Doğum günündə Ermənistan tərəfindən Qaradağlıdakı evləri
işğal olunan və atası şəhid olan Rəşaddan danışmaq
istəyirəm.
Qaradağlı faciəsini yaşadığımız gündən 23 il keçdi! – Bir igidin
ömrü qədər... Şəhidlərimizə Tanrıdan rəhmət diləyir və qanınız
yerdə qalmayacaq deyirik, əlbəttə. Əlbəttə, Qaradağlıya mütləq
qayıdacağıq!
Bu gün Qaradağlıdan yazacaqdım, amma ötən gün axşam qarşıma
gözlərinin dibinə çökmüş dəhşətli ağrını gördüyüm Rəşad Zeynalov
çıxmasaydı...
Türkiyədə Hazar Strateji İnstitutunun təşkilatçılığı ilə bu
qardaş ölkədə keçirilən "Ermənistanın işğalı altındakı Azərbaycan
torpaqları" mövzusunda, yəni Qarabağ mövzusunda qısametrajlı film
yarışmasının qaliblərinə ödüllərin təqdimat törənində 32 film
arasından ilk 4 yeri tutanlardan biri də o idi. 2-ci yerin qalibi
elan olunanda səhnəyə bir gənc oğlan çıxdı. Gözlərinin dibində
qəribə bir hüzn, kədər, acı vardı onun... Amma bunlarla yanaşı,
qəribə bir mübarizlik, cəsarət də oxunurdu gözlərindən, üzündən...
Və sözlərinə belə başladı Rəşad: "Millət vəkilimiz Qənirə Paşayeva
çıxışında Xocalıda, Qaradağlıda valideynlərini itirən uşaqlardan,
onların acılarından danışdı. O uşaqlardan biri də mənəm. Bu gün mən
Qaradağlı faciəsi ilə bağlı çəkdiyim filmlə bağlı ödül alıram. Nə
qəribə təsadüfdür ki, sabah Qaradağlının işğalından, o faciənin,
soyqırımın yaşandığı gündən 23 il keçir. Atamın şəhid olduğu gündən
də 23 il keçir... Amma ən acısı odur ki, sabah mənim doğulduğum
gündür. Mən 25 il əvvəl atamın öldüyü gün doğulmuşam. Mən
Qaradağlını itirdiyimiz gün doğulmuşam. Ona görə də heç bir zaman
doğum günümü qeyd etməmişəm. Belə bir gündə doğulduğum üçün hətta
çox əzab da çəkmişəm.
Kamala dolduqca düşündüm ki, əslində mənim atam ölməyib, o,
həmin gün mənim cismimdə yenidən doğulub. Mən heç zaman qeyd
etmədiyim doğum günümü Qaradağlını işğaldan azad etdiyimiz gün qeyd
edəcəm. Mənim doğum günüm o gündən başlayacaq!"
O, görmədiyi atasını, onun qəhrəmanlığını, yaşadığı acıları
xatırlatdı və içində bir an da olsun sönməyən Qaradağlıya qayıtmaq
arzusundan danışdı –inam dolu arzudan! Türkiyə toplumuna, dünyaya,
insanlığa səsləndi. O danışdı, biz ağladıq! Amma özü ağlamadı və
biz mütləq Qaradağlıya qayıdacağıq - dedi. Atasını şəhid verən,
ailəsi ilə köçkün həyatı yaşayan Rəşad həyatın bütün əziyyətlərinə
baxmayaraq, mücadilə edib, oxuyub, Türkiyəyə təhsil almağa gəlib,
özünün və yaxınlarının cüzi imkanları ilə qısametrajlı film çəkib
və "biz hamımız Qaradağlıya, bütün o gözəl torpaqlarımıza qayıtmaq
üçün daha da çox çalışmalıyıq" deyirdi...
1-ci yerin qalibini elan etmək üçün səhnəyə çıxanda əlini
sıxdım, bir-birimizin gözlərinə baxdıq və o sözsüz söhbətdə
sözlərin anlada bilməyəcəyindən daha çox şeylər danışdıq. Qalibi
elan etmk üçün mənə təqdim edilmiş mikrafonda söylədiklərimdən
sadəcə bunlar yadımdadır: "Sabah bizim üçün çox ağır bir gündür və
biz səni, ağrılarını, bu günə qədər doğum günü qeyd etməməyinin nə
demək olduğunu hiss edirik; sənin və bütün şəhid ailələrimizin
acısını paylaşırıq. Bununla belə, mən və hamımız səni bu gün,
fevralın 16-ı təbrik etmək istəyirık. Nə yaxşı ki, doğuldun!
Qaradağlını itirdiyimiz gün onun üçün canından belə keçməyə hazır
bir qaradağlılı, Vətəninə layiq gerçək bir oğul doğulub. Sən şəhid
atana layiq bir övladsan, Rəşad! Biz, burada olan hər kəs sənin
doğum gününü təbrik edərkən, onu da deyirik ki, sənin əsl doğum
gününü, özünün də dediyin kimi, Qaradağlını azad edəndə qeyd
edəcəyik!" - dedim.
Razılaşdıq Rəşadla. Bugün, Xocalı soyqırımı ilə bağlı
tədbirlərdən sonra Qaradağlını itirdiyimiz və Rəşadın doğulduğu,
heç zaman qeyd etmədiyi doğum günündə bir yerdə oturduq, söhbət
etdik. Qaradağlı ilə başladıq, Qarabağla bitirdik... O, doğulduğu
gündən evinə dönüş üçün mücadilələrə həsr edilmiş bir ömür payı
daşıyır... və bəlkə də, özünün dediyi kimi, şəhid atasının ruhu
onun cismi ilə yenidən doğulub. Onun doğurdan da gerçək doğum günü
doğum günü itirdiyi Qaradağlıya dönüş günü ola bilər!
25 yaşını bir daha təbrik edirik, əzizim Rəşad! Mən də sənə
sənin və hamımızın ən böyük arzusunu diləyirəm: Gələn ilki doğum
gününü, sənin əsl doğum gününü Qaradağlıda qeyd edək!