Yuxarı

Təhsil kursları: şəraitsiz otaq, tozlu zal, savadsız müəllimlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə fəaliyyət göstərən tədris kurslarının fəaliyyəti ilə maraqlanan yoxdur. Heç kim nəzarət etmir ki, o kurslarda uşaqlara nə öyrədilir, o kurslara gedənlərə kimlər dərs deyir.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov ölkədə fəaliyyət göstərən tədris kursları barədə danışarkən deyib. Ekspert bildirib ki, tədris kurslarının fəaliyyəti Təhsil Nazirliyinə təəssüf ki, heç bir aidiyyəti yoxdur. Çünki bu kurslar qeydiyyatdan sahibkarklıq fəaliyyəti kimi keçir:

“Tədris kurslarına lisenziya verilmir. Lisenziya ancaq təhsil müəssisələrinə verilir. Çünki təhsil müəssisələri dövlətin təhsil standartlarına uyğun olaraq təhsil həyata keçirir və məzunlarına dövlət nümunəli sənəd verə bilən mərkəzlərdir. Oranı bitirdikdən sonra diplom, attestat da verilir.

Ancaq tədris-tədris-dil kursları, bir sözlə, “kölgə təhsili” kommersiya şirkətləridir. Onlar sadəcə Vergilər Nazirliyində qeydiyyatdan keçir və MMC şəklində fəaliyyət göstərirlər. Kurslar vergi verən orqandır. Nizamnamələrində də o göstərilir ki, onlar istənilən fəaliyyətlə məşğul ola bilərlər”.

E.Qafarov bildirib ki, bu gün istənilən şəxs qeydiyyatdan keçərək bu cür kurs aça bilər:

“Bu kursların necə təhsil-tədris verməsini yoxlayan yoxdur. Heç kəsə maraqlı deyil ki, o kurslarda uşaqlara nə öyrədilir. Heç araşdırılmır ki, orada işləyən müəllimlərin diplomu var, ya yox, ümumiyyətlə, təhsilləri alidirmi?

Yüzlərlə uşaq gedir o kurslara. Orada uşaqlarla hansı formada məşğul olurlar, uşaqları orada nə gözləyir, buna heç bir şəkildə nəzarət mexanizmi yoxdur.

İstənilən şəxs, hətta heç bir şəraiti olmayan bir otaq götürüb, 5-6 parta qoymaqla ASAN Xidmətdə qeydiyyatdan keçərək 3 gün ərzində sənəd alıb kurs işlədə bilər. Daha o müəllimələri haradan tapacaq, kimlər gələcək, otağın şəraiti necə olacaq, məlum deyil”.

Ekspert bildirib ki, belə kursların fəaliyyət göstərdiyi yerlərin şəraiti də Nazirlər Kabinetinin müəyyən etdiyi normalara cavab vermir:

“Bu kurslarda tədris prosesini təşkil etmək üçün Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 saylı qərarı var. Bu qərara əsasən təhsil müəssisələrində şagird normaları, sanitar-epidemik, gigiyenik qaydalar, otağın ölçüsü, forması, işıq düşmə forması, havalanması kimi vacib qaydalar göstərilib. Ancaq bu gün tədris müəssisələrinin bir çoxunda bu qaydaların hamısına əməl edilmir. Uşaqlar darısqal, tozlu, bəzən işıq düşməyən, havasız otaqlarda kurs keçirlər. Mən başa düşürəm ki, bu kurslar özəl müəssisədir, sahibkarlıqla məşğuldurlar və bu səbəbdən Təhsil Nazirliyi onlara qarışa bilməz. Ancaq sanitar normalara nəzarət edən qurumlar var axı, onlar nəzarət etməlidir bu kurslardakı vəziyyətə. Bu gün ölkə uşaqlarının yarıdan çoxu bu kurslara gedir, ancaq heç kəsi bu kursların vəziyyəti maraqlandırmır”.

Dünya təcrübəsindən danışan ekspert bildirib ki, Türkiyədə belə kurslar nəzarətsiz olduğu üçün birdəfəlik olaraq qapadılıb, Avropada isə kurslar Təhsil Nazirliyinə tabedir:

“Türkiyədə dərshanələr vardı. Məhz bu kimi özbaşınalıqlar səbəbindən hamısı qapadıldı. Əsas səbəb də o göstərildi ki, əgər məktəblər varsa, bu dərshanələr nəyə lazımdır? Ayrı-ayrı ölkələrdə isə tədris kursları fəaliyyət göstərir, ancaq sırf Təhsil Nazirliyinin razılığı əsasında, bütün sanitar-gigiyenik qaydalar gözlənilmək şərtilə. Həmçinin Avropada heç də hər yerdə tədris kursu açmaq mümkün deyil. Onlar nəzərə alır ki, bura təhsil almaq üçün uşaqlar gəlir və şərait də uşaqlar üçün əlverişli və uyğun olmalıdır.

Kursların vəziyyətindəki ən acınacaqlı durum isə müəllimlərin səviyyəsidir. Kurslarda dərs deyən müəllimlərin əksəriyyəti Müəllimlərin İşə Qəbulu üzrə İmtahandan kəsilənlərdir. Yəni konkret olaraq müəllim kimi işləməyə yetərli qabiliyyəti olmayan şəxslər kurslarda uşaqlarımıza dərs desin deyə, pul ödəyirik. Bu, olduqca absurd bir şeydir”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, belə kurslara əslində prosedur qaydalarında lisenziya verilməsi var. Buna baxmayaraq, Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə heç bir yoxlama olmadan fəaliyyət göstərmək mümkündür:

“Yəni “Lisenziyalar haqqında” qanunda nəzərdə tutulur ki, təhsil xidmətləri göstərən qurumlar bunun üçün lisenziya - fəaliyyət uyğunluğu haqqında şəhadətnamə almalıdır. Amma digər tərəfdən isə sadələşdirilmiş vergi ödəyicisi kimi və ya MMC kimi qeydiyyatdan keçməklə də heç bir lisenziya almadan istənilən təhsil xidmətlərini göstərmək mümkündür”.

Tarix
2019.10.07 / 13:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla