Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsmanın) Xocalı soyqırımının 23-cü ildönümü ilə
əlaqədar bəyanat verib.
Ombudsman Aparatının mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, bəyanatda deyilir ki, ikili standartlara yol
vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu
hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı,
səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi
tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq
edilməlidir: "Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş
etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin
layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa
çağırıram. Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı
qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli,
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və
girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş
hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı,
günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət
məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır".
E.Süleymanova bildirib ki, Ermənistanın Azərbaycana qarşı
işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq
hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının
kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı
soyqırımından 23 il ötür. Bu faciə erməni millətçilərinin və
onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam
edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli
nümunəsidir.
Ombudsman qeyd edib ki, genosid cinayətinin əlamətləri BMT Baş
Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi
ilə qəbul edilmiş, "Genosid cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilib: "Xocalı
soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan
düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi
şəkildə, məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı
olduğunu sübut edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı
adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil
edən bütün əməllər tətbiq olunub. Beynəlxalq hüquq normalarına
görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və
cəzalandırılması labüddür. Lakin təəssüf ki, Azərbaycanda dinc
əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə
baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq
aləmdə hələ də öz qiymətini almamış, bu hadisəni planlaşdıranlar,
təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli
cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir
görülməyib".
Ombudsman bəyan edir ki, Ermənistan tərəfindən işğal edilmiş
Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz
tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT
Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı
Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi,
AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən
işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr
tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416
saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal
nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün
vəziyyətinə düşərək əsas hüquq və azadlıqları kütləvi şəkildə
kobudcasına pozulub: "Soyqırımı törətmiş şəxslərin cəzalandırılması
labüddür. Konvensiyanın 5-ci və 6-cı maddələrinə əsasən, iştirakçı
dövlətlər soyqırımı cinayəti törətməkdə təqsirli olan şəxslərin
cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin
şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da
beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. 26 noyabr
1968-ci il tarixli "Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı
cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiya imkan verir ki,
törədilmə vaxtından asılı olmayaraq, soyqırımı cinayəti törətmiş
məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb
olunsunlar".
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına,
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına,
Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh
Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin
ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və
xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın
diaspor təşkilatlarına ünvanlanıb.