Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan
vətəndaşı tutulub.
Bu barədə APA-ya MTN-nin İctimai Əlaqələr Mərkəzindən daxil olan
məlumatda bildirilir. Məlumata
görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də
onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları
silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika
ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək
vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır
cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin
törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan Respublikasının
vətəndaşı-Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa
oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu,
Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev
Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq
Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu,
Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov
Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid
oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov
Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin
oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu,
Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və
Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində
saxlanılıblar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş
İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və
170.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Adları qeyd
edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin
qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Müəyyən edilmişdir ki, Firdovsi Yusifov və Taleh Soltanov
Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər.
Belə ki, Firdovsi Yusifov Pakistan İslam Respublikasının
ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində
iştirak etmək məqsədilə 2011-ci ilin ortalarında İran İslam
Respublikasına gedərək, qanunsuz yolla Pakistanın Vəziristan
vilayətinə keçmiş və orada "Təhriki Taliban" adlı qanunsuz silahlı
birləşmənin tabeliyindəki "Tayfatul Mansura" adlı silahlı dəstənin
"əmiri" təyin edilərək, həmin silahlı dəstənin tərkibində 2013-cü
ilin avqust ayınadək fəaliyyət göstərmişdir.
Həmçinin müəyyən edilmişdir ki, Taleh Soltanov da Pakistan İslam
Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin
fəaliyyətində iştirak etmək məqsədi ilə 2012-ci ilin sonlarında
Azərbaycandan İrana gedərək, oradan qeyri-leqal yolla Pakistana
keçmiş və "Təhriki Taliban" adlı qanunsuz silahlı birləşmənin
tabeliyindəki "Seyfullah" adlı digər silahlı dəstədə 2013-cü ilin
avqust ayınadək iştirak etmişdir. Taleh Soltanov Pakistana gedərkən
yeni ailə həyatı qurduğu arvadını, həmçinin qayınanasını da özü ilə
götürmüş və onları əvvəlcədən İrandan Pakistanın Vəziristan
ərazisinə göndərmişdir. Pakistanda Firdovsi Yusifov və Taleh
Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə
iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində
fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək
qərarına gəlmişlər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında
Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq mühafizə
orqanları tərəfindən yaxalanmış və 2014-cü il aprelin 24-də
Azərbaycan Respublikasına təhvil verilmişlər. Taleh Soltanovun
arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı
birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş
razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçirilmişlər.
İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı
olmuş və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi
ərazilərdə qalmışlar.
Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev,
Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan
Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin
Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir
Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan
Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və
Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək
Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələrin fəaliyyətində iştirak etmişlər.
Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi
yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb
etmişdir. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan
oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini
baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada
fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində
iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin
tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat
xərclərini ödəməklə Suriyaya göndərmişdir. 15 yaşlı Elvin
Dursunəliyev də 2013-cü ilin dekabr ayından 2014-cü ilin aprel
ayınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı birləşmənin fəaliyyətində iştirak etmişdir.
Elşən Qurbanlı qeyriləri ilə birlikdə Suriya Ərəb
Respublikasının və İraq Respublikasının ərazilərində qanunsuz
silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2014-cü
ilin may ayında Türkiyə Respublikasına, buradan isə "Əbu-Bəkr"
ləqəbli şəxsin vasitəsilə qanunsuz yolla Suriya Ərəb Respublikasına
getmişdir. Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan
respublikalarının qanunvericilikləri ilə nəzərdə tutulmayan
"İraq-Şam İslam Dövləti" – "İŞİD" adlı qanunsuz silahlı birləşmənin
özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz
silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər
keçmişdir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz
istəyilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab" ləqəbli
"əmir"in rəhbərlik etdiyi "Azəri camaatı" adlı qanunsuz silahlı
dəstənin tərkibinə daxil olmuşdur. Bundan sonra Elşən Qurbanlı və
digərləri "İŞİD" adlı qanunsuz silahlı birləşmənin tərkibində
2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri
ətrafındakı hərbi əməliyyatlarda iştirak etmişlər. Bu hərbi
əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum
planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv
olmuş, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər
yaraqlılarla birlikdə Suriya ərazisinə qayıtmışdır.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd
əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Məlumat üçün bir daha bildirilir ki, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya
qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı
maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz
etmə, terrorçuluq, yəni dövlət hakimiyyəti orqanları və ya
beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir
göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına
zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai
təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış,
yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür
hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan
Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini
ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində
Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı
münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə,
yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya
belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və
ya silahlı münaqişələrdə iştirak etmə hüquqazidd əməllərin
törədilməsinə görə qanunvericiliklə müəyyən edilmiş cəza müddətləri
artırılaraq 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına
məhkum etmə ilə cəzalandırılır.