Azərbaycan Dillər
Universitetində aşkarlanmış qanunsuzluqlarla bağlı başlanan cinayət
işinin istintaqı yekunlaşıb.
Bu barədə APA-ya iş üzrə təqsirləndirilən universitetin
prorektoru Elsevər Həmidzadənin vəkili Adəm Məmmədov məlumat
verib.
Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən universitetdə
aparılan yoxlamalar zamanı aşkarlanmış maliyyə pozuntusu faktları
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində
araşdırılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E. Həmidzadə
və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində
istintaqa cəlb edilib. Mənimsənilən vəsait ödənildiyi üçün
təqsirləndirilən şəxslər barəsində həbs qərarı çıxarılmayıb.
Vəkil deyib ki, 92 cildən ibarət cinayət işinin materialları
yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il
sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son
kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Dillər Universitetinə
ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə
olunması üzrə auditin nəticələri müzakirə olunub.
Universitetin məsul şəxsləri tərəfindən vəzifə
səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə
pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə
hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu
nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə
materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli
Məclisə məlumat verilməsi qərara alınıb.
Həmin il sentyabrın 24-də Azərbaycan Respublikası Baş
Prokurorluğu da bununla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Dillər Universitetinin
2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan
büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması
vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş
materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsində araşdırılıb.
Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən
təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq
saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə,
vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə
universitetin bir sıra əməkdaşlarına normadan artıq iş
tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil
müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək
haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli
miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə
talanıb.
Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı
altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə
cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli
miqdarda dövlət vəsaiti mənimsənilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya
israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və
313-cü (vəzifə saxtakarlığı)maddələri ilə cinayət işi başlanıb.