Son günlər Votsap mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə, eyni zamanda, ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması haqda əsassız məlumatlar yayılır. Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhər baş ftiziatrı, tibb elmlər doktoru, professor Yavər Şıxəliyev açıqlama yayıb. O bildirib ki, ölkədə, o cümlədən Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir:
“Əhali arasında vərəm əleyhinə tədbirlər istiqamətində sanitar maarifləndirmə işləri yerinə yetirilir. Müəssisələrə vərəm əleyhinə tədbirlərə aid maarifləndirici plakatlar, bukletlər və s. paylanılır. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Əhalinin mütləq müayinə olunmalı olan qrupları; müəllimlər, bağça işçiləri, ictimai iaşə işçiləri və s. mütəmadi olaraq tibbi müayinədən, o cümlədən vərəm əleyhinə müayinədən keçirlər. Vərəm xəstələri vərəm əleyhinə keyfiyyətli dərmanlarla pulsuz şəkildə tam təmin olunurlar. Vərəm müəssisələrinin material-texniki bazalarının vəziyyəti və bu müəssisələrin bronx-ağciyər xəstəliklərinin diaqnostik imkanları yüksək səviyyədədir. Bu müəssisələrdə ən müasir rentgen-tomoqrafik aparatlarla müayinələr və vərəmin tez aşkarlanması üçün möhtəviyyatların molekulyar-genetik səviyyədə bakterioloji müayinələri aparılır”.
Baş ftiziatrın sözlərinə görə, 2017-ci ildə Bakı şəhərində vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır:
“Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələrində xəstəliyin yayılması barədə olan informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi, Yasamal və Nəsimi rayonlarında yüzminlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Bizim ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər”.
Qeyd edək ki, Votsapda xeyli sayda qida məhsullarının zərərli olması və onlarda vərəm çöpü aşkarlanması ilə bağlı qeyri-ciddi olduğu hiss edilən səsyazma yayılmışdı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də sözügedən səsyazmanın yalan və əsassız olması ilə bağlı əhaliyə müraciət ünvanlamışdı.