Namiq Həsənov isə mətbuatla bir
müddətlik əlaqələrini kəsib
Paytaxtın əksər dayanacaqlarında
gözlədikdə ya hansısa marşrut gecikir, ya da eyni xəttin
avtobusları bir anda dayanacaqda toplaşırlar. Bu zaman həmin
avtobus sürücüləri arasında ciddi mübahisə baş verir. Sərnişinlərə
isə sürücülərin "Niyə mənim vaxtıma girdin?" davalarına baxmaq
qalır. Bu cür mübahisələrə hər gün rast gəlmək olar. Qeyd edək ki,
mübahisədən sonra əsəbiləşmiş sürücülər avtobusun sürətini artırır
ki, itirilmiş interval bərpa edilsin. Beləcə, sərnişinlərin həyatı,
bütövlükdə yol hərəkəti qaydaları təhlükə altına düşür.
Avtobusların sayında qıtlıq
müşahidə olunur
Əsas problem isə budur ki, şəhər
sakinləri avtobusların bir-birinin intervalına girmələrindən
narahat deyillər. Onları xüsusən gecikmələr narahat edir.
Vətəndaşlar avtobusların gecikməsi ilə yanaşı, onların sayının az
olmasından da şikayətlənirlər. Son günlər paytaxt daxilində və ya
şəhər kənarlarında hərəkət edən avtobus marşrutlarının işində
problemlər özünü daha çox büruzə verməyə başlayıb. Qıtlığa səbəb
isə ötən il avtobusların sayında aparılan ixtisarlardır.
İslahatlara ehtiyac var
idimi?
Artıq avtobusların sayında ikinci
islahat həyata keçirilib. Birinci dəfə 300-dən 217-yə qədər
azaldılan marşrutların sayı, ikinci dəfə isə 217-dən 174-ə
endirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Namiq Həsənov mətbuata bildirib ki, islahatlar başlayanda paytaxtda
310-a qədər marşrut xətti var idi. Xırda avtobuslar iri tutumlu
avtobuslarla əvəzləndi ki, bu da gərəksiz say çoxluğunu aradan
qaldırmaqla yanaşı, həm də tıxacların qarşısını alacaq.
Tıxaclar intervalların nizamını
pozur
İntervalların pozulmasına əsas
səbəblərdən biri yollardakı tıxaclardır. Artıq tıxaclar paytaxtın
həlli mümkün olmayan probleminə çevrilib. Paytaxt yollarındakı
tıxaclar ictimai nəqliyyatın hərəkətini tənzimləməyə imkan vermir.
İntervalı daim nəzarətdə saxlamaq üçün avtobuslara kiçikölçülü
monitorlar yerləşdirilsə də, onlar hələ də fəaliyyət göstərmir. Bu
da sürücülərin intervalı qorumasında çətinlik yaradır. Ən kritik
vəziyyət isə iş saatlarının bitdiyi vaxt olur. Bu zaman işdən evə
gəlmək üçün dayanacaqlarda saatlarla gözləmək lazım gəlir. Vəziyyət
o həddə çatır ki, sərnişinlər uzun zamandan sonra gələn avtobuslara
minməyə yer tapmırlar.
Bu sistemə nəzarət
varmı?
Məsələ ilə əlaqədar olaraq Nəqliyyat
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq
Həsənovla əlaqə saxlamaq istəsək də, bildirildi ki, xidmət rəhbəri
bir müddətlik mətbuatla əlaqələrini kəsib. Buna səbəb isə
səhhətində baş verən müəyyən problemlərdir.
Alternativ olaraq "Bakı Sərnişin
Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən münasibət öyrənməyə
cəhd göstərsək də, mərkəzdən hamının iclasda olduğunu dedilər.
Qeyd edək ki, avtobus sürücüləri
bildirirlər ki, bu sistemə nəzarət mexanizmi heç yerdə yoxdur.
İntervalı sürücülər özləri müəyyən edirlər. Hər halda aydındır ki,
həqiqətən də bu sistemə nəzarət edən heç kim yoxdur, əgər belə
olmasaydı, mərkəzdən suallarımızı cavablandıran biriləri
çıxardı.