Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
verdiyi tövsiyələrdən irəli gələrək Azərbaycanın informasiya
təhlükəsizliyi ilə bağlı "dəyirmi masa" keçirilib.
Tədbirdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət
Babaoğlu, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil"
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Gündəlik Teleqraf" Media
Holdinqinin rəhbəri Aynur Camalqızı, "Trend" İnformasiya
Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov,
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, "Tərxis Olunmuş
Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin
Həsənli və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" qəzetinin baş
redaktoru H.Babaoğlu bu ilin avqust ayının 29-da Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə
məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri
rəhbərlərinin müşavirəsinin əhəmiyyətindən danışıb.
O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
müşavirədə informasiya təhlükəsizliyi ilə bağlı geniş məruzə ilə
çıxış etdiyini diqqətə çatdırıb.
Baş redaktor cəbhədə yaranan gərginlik zamanı ölkədə fəaliyyət
göstərən bəzi media orqanlarının yalan informasiyalar, hərbi və
dövlət sirlərini yaydıqlarını, düşmən tərəfinin əks-kəşfiyyat
orqanlarının bu məlumatdan istifadə etdiyini vurğulayıb:
"Bütün media orqanları bu məsələyə həssas yanaşmalıdır.
Cəbhədəki son gərginliklər göstərdi ki, Azərbaycanda media
orqanları ekstremal vəziyyətdə işləməyi bacarmırlar. Cəbhədəki
gərginlik zamanı yalan informasiyalar, hərbi və dövlət sirlərini
yayımlayan media orqanları düşmənin "dəyirmanına su tökdülər". Belə
hallara yol verən KİV-lər hüquqi məsuliyyət daşıyır".
"Gündəlik Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camalqızı
cəbhədəki gərginlik zamanı media orqanlarının işinin ölkənin
informasiya təhlükəsizliyinə zərbə vurduğunu, bu hadisənin KİV-in
ekstremal vəziyyətdə işləməyə hazır olmadığını göstərdiyini
bildirib:
"Yalan informasiyalar həm qeyri-peşəkarlıqdan, həm də qəsdən
yayıla bilər. Belə hallar çox ciddi mütəxəssis çatışmazlığından
irəli gəlir. Bu sahəyə önəm verilməlidir. Peşəkar jurnalistlərin
vəsiqələri xüsusi vasitələrlə fərqlənməlidir. KİV haqqında qanunda
mütləq əlavə və dəyişikliklər olmalıdır".
A.Camalqızının fikrincə, həqiqəti əks etdirməyən
informasiyaların daha çox yayılması bəzi elektron KİV-lərin "İP"
yarışı ilə əlaqədardır:
"Bəzi elektron media orqanları reytinq xatirinə yalan
informasiyalar, hərbi və dövlət sirlərini yayırlar. Avropa və
Rusiya ölkələrinin peşəkar elektron media orqanlarının heç birində
saytda reytinq göstəricisi olan "İP" sayı qoyulmur. Oxucu üçün
saytı oxuyanların sayı yox, oxuyacağı məlumat maraqlıdır. Reytinq
yalnız reklam vermək istəyənlərə lazımdır ki, bunu da onlara təqdim
etmək mümkündür. Mən rəhbərlik etdiyim media orqanlarında bu üsulu
tətbiq edəcəyəm və bunu digər həmkarlarıma da təklif edirəm. Digər
problem isə saytların başqalarının xəbərini istinadlı və ya
istinadsız yayaraq reytinq qazanmasıdır. Dünya təcrübəsində belə
hallarda mütləq xəbərin götürüldüyü yerin "link"i qoyulur".
Müzakirə olunan mövzunun aktual olduğunu bildirən "İki Sahil"
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sözügedən məsələlərə nəinki
media orqanlarının, eyni zamanda, hər bir azərbaycanlının diqqət
yetirməli olduğunu bildirib:
"Bu gün müzakirə olunan mövzu strateji əhəmiyyət daşıyır.
Azərbaycan elektron KİV-lərin sayına görə lider ölkələrdəndir.
Ancaq elə saytlar yaradılır və fəaliyyət göstərir ki, bunlar
ölkənin informasiya təhlükəsizliyi üçün böyük təhlükə törədir. Ordu
ilə bağlı sirlərin yayılması bütün ölkə üçün təhlükədir. KİV
haqqında qanunda elektron media orqanlarının işini tənzimləyən
maddələr olmalı, buna görə də qanuna əlavə və dəyişikliklər
edilməlidir".
Baş redaktor Azərbaycanda KİV-lərə dövlət tərəfindən böyük
diqqət və qayğı göstərildiyini, bəzi media orqanlarının isə bundan
sui-istifadə etdiyini qeyd edib:
"Hərbi və dövlət sirrini yayan media orqanları ölkəyə düşməndən
də çox ziyan vururlar. Belə media orqanlarına qarşı ictimai qınaq
olmalıdır. Bütün hallarda KİV-lər Vətənə, millətə və dövlətçiliyə
xidmət etməlidirlər".
