Baş Prokurorluq Zaqatala Dövlət Təbiət Qoruğunda baş
verən silahlı basqınla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə,
oktyabrın 3-də güllə yarası xəsarəti ilə naməlum kişi meyitinin
Balakən rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon Polis
Şöbəsinə məlumat daxil olub.
Məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin
əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə
və Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 8-ci
dolayısında yerləşən hadisə yerinə baxış keçirilib, maddi sübutlar
götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə
yetirilib.
Hadisə yerinə baxış keçirilərkən iki sahədə əkilib becərilmiş 67
ədəd narkotik xassəli çətənə bitkisinə oxşar bitkilər aşkar edilib.
Həmçinin həmin sahənin yaxınlığında qurudulmuş vəziyyətdə 10,5 kq
çəkidə narkotik xassəli bitkinin budaq və yarpaqları aşkar
olunub.
Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1
(qəsdən adam öldürmə), 234.2 (satış məqsədi ilə qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya
saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə,
yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
satma), 235.4.3 (həyat və ya sağlamlıq üçün təhlükəli olan zor
tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə narkotik
vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını
talama və ya hədə-qorxu ilə tələb etmə), 237.2.1 və 237.2.3-cü
(qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə
tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli
miqdarda bitkiləri kultivasiya etmə) maddələri ilə cinayət işi
başlanıb, müvafiq ekspertizalar təyin edilib, rayon Polis Şöbəsi və
rayon Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər
müəyyənləşdirilməklə istintaq qrupu yaradılıb.
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən
həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayət
hadisəsinin açılması təmin edilib.
İstintaq zamanı Balakən rayonu, Gərəkli kəndində yaşayan Tahir
Qarayev, Elnur Qarayev, Elçin Mamedov və Vaqif Omarovun qabaqcadan
əlbir olub, qrup halında 2014-cü ilin may ayının əvvəllərindən
başlayaraq Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 8-ci
dolayısında qanunsuz olaraq tərkibində narkotik maddələr olan
bitkilərə aqrotexniki qaydada qulluq edərək kultivasiya etməsində,
bu barədə məlumatları olan Balakən rayonunun Gərəkli kənd sakinləri
İntiqam Umarov və Məhəmməd Xizriyevin həmin narkotik vasitələri
oğurlamaq qərarına gələrək Mənsur Heydərzadə, Rəhman Təhməzov,
Sahil Quliyev, Əvəz Məmmədovun digərləri ilə birlikdə qabaqcadan
əlbir olan bir qrup təşkil etməklə oktyabrın 3-də saat 05
radələrində qeyd edilən sahəyə silahlı basqın edib, həmin sahədə
olan narkotik vasitələri talan etmələrində və basqın zamanı Sahil
Quliyevin Vaqif Omarova özü ilə gətirdiyi ov tüfəngi ilə atəş açıb
onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan T. Qarayev, E.
Qarayev, E. Mamedov, İ. Umarov, M. Xizriyev, Ə. Məmmədov, R.
Təhməzov, M. Heydərzadə və S. Quliyev şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb ediliblər.
Tahir Qarayev, Elnur Qarayev və Elçin Mamedov Cinayət
Məcəlləsinin 237.2.1 və 237.2.3-cü, İntiqam Umarov, Məhəmməd
Xizriyev, Əvəz Məmmədov və Rəhman Təhməzov 235.4.3-cü, Mənsur
Heydərzadə 32.3, 235.4.3-cü, Sahil Quliyev isə 120.1 və 235.4.3-cü
maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Hazırda cinayətin digər iştirakçılarının dairəsinin
müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq
və əməliyyat-axtarış tədbirləri davam etdirilir.