Nəqliyyat Nazirliyinin marşrut avtobuslarının yolunu
dəyişməsi gözlənildiyi kimi problem yaradıb.
Bu barədə Axar.az-a daimi istiqaməti dəyişən 95 nömrəli xətt
üzrə hərəkət edən marşrut avtobuslarının sürücüləri
bildiriblər.
Belə ki, yeni müəyyən edilmiş xətt üzrə hərəkət edən marşrutlara
indi də nəqliyyat müfəttişləri problem yaradır. 95 nömrəli xətt
üzrə hərəkət edən marşrutun sürücüləri qeyd edir ki, qərardan sonra
onlar ancaq günün ikinci yarısına kimi yeni xətt üzrə hərəkət
ediblər. Buna səbəb isə anidən qərarın dəyişdirilməsi olub.
Adəti üzrə Nizami metro-stansiyasından Əhmədli stansiyasına
qədər hərəkət edən 95 nömrəli marşrut dünən günorta 3-ə qədər Xətai
metro-stansiyasına qədər işləyib. Qaydanı Nəqliyyat Nazirliyinin
müəyyən etməsinə baxmayaraq, yeni istiqamət üzrə hərəkət edən
sürücüləri nəqliyyat müfəttişləri cərimələyir.
"Dünən sübh tezdən yeni müəyyən edilmiş xətt üzrə hərəkət etdik.
Əvvəlki kimi Əhmədliyə yox, Xətaiyə kimi gedirdik. Müəyyən edilmiş
yeni yoldan istifadə edəndə də nəqliyyat müfəttişləri cərimələyir.
Günorta 3-dən sonra tapşırıq gəldi ki, həmişəki yolla gedib-gələk.
İndi gah belə deyirlər, gah elə. Bu nə bizə sərf edir, nə də
sərnişinlərə. Yayın istisində gündə bir hoqqa çıxarıb camaatın
əsəbləri ilə oynayırlar".
Tətbiq edilmiş yeni qərarın dəyişməsi və üstəlik nəqliyyat
müfəttişlərinin sürücüləri cərimələməsi bir çox problem yaradıb.
Hazırda demək olar ki, dünən günortadan etibarən Xətai
metro-stansiyasına marşrut işləməyib.
Sürücülərin sözlərinə görə, nəqliyyat müfəttişlərinin onları
haqsız yerə cərimələdiyi üçün polislə mübahisə yaranıb. Sürücülər
qeyd edir ki, nəqliyyat müfəttişlərinin bu hərəkəti polislərlə
aralarında davaya da səbəb olub.
"Transgeyt" şirkətindən isə Axar.az-a bildirdilər ki,
istiqamətini dəyişən marşrutların hansı alternativ yollardan
istifadəsi ilə bağlı müzakirələr gedir:
"Nəqliyyat Nazirliyi ilə şirkətlər arasında müzakirələr
getdikdən sonra bunu bizə təqdim edirlər. Bundan sonra hansı
marşrutların istiqamətini dəyişməsi ilə bağlı məlumat
veriləcək".
Qeyd edək ki, iki gündür Nəqliyyat Nazirliyi 20-dən artıq
marşrut avtobusunun yolunu dəyişib. Artıq bir çox marşrut yeni xətt
üzrə hərəkət edir. Lakin nazirlik bununla bağlı ictimaiyyəti
məlumatlandırmayıb.