"Səs" Media Qrupunun rəhbəri B.Quliyev bu mövzunun bütün media
orqanlarının redaksiyalarında müzakirəyə çıxarılmalı olduğunu
bildirib.
O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
müxtəlif dövrlərdə Azərbaycan mətbuatı ilə bağlı tənqidi
məqalələrlə çıxış etdiyini, bu məqalələrin mövcud problemlərin
həllinə müsbət təsir göstərdiyini qeyd edib:
"Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev
2010-cu ildə "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr"
adlı məqalə yazdı. Bu məqalədən sonra telekanallarda bayağı
verilişlərin sayı azaldı və bu da müəyyən irəliləyişlərin baş
verməsinə səbəb oldu".
B.Quliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur
bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin
müşavirəsindəki geniş məruzəsinin media orqanlarının müharibə
zamanı fəaliyyəti üçün zəruri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, KİV-ə diqqət və qayğı Azərbaycanda dövlət
siyasətinin ən aparıcı sahələrindəndir: "1998-ci ildə mediada
senzuranın ləğv olunması KİV-də sərbəstlik yaratdı. Ölkəmizdə
internetdən istifadə tam azaddır və sosial şəbəkələrdə vətəndaş
jurnalistikası yaranıb. Ancaq bəzi media orqanları demokratiya
pərdəsi altında reketliklə məşğul olur, sosial şəbəkələrdə
insanların yazdıqları heç bir əsası olmayan fərziyyələri, hərbi və
dövlət sirlərini yayımlayırlar. Düşmən isə Azərbaycan mətbuatından
bu sirləri asanlıqla əldə edir. Müxalifət mətbuatı dövlətçiliyə,
xalqa qarşı olmaq demək deyil. Təəssüf ki, bəzi media orqanları
dövlətçiliyə, xalqa qarşı müxalifətçilik edirlər".
Baş redaktor qeyd edib ki, qanunlar kifayət qədər süzgəcdən
keçsə də, elektron media haqqında əlavə və dəyişikliklərin olması
lazımdır.
"Trend" İnformasiya Agentliyinin beynəlxalq əməkdaşlıq üzrə
direktoru Emin Hüseynov ötəl il ərzində 300-350 saytın
yaradıldığını qeyd edib.
O, belə saytların peşəkarlıq səviyyəsinin aşağı olduğunu,
onların yaydığı yalan informasiyalardan isə Azərbaycan xalqının
ziyan gördüyünü bildirib:
"KİV haqqında qanuna əlavə və dəyişiklik olsa, bu, xəbər
saytlarının sayına da təsir edəcək. Müharibə şəraitində olan digər
ölkələrin media orqanlarının təcrübəsini öyrənmək də
əhəmiyyətlidir".
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı yalan
informasiyalar, hərbi və dövlət sirlərini yayan saytlara qarşı
ictimai qınaq olmasının vacibliyini vurğulayıb.
O, belə saytların fəaliyyəti ilə bağlı maliyyə orqanlarının
araşdırma aparmasını zəruri hesab edib.
Baş redaktorun sözlərinə görə, Azərbaycan KİV-də Dağlıq
Qarabağla bağlı yazılar daha da artırılmalıdır.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai
Birliyinin sədri Emin Həsənli isə bildirib ki, ölkənin informasiya
təhlükəsizliyi döyüş hazırlığı qədər önəmlidir:
"Yayılan yalan informasiyalar əsgər valideynlərinə də son dərəcə
pis təsir edir. Bu istiqamətdə müəyyən işlər aparmaq lazımdır.
Cəbhə bölgəsinin əhalisi maarifləndirilməlidir ki, onlar hərbi
texnikaları və yerlərinin şəkillərini çəkib sosial şəbəkələrdə
paylaşmasınlar. Müdafiə Nazirliyi, digər güc strukturları və
Mətbuat Şurası birlikdə bu məlumatları diqqətdə saxlamalıdır.
Amerikanın təcrübəsinə görə, ehtiyatda olan 40-45 yaşlı
zabitlərə kurs keçib, maaşla təmin edərək hərbi jurnalistikaya cəlb
etmək, eyni zamanda Bakı Dövlət Universitetinin 3-4 cü kurs
tələbələrindən bir neçəsini Müdafiə Nazirliyinin məktəbində bu
istiqamətdə yetişdirmək olar.
Beynəlxalq xəbər agentliklərində yayımlanan yanlış məlumatlara
görə onlarla daimi olaraq məktub və digər vasitələrlə əlaqə
saxlamalıyıq. Hərbi və dövlət sirrini yayan media orqanlarına qarşı
ən ağır cəzalar tətbiq olunmalıdır".
Daha sonra tədbir müzakirələrlə davam etdirilib.