"Qatil mənəm, sizsə günahsız
bir şəxsi həbsə göndərirsiz" Bu gün Bakı Ağır Cinayətlər
Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü
Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il
təvəllüdlü Yusif Məhərrəmovun məhkəməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, ötən il avqustun 30-da Knyaz
Knyazlı Bakı sakini Ceyhun Məqsədovu bıçaqlayıb. Hadisə "Xətai"
metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan
Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra
ölüb. Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Knyaz
Knyazlı son söz deməkdən imtina edib. Daha sonra son söz deyən
Yusif Məhərrəmov bildirib ki, Knyaz Knyazlıya günahsız yerə qəsdən
adam öldürmə maddəsi ilə mühakimə edilir: "Cinayəti mən törətmişəm.
Amma mənə öldürmək barədə ittiham verilməyib. Belə olan halda
günahsız bir şəxs həbsə göndərilir. Mən isə cinayət törətdiyim
halda azadlığa buraxılıram. Qatil mənəm, cəzamı da çəkməyə hazıram.
Günahsız bir adamı həbsə göndərmək vicdandan deyil. Belə
ədalətsizlik olmaz. Cinayəti törədən azadlığa buraxılır, günahı
olmayan şəxsə 10 il cəza verilir. Mərhumun ailəsinə qan lazımdır?
Mən azadlığa çıxıram. Mənlikləri olsun, məndən övladlarının
qisasını alsınlar".
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına
yollanıblar. Bu zaman Knyaz Knyazlının babası məhkəmə zalında Yusif
Məhərrəmlinin qarşısında səcdə edib və ədalətli çıxış etməsinə
görə, ona təşəkkürünü bildirib. Knyaz Knyazlının babası bunları
deyib: "Yusif ədalətli danışır, haqqı deyir. Amma ona qulaq asan
yoxdur. Hərə öz bildiyini edir. Mənim nəvəm qatil deyil".
Bir neçə saatdan sonra məhkəmə zalına qayıdan hakimlər hökm elan
ediblər. Məhkəmənin hökmü ilə Knyaz Knyazlı 10 il müddətinə
azadlıqdan məhrum edilib. Yusif Məhərrəmli isə 1 il cəza alıb. Onun
həbsdə yatdığı günlə təyin olunan cəza hesablanaraq məhkəmə
zalından azadlığa buraxılıb.
Maraqlısı isə odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə azadlığa buraxılan Yusif Məhərrəmov məhkəmədən çıxan kimi
yenidən həbs edilib. Məlumata görə, Yusif Məhərrəmov Nəsimi rayon
Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata
görə, Yusif Məhərrəmovun başqa bir cinayət işində adı keçdiyi
bildirilir. Hazırda Yusif Məhərrəmov Nəsimi rayon Polis İdarəsinə
aparılır. Ona hansı ittihamın verildiyi açıqlanmır.