17 yaşlı piyadanı yolu keçərkən vurub qaçan sürücü
haqqında iki maddə ilə cinayət işi açılıb.
Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, Xətai rayon
Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən
həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri
nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını kobud şəkildə pozaraq piyadanın ölümünə səbəb olan və
hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücünün şəxsiyyətinin
"isti izlər"lə müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması təmin
edilib.
Belə ki, fevralın 10-da saat 17 radələrində rayonun Zığ
şosesində naməlum avtomobilin sürücüsünün yolu keçən piyada - Bərdə
rayon sakini, 1998-ci il təvəllüdlü Mehdiyev Ovcan Aqil oğlunu
vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən
hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq
şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat
hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri
nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "Opel" markalı
90-LO-571 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü -
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Quliyev Anar Nüsrət oğlu
tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o
tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.