Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı "Azadlıq" radiosuna müsahibə verib. Həmin müsahibəni
təqdim edirik:
- Mübariz müəllim, komitə rəhbəri kimi ölkədə dini durumu
necə dəyərləndirirsiniz? Ölkədə bu sahədə hansı problemlər var?
Yaxın müddətdə hökumətə bu problemlərlə bağlı hansısa təklifləriniz
olacaqmı?
- Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizdə
həyata keçirilən sosial-iqtisadi siyasət, maliyyə sabitliyi,
iqtisadi sabitlik bütövlükdə mənəvi-psixoloji sabitlik yaradıb.
Hesab edirəm ki, din sahəsində də sabitlik var. Əlbəttə, bununla
yanaşı qeyd etmək yerinə düşər ki, bəzi xarici dairələrin təsiri
ilə ölkəmizdə din sahəsinə müdaxilə etmək istəyən qruplar var.
Ancaq bizim ölkəmizdə xalqımızın keçdiyi tarixi yol, dini-mənəvi
dəyərlərimiz, prezident İlham Əliyevin uğurlu daxili və xarici
siyasət ölkəmizin müxtəlif sahələrdə təhlükəsizliyini təmin edib. O
cümlədən din vasitəsilə bizim ölkəmizə müdaxilə cəhdlərinin qarşısı
alınıb və bundan sonra da alınacaq. Bizim xalqımız hansısa dini
qrupların, qeyri-islami qrupların təsiri altına düşməyəcək.
- Dediniz ki, Azərbaycana hansısa xarici dairələrdən
dini təsirlərə cəhdlər olub. Bilmək olarmı, hansı xarici
dairələrdir, onların arxasında duran hansı
qüvvələrdir?
- Mən xarici dairələr dedikdə xarici dövlətləri nəzərdə
tutmuram. Azərbaycanın bütün ölkələrlə normal ikitərəfli münasibəti
var, Ermənistan istisna olmaqla. Xarici dairələr dedikdə onları bir
neçə qrupa bölə bilərik. Bir xarici dairə var ki, demokratiya
pərdəsi altında müxtəlif ölkələrə təzyiq etmək istəyirlər. İkinci
qrup dindən bir vasitə kimi istifadə etməklə müəyyən ərazilərə
girməyə cəhd edirlər. Bu cür qrupları Yaxın Şərqdə müşahidə edirik.
Dindən pərdə kimi istifadə edib terror əməliyyatları həyata
keçirirlər. O qrupların bəzilərinin Qərbdəki mərkəzlərlə bağlı
olduğu, geopolitik maraq naminə böyük dövlətlərin himayəsi altında
fəaliyyət göstərdiyi aşkara çıxır. Əlbəttə, bu cür qruplar
Azərbaycana da müdaxilə etmək, burda özünə yer tapmaq və ya
Azərbaycan ərazilərindən başqa ölkəyə yol tapmaq niyyətindədir.
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizin
sosial-iqtisadi çətinliklərindən istifadə edərək ərazimizə girib
burada möhkəmlənməyə də cəhd ediblər. Amma Azərbaycan güclüdür. Ona
görə də Azərbaycan hansısa xırda qrupların missionerlik mərkəzi və
ya məkanı deyil.
- Amma konkret ad çəkmədiniz...
- Bu gün qeyri-islami qruplar, cərəyanlar hansıdır? Vəhhabilər
deyirlər bunlara, nurçular, dəvətçilər, süleymançılar... Müxtəlif
ad altında fəaliyyət göstərirlər. Onlar hamısı terrorçu deyil,
maarifləndirmə aparanlar da var.
- Mübariz müəllim, yeri gəlmişkən, son zamanlar mətbuat
nurçulardan çox yazır. Onların həbsindən, sıxışdırılmasından, işdən
çıxarılmasından. Hətta yüksək çinli məmurların Elnur Aslanovun,
Elşad İsgəndərovun adı çəkilir. Bu məsələyə aydınlıq gətirərdiniz
komitə rəhbəri kimi.
- Elmi-nəzəri, siyasi mövzularda sizinlə istənilən qədər danışa
bilərəm. Dedi-qodu xarakterli suallara cavab vermirəm.
- Yəni necə hesab edirsiniz: nurçular bu gün
Azərbaycanda real təhlükə sayıla bilərmi?
- Azərbaycan üçün, müstəqilliyimiz üçün ciddi təhlükə törədəcək
kənar və ya daxili qüvvə görmürəm.
- Son günlər sizin təşəbbüsünüzlə yas mərasimləri ilə
bağlı müzakirələr açılıb. Kimi hesab edir ki, yaslarda doğrudan da
israfçılıq var və dövlət də bu məsələni tənzimləməlidir, kimi də
düşünür ki, bu özəl həyata müdaxilədir. Yəqin sizə də məlumatlar
gəlir, yerlərdə bəzən yas mərasimlərinə sərt müdaxilələr olur, yas
mərasimləri dağıdılır. Bu yöndə konkret qərarlar, rəsmi göstəriş
ola bilərmi?
- Birincisi, mütəxəssislər deyir ki, bunun adını "yas" yox,
"dəfn mərasimi" qoyaq. Mövqeyimiz budur ki, konsensus nəticəsində
yeniliklər irəli sürək. Söhbət nədən gedir. Quranda birbaşa
göstəriş yoxdur ki, dəfndən sonra yemək olsun. O ki qaldı dəfnlə
bağlı, o da aydın göstərilib. Həmin mərasim 3 gündən artıq
çəkməməlidir, bununla bağlı hədis də var.
