Ana səhifə Toplum |
Hazırda 600-dən artıq yeni qaz sayğacı dövlət yoxlamasından keçirilib. Həmin sayğacların qoşulması üçün aidiyyəti üzrə şöbələrə təqdim olunub ki, daxil olan müraciətlər əsasında quraşdırılacaq.
Bu sözləri Axar.az-a Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev bu ilin iyununda İB tərəfindən ölkəyə gətirilən Fransa istehsalı yeni qaz sayğaclarının quraşdırılması ilə bağlı danışarkən bildirib.
İ.Kərbalayevin sözlərinə görə, bir çox özəlliyi ilə hazırda istifadə edilən sayğaclardan seçilən yeni qaz sayğaclarının quraşdırılması kütləvi hal daşımır. Bu sayğaclar ancaq zərurət yarandığı halda quraşdırılacaq:
“Yeni qaz sayğaclarının tətbiqinə çoxdan başlanılıb. Artıq yoxlamalardan da keçirilib. İstismar müddəti başa çatmış bütün sayğacları sözügedən yeni sayğaclarla əvəz edirlər. Bundan başqa, əgər abunəçinin hazırda işlətdiyi sayğacda hər hansısa bir qüsur yaranarsa, yeni sayğac quraşdırılır.
Bu sayğacların kütləvi halda quraşdırılması ümumiyyətlə nəzərdə tutulmayıb. Çünki hazırda vətəndaşların istifadəsində olan əvvəlki smart tipli sayğaclar istifadəyə tam yararlıdır. İşlək və heç bir problemi olmayan sayğacların yeniləri ilə əvəzlənməsi gözlənilmir. Çünki buna ehtiyac da yoxdur. Əgər hansısa sayğacda problem yaranarsa və ya müəyyən edilərsə ki, artıq sayğac istismar müddətini başa vurub, o zaman yeni gətirilən sayğaclardan quraşdırılacaq”.
Qeyd edək ki, “Azəriqaz” iyun ayından ölkəyə Fransa istehsalı olan yeni qaz sayğacları gətirib.
Yeni qaz sayğaclarının çox sayda özəllikləri var. Belə ki, yükləmə üçün abonent kartı sayğaca salmaq məcburiyyətində deyil. Abonent kartı sayğaca yaxınlaşdırmaqla ödənişini daha rahat şəkildə edə bilir. Gecə vaxtı sayğacda yükləmə və ya hər hansısa iş aparmaq müəyyən çətinliklər törədirdi. İndi isə yeni sayğacda ekranda işıq sistemi yaradılıb ki, qaranlıq olduğu zaman sayğacın öz işığını yandırmaqla iş aparmaq olur.
Yeni sayğaclarda ən önəmli məqam isə telefon vasitəsilə də ödəniş edilmə imkanıdır. Bunun üçün abonent sadəcə telefonuna xüsusi proqram yükləməlidir.
Xüsusi e-mail vasitəsilə qeydiyyat alan abunəçi telefonu sayğaca yaxınlaşdırmaqla, ödəniş edə bilir.
Tarix
2018.11.27 / 16:33
|
Müəllif
Nigar İxtiyarqızı
|