Bu gün çərşənbələrdən
ikincisi - od çərşənbəsidir. Od çərşənbəsi yazın gəlişini bir az da
yaxınlaşdıran, Novruz bayramına iki həftə vaxt qaldığını xəbərləyən
çərşənbədir.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə,
Addı çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların Günəşə,
oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün
tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün
çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəsi ilə bağlı
inanclardan biri də belədir ki, bu çərşənbədə ocağı boş qoymazlar,
hamı öz evində olmalıdır. Hətta bayram süfrəsində də odlu element –
bayram şamı qoymaq lazımdır. "Ocağınız sönməsin" deyimi də buradan
qaynaqlanır.
İnsanlarda belə bir inam yaranıb ki, əgər Günəşi, onun yerdəki
rəmzi odu əzizləsələr, təbiət tez isinər, yaz gələr, insanlara
ruzi-bərəkət, xoşbəxtlik gətirər. Bu səbəbdən də odu qorumaq üçün
xüsusi mərasimlər keçirər, onun şərəfinə nəğmələr oxuyarmışlar.
Qədim dövrlərdə od çərşənbəsində hündür bir təpənin üstündə tonqal
qalanar, insanlar həmin tonqalın dövrəsində rəqs edər, sonra hər
kəs öz məşəlini o tonqalda yandırıb, öz doğma ocağında od qalamaq
üçün tələsərmiş.
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od
çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od
komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür.
Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər
mövcud olub və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə
bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu
xan" oyunu, onunla bağlı mətnlər bu bayramın sırf türk
mifologiyasından qaynaqlandığını sübut edir.
Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də maraqlı
mifoloji görüşlərdəndir. Qədim türk inamına görə, odu insanlar ilk
olaraq ağac koğuşunun dibindən əldə ediblər. Odla bağlı türk-mifik
görüşləri müəyyən mənada atəşpərəstliklə birləşərək, Novruz
bayramının ritualları ilə qarışıb. Lakin diqqətlə baxıldıqda odun
Novruz bayramının mərasim sistemində oynadığı funksiyanın genetik
kökləri etibarilə yaradılışa gedib çıxdığının şahidi oluruq. Onun
nəsil və soyun qoruyucusu olması sistemi bunu daha bariz göstərir.
Atəş türk xalqlarında müqəddəsliyi qoruyan varlıqlardan biridir.
Atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. Atəş tanrısı
atəşi və ocağı qoruyur. Oda su tökülməz, ona pis söz deyilməz.
"Odu su ilə söndürmək olmaz", "Od çərşənbəsində ocağı boş
qoymazlar" kimi deyimlər də məhz od çərşənbəsi ilə bağlı
yaranıb.
Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan
ünsürləri birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə
tərzini özündə əks etdirir. Od çərşənbəsinin mərasimlər baxımından
digərləri ilə fərqlənmədiyini deyən AMEA Folklor İnstitutunun böyük
elmi işçisi Şakir Albalıyev səciyyəvi xüsusiyyətlərinin olduğunu
dedi:
"Folklorda bu mərasimlər arasında fərq qoyulmur. Bütün
çərşənbələr arasında bir əlaqə, oxşarlıq var. Lakin hər bir
çərşənbənin adına uyğun adətləri var. Su çərşənbəsində əsas
rituallar su ilə bağlıdırsa, ikinci çərşənbədə mərasimlərin əsasını
od təşkil edir. Od çərşənbəsinin əsas mərasimləri Günəşi simvolizə
edən odla bağlıdır. Bu çərşənbədə Günəşin çağrılması, "Qodu-qodu"
kimi mərasimlər keçirilir. Günəşin çağırılması həm də Novruzun
gəlişinə bir işarədir. Günəş yenidən dirilməni, həyatı, istiliyi,
hərarəti ifadə edir".
Qodu xan, qodu xan,
Söndürmə odu, xan.
At üstdə od gətir,
Özü al Qodu xan,
Sözü bal Qodu xan
Mərasim nəğmələrinin mahiyyəti də günəşin çağrılmasıdır.
Folklorşünasın sözlərinə görə, bu nəğmələrdə Qodu xan təkcə
Günəşi deyil, həm də yağışı simvolizə edir.
"Yazın, Novruzun gəlişi həm istiliyi, həm də yağışı ehtiva edir.
Bu zaman odla su arasında mübarizə gedir. Onlar düşmən deyil,
sadəcə mübahisə edir. Burada od günəşli günləri simvolizə edirsə,
su da mübahisələrə son qoymaq məqsədi daşıyır. Novruz çərşənbələri
də təbii həyat qanunlarına uyğunluğu əks etdirir. Nəticədə,
insanlar odu əzizləməklə onun könlünü alır. Bu da oda xoş gəlir,
nəticədə isti günlər başlayır".
Ş.Albalıyevin sözlərinə görə, çərşənbələrin ümumilikdə
birləşməsi həyatın başlanğıcını ifadə edir. Od isə suyun, torpağın,
havanın canlanmasına birbaşa təsir edir.
"Bu mənada od çərşənbəsi sıralamada birinci olmalıdır. Çünki
digər ünsürlərin həyat tapması üçün od çərşənbəsinin gəlməsi
vacibdir. Od buzu sındırır, həyat oyanır".
Çərşənbəniz mübarək!