin verdiyi məlumata görə, hakim Turqay
Hüseynov özünü büsbütün şikayətçi tərəfin vəkili kimi aparıb.
Jurnalistlərin hüquqlarını qoruyan vəkil Elçin Sadıqov tərəfindən
verilən suallar protokola əlavə olunmayıb, hətta müttəhim qismində
məhkəmədə iştirak edən baş redaktor Elçin Zahiroğlunun çıxışı
dəfələrlə kəsilib və hakim ona ittiham edən tərəfinin verməli
sualları özü şəxsən ünvanlayıb.
Məhkəmədə insident də yaşanıb və hakim heç bir səbəb olmadan
Axar.az saytının baş redaktoru Anar Niftəliyevə kobud və uyğun
olmayan reaksiya verib, onu zaldan çıxarmaqla hədələyib.
Anar Niftəliyev məhkəmə zalından uzaqlaşdırılması tələbi və
hakimin kobudluğu ilə bağlı məqama "Aznews.az" saytına verdiyi
açıqlamada aydınlıq gətirib:
"Əlimi qaldırdım və söz demək istədim. Ondan əvvəl vəkillərlə bu
barədə məsləhətləşmişdim və mənə bildirilmişdi ki, hakimdən icazə
alıb danışa bilərəm. Amma Turqay Hüseynov mənə çox sərt, kobud
şəkildə dedi ki, siz kimsiniz, zalı tərk edin. Mən də ona izah
etməyə çalışdım ki, iclasın gedişini pozmamışam, hətta söz belə
deməmişəm, sadəcə, əlimi qaldırmışam: normal şəkildə söz verə və
yaxud, verməyə bilər. Yalnız bundan sonra "vermirəm" deyib, əyləşə
biləcəyimi bildirdi. Ancaq bu qədər mövqeli və qərəzli bir prosesdə
daha necə oturaydım? Hakimi qıcıqlandıran nə idi ki, əlimi
qaldırdığım anda dərhal belə kobud reaksiya verdi?"
Anar Niftəliyev bu prosesdə Nərimanov Rayon Məhkəməsinin hakimi
Turqay Hüseynovun işə qeyri-obyektiv və qərəzli münasibətinin
hamılıqla şahidi olduqlarını deyir:
"Hər şeydən əvvəl deyim ki, bizim üçün ən maraqlı məsələ Cinayət
Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında olan
şikayət ərizəsinin məhkəmə tərəfindən qəbul olunması idi.
Bilirsiniz ki, bir neçə gün öncə cənab Prezident İlham Əliyev
AŞPA-dakı çıxışında bu məqamı xüsusi olaraq vurğuladı ki, 2009-cu
ildən üzü bəri Azərbaycanda diffomasiyaya görə heç bir jurnalist
həbs olunmayıb. Bundan əvvəl də diffomasiya ilə bağlı məsələlər
ATƏT-in nümayəndələri ilə Bakıda dəfələrlə müzakirə olunmuşdu və CM
147-ci maddəsi ilə artıq heç bir jurnalistin mühakimə olunmadığı
bəlli həqiqətdir. Belə olan təqdirdə xüsusi ittiham qaydasında
verilən şikayət ərizəsi niyə qəbul olunub?"
A.Niftəliyev bildirib ki, ölkə başçısının AŞPA-da ortaya qoyduğu
iradədən sonra bu cür şikayət ərizəsinin xüsusi ittiham qaydasında
qəbul edilməsinin səbəbləri maraq doğurur:
"Həm də Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetində
sədrliyə başlayıb və ölkəmiz hazırda diqqət mərkəzindədir. Eyni
zamanda, ATƏT-in iyunun 28-dən başlayan və iyulun 2-nə qədər davam
edəcək geniştərkibli sessiyası Bakıda keçirilir. ATƏT
müşahidəçilərinin və dünyanın 53 ölkəsinin 500-dən çox
nümayəndəsinin, həmçinin ermənilərin Bakıda olduğu bir məqamda bir
baş redaktorun diffomasiyaya görə xüsusi ittiham qaydasında məhkəmə
prosesinin aparılması təəccüblüdür".
Baş redaktorun fikrincə, ölkədə bu qədər Avropa nümayəndəsinin
olduğu bir vaxtda bu prosesin keçirilməsi heç də xoş rəy yaratmır
və burda ölkənin mənfi imicinin formalaşmasını istəyən hansısa
maraqlı tərəflərin olması ilə bağlı təəssürat yaranır:
"Fikir verin, həmişə beynəlxalq təşkilatların nümayəndələri
Bakıda olanda hansısa məhkəmədə jurnalistə qarşı xüsusi ittiham
qaydasında ittiham irəli sürülür və məhkəmə prosesi aparılır. Sanki
gizli bir əl bütün bunları təşkil edir və diqqətin Bakıya yönəldiyi
məqamda bu proseslər xarici qonaqlara kompromat kimi təqdim
olunur".
Hakimi qeyri-obqeytiv və qərəzli münasibətinin müəyyənləşməsi
üçün prosesin video-şəkilişinə baxılması və qiymətləndirilməsi
mümkünlüyü ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən
bildirildi ki, hakimlərin məhkəmənin tələblərini pozması halları
ilə bağlı şikayəti yalnız Məhkəmə-Hüquq Şurasına müraciət
olunmalıdır.
Məhkəmə-Hüquq Şurasının məlumat mərkəzindən isə qeyd olundu ki,
ittiham olunan tərəf və yaxud onun vəkili müraciət edəcəyi təqdirdə
araşdırma aparılacaq.
Baş redaktor Elçin Zahiroğlu video-yazının izlənməsi və hakimin
qərəzinin üzə çıxarılması üçün mümkün olan bütün hüquqi addımların
atılacağını bildirdi.
Xatırladaq ki, İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb
"Aznews.az" saytında barəsində gedən yazıdakı "narkoman"
ifadəsidir.