Bu gün xalqın böyük əksəriyyəti dəfn mərasimlərinin
sadələşdirilməsini istəyir, müzakirələr, mətbuatdakı yazılar da
bunu göstərir. Biz də deyirik ki, yas mərasimləri 3 gündən artıq
davam etməsin. Ən böyük borc dəfndə iştirak etmək, haqqını halal
etməklə işini bitirməkdir. Bəzən cənazəyə qatılmayan adam yemək
yeyir, "başın sağ olsun" deyib gedir. Bu, borc deyil. Bir insanı
minlərlə adam tanıya bilər. O demək deyil ki, onların hamısı
yüzlərlə kilometr məsafə qət edib mərasimə getməlidir. Siz qəzetdə,
telefonla, sosial şəbəkədə başsağlığı verə bilərsiniz. Ölkəmizdəki
pravoslavları, katolikləri, yəhudiləri də buna çağırırıq.
- Konkretləşdirək. Deməli, gələn qonaqların sayında və
vaxtla bağlı məhdudiyyət ola bilər? Dediniz 3 gündən artıq davam
etməsin...
- Heç kim qonaqların sayına məhdudiyyət qoymur. Dəfn mərasimi
qanunla tənzimlənmir. Əvvəllər qızları ərə verəndə "başlıq"
alınırdı, sonra bu öz-özünə aradan qalxdı. El mərasimləri qanunla
tənzimləmir. Amma dəfn mərasimlərinin ikinci hissəsi qanunla
tənzimlənəcək. Qəbiristanlıqlar, qəbir daşları, qəbirüstü abidələr,
dəfnin icrası və s. bağlı qanun layihəsi var və inşallah Milli
Məclisə təqdim ediləcək. Ancaq yas mərasimləri qanunla
tənzimlənmir. Biz sadəcə tövsiyə veririk.
- Dediniz adətlər qanunla tənzimlənmir. Amma sizin
çıxışınızdan sonra yerlərdə yas mərasimlərinə icra qurumlarının
kobud müdaxiləsi halları oldu.
- Biz araşdırdıq. Məlum oldu ki, bəzən kimlərsə axundun, imamın
tövsiyəsini qəbul edib, bəzən də qəbul etməyiblər. Kimsə çıxıb icra
nümayəndəsinə deyib ki, sən kimsən, biz sənin tövsiyəni qəbul
etmirik. Biz də tapşırmışıq ki, həmin adamlarla işiniz olmasın,
toxunmayın. Zaman öz sözünü deyəcək. Burda kobud müdaxilədən yox,
tövsiyədən söhbət gedir.
- Yeni qanun layihəsi haqda məlumat
verərdiniz.
- Payızda müzakirələr ediləcək layihədə dəqiq göstəriləcək:
məzarlıq necə olmalıdır, dəfn hansı saatda keçirilmədir, qəbir daşı
necə olmalıdır, onun ölçüləri necə olmalıdır... Yəni qəbiristanlığa
yenilik gətirilmir. Qəbir daşları bir-birindən fərqlənməyəcək
sadəcə. Biz qəbirüstü abidələri götürməyəcəyik, yəni indiyədək
qoyulanlar qalacaq.
Bir də millət qarşısında xidmətləri olanların qəbirüstü
abidələri qoyulmalıdır, bu normaldır. Bundan başqa, qanunda qəbir
yerləri, vəfat edənlərin ailələrinə vəsait verilməsi də əksini
tapacaq. Bizim başladığımız iş kampaniya deyil, məqsədyönlü
siyasətdir. Yozurlar ki, hökumət adamların bir yerə yığışmasını
istəmir. Avam-avam danışırlar. Nərimanov, Mirzə Cəlil sağ olsaydı,
bunları ələ salardı... Kimsə bu məsələni süvari qılıncla həll etmək
istəmir. Yas mərasimləri qadağan deyil, biz mərasim evlərinin
sayıının artmasını istəyirik, bələdiyyələrin mərasim evləri ola
bilər.
- Və sonda... Azərbaycandan İŞİD-ə qoşulanlar haqda
vaxtaşırı mətbuatda, sosial şəbəkələrdə məlumatlar gedir. Bunu
araşdırırsızmı?
- Bizim xüsusi xidmət orqanları bununla ciddi məşğul olurlar.
Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli
şöbələri bununla məşğuldur. Həmin şöbələr hüquq-mühafizə orqanı
deyil təbii ki. Bizim silahımız sözdür. Biz hansısa gəncin bir
qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik
söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din
söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. Onun
arxasında Qərbdəki bəzi mərkəzlər, geopolitik maraqlar, neft
mafiyası, bəzən də dövlətlərin maraqları dayanır, İŞİD İslama
zərbədir...
Azərbaycandan İŞİD-ə gedən də bilməzlikdən gedir, müəyyən
qrupların toruna düşüb və ya macəra axtarır. Saf ürəklə inanıb
gedirsə, o bilsin ki, bu, din məsələsi deyil. Bizim idmançımız 23
saniyədə erməninin kürəyini yerə vurub əsgəri salam verdi. Erməniyə
bundan böyük ideoloji şillə vurmaq olmazdı. Bizim idmançı çox böyük
hərəkət etdi. Mən çox ləzzət aldım bundan. Budur hərəkət. Yoxsa
hansısa ölkədə geopolitik mübarizənin qurbanına çevrilirsənsə, sən
dindən xəbərsizsən.
- İŞİD-ə qoşulmaq istəyənlərdən nə qədərini fikrindən
daşındırmısız? Belə statistika var?
- Bununla xüsusi xidmət orqanları ciddi, səmərəli məşğul olur.
Bizdə o dediyiniz statistika var, amma bu, mətbuata açıqlamaq üçün
deyil...