"Proseslərdən sonra beş yüzə yaxın adam polisə çağırılıb, onlardan
pul alınıb"
İsmayıllı hadisələri ilə bağlı Şəki ağır cinayətlər məhkəməsində
keçirilən prosesdə ilk dəfə vəkillərdən birinin vəsatəti qəbul
edildi. Söhbət İsmayıllı rayon polis şöbəsinin rəisi Nizami
Qocayev, müavini Şöhrət Kərimov və hadisələr zamanı iştirak etmiş
iki jurnalistin prosesə dəvət edilməsindən gedir. Bu məsələni
məhkumların yaxınlarından bir çoxu razılıqla qarşılayıb.
Rayon ağsaqqallar birliyinin sədri Heybət Balayev deyir ki, bu
qərarı alqışlayır: "Nəhayət ki ölkə məhkəmələrinin tarixində nadir
rast gəlinən qərarlardan biri də qəbul olundu. Əgər ciddi şəkildə
araşdırılsa və iradə ortaya qoyulsa, baş verənlər cəmiyyətə güzgü
kimi görünəcək. Artıq hesab edirəm ki, bəziləri öz qazdığı quyuya
özü düşəcək".
Heybət Balayev deyir ki, onun özü də Şəki ağır cinayətlər
məhkəməsinə teleqram vuraraq, prosesdə iştirak etməsini istəyib:
"Biz nə vaxtdır bəyan edirik ki, günahsız insanlar məhbəsdə,
günahkarlar isə azadlıqdadır. Burada hadisələri sakitləşdirmək
istəyi olmayıb, məhz polis şərait yaradıb ki, olaylar məcrasından
çıxsın, böyüsün, xaos yaransın. Orada beyni qızmış, əsəbləri
gərilmiş cavanlar olub və qızışdırmalardan sonra moteli
yandırıblar. Sonra da polis onları həbs etməyə başladı.
Proseslərdən sonra beş yüzə yaxın adam polisə çağırılıb, onlardan
pul alınıb. Adam var ki, iki oğluna görə 5 min pulu alınıb".
Həbsdə olan Xəyal Şaranovun atası Sergey Şaranov: "Qərarı
alqışlayıram. Mən demirəm ki, konkret kimsə günahkardır. Qoy həmin
vaxtlarda hadisə yerində olan məmurlar, polislər, jurnalistlər
məhkəməyə dəvət edilsinlər. Yaxşıca araşdırsınlar görək bu nə idi,
kimlər bunu etdilər? Allah haqqı gedib-gələ bilmirik,
imkansızlıqdır. Xəyalın bir yaşı tamam olmamış övladı var.
Ailəmizin heç yerdən gəliri yoxdur. İndi özünüz təsəvvür edin də
necə durumdayıq?! Üstəlik məhkəməni də oyun-oyuncağa
çeviriblər".
Polis rəisi və müavininin məhkəməyə çağırılmasının vəziyyəti
dəyişməyəcəyini güman edənlər də var. Onlar düşünürlər ki, bu qərar
mərkəzi hakimiyyətlə razılaşdırılıb və bir jesti xatırladır. Sonda
məhkəmə yenə yuxarıdan gələn sifarişi əsas götürəcək.
Həbsdə olan Şakir Mustafayevin anası Əminə Mustafayeva da deyir ki,
axırıncı prosesdən sonra baş verənlər onda məhkəməyə qarşı
inamsızlıq yaradıb: "O üzdən heç nəyə inanmıram. Həmin prosesdə
Tofiq Yaqublu dedi ki, bu hadisələr məmur övladlarının qudurğanlığı
nəticəsində baş verib. Bu gün İsmayıllının mərd oğulları həbsdədir.
Həmin an dövlət ittihamını müdafiə edən iki nəfər prokuror onun
sözünü kəsdilər. Həmin an mən özümdən asılı olmayaraq yerimdən
dedim ki, bunu prezidentimiz dedi, niyə belə reaksiya verirsiniz?
İstəmirlər ki, məmurların övladları haqda nə isə ağır ifadələr
işlədilsin.
Bütün ittihamlar yalan, saxta, qurma şeylərdir. Yazıblar ki, Səftər
Ağamalıyevin rəhbərliyi ilə bu hadisələr həyata keçirilib. Onda
Səftər Ağamalıyev indi də İsmayıllı cavanlarına müraciət eləsin ki,
məhkəmənin binasını yandırın, yandıracaqlar? Bu sadəcə
həyasızlıqdır, biabırçılıqdır. Görün Azərbaycanın hüquq sistemini
kimlər idarə edir, insanlarımıza kimlər ittiham irəli
sürürlər?"
Həbs edilənlərin valideynlərinin ittihamlarını polis qəbul etmir.
DİN-in mətbuat xidməti bildirib ki, məhbusların valideynlərinin hər
hansı iddiaları varsa, bunu məhkəmədə bildirsinlər.
/azadliq.org/