"Elite Travel" MMC-nin vəzifəli şəxslərinin qanunsuz
hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı
yekunlaşıb.
Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat
verilib.
İstintaq zamanı cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru
Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti
vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən istifadə
etməklə "Azər-Türk Bank" ASC ilə bağlanmış kredit müqaviləsi
əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin
320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət
qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə
razılıq olmadan "Elite Travel" MMC-nin adından bank kimi qanunsuz
fəaliyyət göstərərək kredit şəklində ayrı-ayrı Bakı və Sumqayıt
şəhər sakinlərinə vermələrində, eyni zamanda həmin şəxslərdən əsas
və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat
məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ
keçirmələrində, habelə Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini
"Azər-Türk Bank" ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət
hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında
şübhələr üçün əsaslar olduğundan Xaliq Sadıxov və Fariz Sadıxova
Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla
dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə
səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü
(vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1,
308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.